eli hesenovAzərbaycanda məcburi köçkünlər üçün tikilən mənzillərlə bağlı problemlər uzun illərdir ki, davam edir. Problemlərin bir qismi mənzillərin (qəsəbələrin, fərdi evlərin, çoxmənzilli binaların) tikintisi prosesi ilə bağlıdırsa, böyük bir qismi də tikilmiş mənzillərin bölgüsü sahəsindədir. Belə ki, məcburi köçkünlər üçün tikilən mənzillərin bölgüsü illər boyu maxinasiya mənbəyi olub.

Ölkə mətbuatında çətin durumda olduğu halda mənzillə təmin olunmayan yüzlərlə məcburi köçkünün şikayəti dərc edilib. Mətbuatda həmçinin reallıqda ehtiyacı olmadan mənzil əldə edən məcburi köçkünlərlə bağlı yetərincə faktlar açıqlanıb. Bir çox hallarda isə mənzillərin hətta məcburi köçkün olmayan şəxslərə verildiyinə dair konkret faktlar açıqlansa da, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq rəhbərliyi bunların heç birinə düzgün reaksiya verməyib: əksinə, məlumatı yayan mətbuat orqanları tənqid olunub, bir çox hallarda hətta araşdırma aparan jurnalistlərin qaçqınların kompakt yaşadığı yerlərə girişinə qadağa qoyulub.

Prezident seçkilərindən sonra komitənin rəhbərliyində baş verən dəyişiklik illərdən bəri bu sahədə yer alan nöqsanların gün işığına çıxmasına səbəb olub. Rövşən Rzayevin birbaşa nəzarəti altında indiyədək tikilmiş evlər üzrə araşdırmalar aparılıb, mənzil alan hər kəsin vəziyyəti analiz edilib. Məqsəd, əlbəttə, haqqı olmadan mənzil alanların aşkarlanması, sosial ədalətin bərpasıdır.

Nazirlər Kabinetinin bu ilin 9 ayının yekunlarına həsr olunmuş iclasında ölkə prezidentinin çıxışında səslənən fikirlər göstərir ki, məcburi köçkünlərin mənzil təminatı sahəsindəki bütün qanunsuzluqlar ətraflı şəkildə araşdırılır. Prezident qeyd edib ki, bu il Sumqayıt şəhərində, Kürdəxanı, Mehdiabad, Ramana, Masazır qəsəbələrində, Abşeron, Tərtər, Qaradağ rayonlarında məcburi köçkünlər üçün binalar, evlər tikilir və onların sərəncamına verilir. Doqquz ayda 2900 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunub.

İlin sonuna qədər əlavə 2800 ailə evlərlə, mənzillərlə təmin ediləcək. Beləliklə, bu il 5700 ailə – təxminən 25 min insan evlərlə, mənzillərlə təmin olunacaq: “Bax, bu, görülən işlərin nəticəsidir. Belə olan halda, ilin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatacaq. Bundan sonra da, gələn il də bu məqsədlər üçün kifayət qədər vəsait nəzərdə tutulacaq. Amma, eyni zamanda, biz bu sahədə də çox ciddi islahatlar aparmalıyıq, uçot aparılmalıdır, şəffaflıq təmin edilməlidir. Çünki əfsuslar olsun ki, bu gün belə deyil. Bəzi hallarda köçkün olmayan vətəndaş gedib yalandan öz adını yazdırır, sonra dövlətdən mənzil alır. Belə hallar var və köçkünlər xoşagəlməz hallarla üzləşirlər. Növbə ilə bağlı məsələlər var. Yəni ədalətsizliklər aradan qaldırılmalıdır və pozuntulara yol açan boşluqlar da bağlanmalıdır.

Növbədə dayanan, ən ağır vəziyyətdə yaşayan vətəndaş ilk növbədə mənzil almalıdır, belə göstəriş verilib. Mənzil ancaq köçkünə verilməlidir. Bəzi hallarda məlumat gəlir ki, köçkünlər üçün tikilmiş evlərdə başqa vətəndaşlar yaşayır. Bəzi hallarda biləndə ki, misal üçün, ev söküləcək, yeni evə köçürüləcəklər, yerli icra orqanları, digər qurumlar gedib oraya pul müqabilində köçkün olmayan adamların adlarını yazdırırlar. Bu, ən böyük vicdansızlıqdır. Köçkünlərin vəziyyətindən istifadə edib əsassız imtiyaz, gəlir əldə etmək ən böyük günahdır, vicdansızlıqdır. Bunu edənlərin vicdanı, imanı yoxdur. Ona görə, bunlara qarşı çox ciddi mübarizə aparılır və aparılacaq, onlar eşitsinlər. Burada çox ciddi şəffaflıq və uçot təmin edilməlidir və ediləcək”.

Göründüyü kimi, prezident məcburi köçkünlərin mənzil təminatı sahəsində hansı maxinasiyalara və kim tərəfindən yol verildiyinə dair ətraflı bilgilərə malikdir. Xüsusilə rayon icra hakimiyyəti başçılarının bu məsələdən şəxsi qazanc əldə etmək məqsədilə necə yararlandıqları, hansı sxemlərdən istifadə olunduğu artıq ölkə rəhbərliyinə məlumdur. Aprel seçkilərindən sonra məcburi köçkün, həmçinin köçkünlər üçün qəsəbələrin salındığı rayonların icra hakimiyyəti başçılarının dəyişdirilməsində, görünür, bu faktın da ciddi rolu olub.

Onu da qeyd edək ki, Dövlət Neft Fondu 2001-ci ildən başlayaraq qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə vəsait ayırır. Bu dövr ərzində Dövlət Neft Fondunun vəsaiti hesabına Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Sabirabad, Ağcabədi, Beyləqan, Qəbələ, Şəmkir, Ağstafa, İsmayıllı, İmişli, Göygöl, Bərdə, Oğuz, Şəki, Gədəbəy, Saatlı, Hacıqabul, Balakən, Qazax, Zaqatala,Tərtər rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Yevlax, Şirvan şəhərlərində, Mehdiabad, Ramanı, Müşviqabad, Masazır, Pirşağı, Fatmayı və Ümid qəsəbələri ərazisində qaçqın və məcburi köçkünlər üçün hündürmərtəbəli binaların, fərdi yaşayış evlərinin, sosial-mədəni, infrastruktur və digər obyektlərin tikintisi həyata keçirilib.

Qeyd olunan tədbirlərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, habelə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən təqdim edilmiş sifarişləri əsasında Dövlət Neft Fondu tərəfindən adı çəkilən qurumların dövlət xəzinədarlığındakı hesablarına köçürülür və sonra sifarişçi təşkilatlar tərəfindən podratçı təşkilatlara ödənilir.

Fonddan verilən məlumata görə, məcburi köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi tədbirləri ilə bağlı işlərin sifarişçisi kimi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu(MKSİF) çıxış edir: “Sifarişçi təşkilat layihələrin icrasına cari nəzarəti həyata keçirir, müvafiq tenderlərin keçirilməsini və digər müvafiq prosedurların aparılmasını təmin edir, yerlərdə açılmış ofisləri vasitəsilə işlərin icrasını təşkil edir və əlaqələndirir”.

2001-ci ildən 2018 1 iyul tarixinədək layihə üzrə tədbirlərin maliyyələşdirilməsi üçün fonddan ümumilikdə 2 milyard 187,2 milyon manat, o cümlədən 2018-ci ilin 1-ci yarımilliyi ərzində 84,5 milyon manat vəsait ayrılıb.

Baş nazirin müavini Əli Həsənovun komitəyə rəhbərlikdən uzaqlaşdırılması göstərir ki, ölkə rəhbərliyi milyardlarla manat dövlət vəsaitinin sərf olunduğu bir sahədəki problemlərin üstündən sükutla keçmək niyyətində deyil. Yuxarıda qeyd etdik ki, problemlər yalnız mənzillərin bölgüsü deyil, həm də tikintisi sahəsindədir. Yüz milyon manatlarla dəyərində tenderlər əksər hallarda qapalı keçirilib, layihələrin icrası komitənin və MKSİF-in rəhbərliyinə yaxın şirkətlərə həvalə olunub. Bir sıra jurnalist araşdırmalarında konkret faktlarla tikinti zamanı hansı fırıldaqlara əl atıldığı, mənzillərin, fərdi evlərin dəyərinin necə şişirdildiyi sübut olunsa da, Ə.Həsənov buna həmin jurnalistləri təqib etməklə cavab verib. Bir dəfə də olsun faktlarla bağlı araşdırmalar aparılıb ictimaiyyətə dəqiq məlumatlar açıqlanmayıb.

Proseslərin gedişi göstərir ki, dövlət rəhbərliyinin dəstəyini alan R.Rzayev məcburi köçkünlərin mənzil təminatı kimi milyardların dövr etdiyi bir sahədə yol verilmiş bütün qanunsuzluqların üzə çıxarılmasında qərarlıdır. Bu isə tezliklə bilavasitə tikinti prosesində tətbiq olunan korrupsiya mexanizminin aydınlığa çıxarılacağı və bu məsələdə iştirakı olan bütün tərəflərin məsuliyyətə cəlb olunacağından xəbər verir. Böyük ehtimalla, bu proses sabiq komitə sədrini də əhatəsinə alacaq. Hər halda, prezidentin çıxışı göstərir ki, əldə olunan məlumatlar birbaşa onun özünə çatdırılır. O isə heç kimin cəzadan yayına bilməyəcəyini açıq mətnlə ifadə edib…
“Yeni Müsavat”

araz.az xəbər portalı.