Çox ləzzətli və qeyri-adi dada malik meyvədir. Şirinliyinə və rənginə görə bu meyvəyə el arasında konfet və ya şokolad ağacı deyirlər. “Konfet”lər artıq yetişib. Bal kimi şipşirindir. Hər gün bizim uşaq bu ağacdakı meyvələrdən toplayıb sinif yoldaşları üçün aparır.
araz.az bildirir ki, bunu Xaçmazlı bağban Qurban Qəribov deyib.
Xaçmazlı bağban ölkəmizdə nadir rast gəlinən konfet ağacı becərir. Təsərrüfatçı 8 il əvvəl əkdiyi ağacdan artıq üç ildir “konfet” toplayır.
Bağban bildirir ki, konfet ağacı kimi tanınan “Şirin hoveniya”nın vətəni Yaponiya, Şərqi Çin, Koreya və Himalay ətrafı ərazilərdir.
“Noyabrın axırı-dekabrda ağac yarpaqlarını tökür, meyvələri şirinləşir. Mart ayına kimi “konfet”lər ağacda qalır. Şaxta, qar bu meyvəyə təsir etmir. Qaldıqca daha da şirinləşir. Çox şirin olsa da, istifadə edildikdə şəkəri, təzyiqi qaldırmır. Hələ bunun iyul ayında çiçəklərini görəsiniz. Bütün ağaclar meyvədə olan vaxt konfet ağacı çiçək açır. Çox gözəl görünüşü olur”, – deyə Qurban Qəribov söyləyir.
Konfet ağacı əsasən rütubətli, qumsal torpaqlarda bitir. Ağacın hündürlüyü 10-20 metrədək olur. Meyvələrinin tərkibində şəkərin miqdarı 20-25 faizə çatır. Şirin, ətirli meyvənin saplaqları yeməlidir və dadına görə turş kişmişə bənzəyir. Ona görə konfet ağacını “yapon kişmiş ağacı” da adlandırırlar. Qurudulmuş halda meyvə saplaqları kişmiş kimi istifadə edilə bilər.
Qurban Qəribov konfet ağacının becərilməsində gübrə və dərmanlardan istifadə etməyib. Təcrübəli bağban tələbatı nəzərə alaraq satış məqsədilə konfet ağacının tinglərini çoxaldıb.
İxtisasca aqronom olan Qurban kişi 25 ildən çoxdur dekorativ bitkilərə maraq göstərir. Xaçmaz rayonunun Armudpadar kənd sakini həyətyanı sahəsində müxtəlif növ çox dekorativ bitki, kol və ağac becərir.
araz.az xəbər portalı.