“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətmiş Dünyamin Xəlilov və Azad Cavadovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb.

Bildirilib ki, banka 17 milyon 765 min manat ziyan dəysə də, istintaq materiallarında bu məbləğ 6 milyon manat göstərilib.

Prokuror və hakim ittiham aktında zərərin 6 milyon 600 min manat olduğunu qeyd edib.

Mülki iddiaçının nümayəndəsi də çıxışında bank nümayəndəsi ilə fikrinin eyni olduğunu, banka dəymiş ziyanın həmin dövrün məzənnəsi ilə hesablanmalı olduğunu deyib: “Əgər belə hesablanarsa, banka dəymiş ziyanın 17 milyon manat olduğu sübuta yetəcək”.

Təqsirləndirlilən şəxslər – Dünyamin Xəlilov və Azad Cavadovun özlərini mənimsəmə ilə bağlı ittihamla razılaşmadıqlarını bildiriblər. Onların sözlərinə görə, o pullar necə götürüb və hara xərclənməsi barədə xəbərləri olmayıb: “Beynəlxalq Bankdan müxtəlif şəxslərin adına götürülən kreditlər müəyyən layihələrin həyata keçirilməsinə xərclənib. Həmin pullar bizim tərəfimizdən mənimsənilməyib və bu ittihamı qəbul etmirik “.

Dövlət ittihamçısı Eldar Həmzənin sözlərinə görə, ittiham tərəfi olaraq təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı müdafiə edib: “Əlimizdə təqsirləndirilənlərin müəyyən şəxslər adından Beynəlxalq Bankdan götürülən kreditlərin hər hansı bir layihəyə xərclənməsi ilə bağlı məlumat yoxdur. Ona görə də mənimsəmə faktının üstündə qalırıq”.

Məhkəmənin növbəti iclası dekabrın 18-nə təyin edilib.

Qeyd edək ki, istintaqla D.Xəlilov və A.Cavadovun 2001-2015-ci illər ərzində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sabiq rəhbər vəzifəli şəxsləri ilə birgə sabit cinayətkar qrup yaradaraq rəhbərlik etdikləri “General Construction” və “Bakı Fındıq Emalı Müəssisəsi” məhdud məsuliyyətli cəmiyyətlərinin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair bankın vəzifəli şəxsinin verdiyi qanunsuz göstərişləri icra edib həmin şəxsləri bankın müxtəlif filiallarına göndərməklə adlarına rəsmiləşdirilmiş ümumilikdə 6 milyon 642 min manatdan artıq məbləğdə pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham elan edilib, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkmələri nəzərə alınmaqla barələrində qətimkan tədbiri seçilmədən cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, D.Xəlilova qarşı iki məhkəmə hökmü qüvvədədir.

Milli Məclisin sabiq deputatı D.Xəlilov 2017-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək 13 il həbsə məhkum edilib.

Daha sonra 2019-cu ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, Dünyamin Xəlilov və digərlərinə hökm oxunub.

Bu iş üzrə Dünyamin Xəlilova 14 il 6 ay hökm elan olunub.

D.Xəlilov Bakıda tanınmış “Globus Plaza”nın sahibi olub. O, 2005-ci ildə Azərbaycan Beynəlxalq Bankının səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan Xəlilov hazırda həbsdə olan Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyevin qohumu və işçisi idi. Cahangir Hacıyevə məxsus “Şəki Bazarı” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət Xəlilov idarə edib.

araz.az xəbər portalı.