ÜST “2023-cü il Dünya Malyariya Hesabatı”nı açıqlayıb. Hesabatda deyilir ki, uşaqlarda və hamilə qadınlarda malyariya xəstəliyinin qarşısının alınmasında irəliləyişlərə və dərmanlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində atılan addımlara baxmayaraq, daha çox insan malyariyaya yoluxur.
araz.az xarici mətbuata istinadən xəbər verir ki, 2022-ci ildə dünyada təxminən 249 milyon insan malyariyaya yoluxduğu qeyd olunub. Hesabatda isti dalğalar və daşqınlar kimi ekstremal hava hadisələrinin də ötürülmə və xəstəlik yükünə birbaşa təsir edə biləcəyi qeyd edilib. 2022-ci ildə Pakistanda baş verən daşqınlarınsa ölkədə malyariya hallarının 5 qat artmasına səbəb olduğu vurğulanıb.
COVİD-19 epidemiyasının da malyariya xidmətlərini əhəmiyyətli dərəcədə zəiflətdiyi vurğulanıb və pandemiya prosesinin həm xəstəliyə, həm də ölüm hallarının artmasına səbəb olduğu, həmçinin xəstəliyə qarşı mübarizəyə mənfi təsir göstərdiyi bildirilib. Ən böyük artımın Pakistan, Efiopiya, Nigeriya, Papua Yeni Qvineya və Uqandada olduğu qeyd edilib. Həmçinin ÜST malyariya riski olan uşaqlarda xəstəliyin qarşısını almaq üçün R21/Matrix-M adlı ikinci peyvəndi tövsiyə edib.
“Xəstəlik yükünün az olduğu bir çox ölkələrdə malyariya xəstəliyinin aradan qaldırılması istiqamətində irəliləyiş əldə olunub. 2022-ci ildə 34 ölkədə 1000-dən az malyariya yoluxması qeydə alınıb, halbuki 2000-ci ildə bu rəqəm 13 idi. Təkcə bu il Azərbaycan, Belize və Tacikistan ÜST tərəfindən malyariyadan arınmasına dair sertifikat alıblar”, – hesabatda deyilir.
Hesabatda malyariya ilə mübarizədə artan qaynaqlar, gücləndirilmiş siyasi qətiyyət, məlumatlara əsaslanan strategiyalar və yenilikçi vasitələrlə mühüm dönüş nöqtəsinə ehtiyac olduğu da bildirilib və bu mübarizədə iqlim dəyişikliyi təhlükəsinə biganə qalmamağa dair çağırışlar səsləndirilib.
ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus isə qeyd edib ki, dəyişən iqlim şəraiti xüsusilə həssas bölgələrdə malyariya ilə mübarizədə irəliləyiş üçün əhəmiyyətli risk yaradır:
“Qlobal istiləşmənin sürətini azaltmaq və təsirlərini yumşaltmaq üçün təcili tədbirlərlə yanaşı, davamlı və dayanıqlı antimalyariya müdaxilələrinə indi həmişəkindən daha çox ehtiyac var”.
araz.az xəbər portalı.