Qərbi Azərbaycan İcmasında Bakıda keçirilən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək:

Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfransın qonaqlarından olan İndoneziya Üləmalar Şurasının Xarici Əlaqələr Komissiyasının sədri səfir Bunyan Saptomo ilə İcma sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli arasında görüş keçirilib.

İcmadan araz.az-a  bildiriblər ki, konfransda iştirakı etdiyinə görə qonağa təşəkkür edən Əziz Ələkbərli bir daha tədbirin mövzusunu təşkil edən məsələlər barədə danışıb. Qeyd edib ki, ötən əsrdə dörd dəfə həyata keçirilən deportasiya Qərbi Azərbaycanlılar üçün ağır nəticələnib. Öz ata-baba yurdlarından didərgin salınan soydaşlarımızın bu gün əsas istəkləri sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmaqdır.

Səfir Saptamo sədrin sözləri ilə razılaşaraq insanların öz vətənlərindən zorla çıxarılmasının insanlıq əleyhinə cinayət olduğunu vurğulayıb.

 

araz.az xəbər portalı.