Azərbaycan televiziyalarında və radiolarında tez-tez aparıcıların əcnəbi sözlərdən istifadə etdiyinin şahidi oluruq. Aparıcılar bir sıra hallarda Azərbaycan ədəbi dilinin normalarına riayət etmirlər, məişət dilini efirə çıxarırlar, bəzən loru, bayağı nitq sərgiləyirlər. Efirə dəvət olunan xarici dilli qonaqlarla qanunvericiliyə zidd olaraq, xarici dildə danışmağa meyl edirlər. Digər tərəfdən, aparıcıların nitqlərində rus və türk dilinin təsiri çox hiss olunur. Ləhcə ilə danışan aparıcılara da rast gəlirik. 

Bütün bunların qarşısını necə almaq olar? Cərimə və xəbərdarlıq edilməklə məsələnin həlli mümkündürmü?

araz.az-ın xəbərinə görə, məsələ ilə bağlı  Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, burada cərimələmədən söhbət getmir.

Onun sözlərinə görə, söhbət bütövlükdə hazırlıq səviyyəsindən gedir:

“Televiziyalar məsuliyyət daşıyırlar ki, daha hazırlıqlı insanları cəlb etsinlər. Yəni aparıcı əgər dil qaydalarını bilmirsə və xarici dili tez-tez istifadə edirsə, təsadüf ola bilər, amma hər dəfə təkrar edirsə, deməli burada problem onunla bağlıdır. Cərimələməklə iş bitmir, daha çox peşəkarlaşmaya meyl etmək lazımdır. Əgər bunlar olarsa, məncə belə inzibati yolla məsələnin həllinə ehtiyac da qalmaz. Daha məsuliyyətli davranarlar və ekrana, efirə daha səviyyəli insanların çıxmasını təmin edərlər”.

araz.az xəbər portalı.