Qış fəsli başlamasa da, Rusiyada havalar çox soyuq keçir. Hazırda Moskva son 145 ilin ən dəhşətli qışını yaşayır. Qonşu ölkədə hava şəraitinin bu dərəcədə kəskinləşməsi bizi də narahat edir. Hər kəsin ağlında bir sual var: Şimalda hökm sürən hava şəraitinin bizə hansı təsirləri olacaq? 

araz.az bildirir ki,AMEA-nın Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bununla bağlı “Yeni Sabah”a danışıb:

Tanınmış alim məsələ ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib:

“Şimal buzlu okeanından həm rütubətli, həm də quru-kontinental hava kütlələri bizim regiona daxil olub. Düşünürəm ki, cənub küləyinin hakim olduğu isti havalardan sonra hava şəraitinin dəyişməsi qeyri-adi hal deyil. Ona görə də havanın soyuması insanları narahat etməməlidir. Bunlar labüddür. Bakı şəhəri iqlim cəhətdən dünyanın ən oynaq şəhəridir. Cənubdan, şimaldan qərbdən, şərqdən gələn bütün hava axınlarının məskəni Bakıdır. Bütün amilləri nəzərə alaraq bildirmək istəyirəm ki, Bakı şəhərində havanın necə olması ilə bağlı öncədən məlumat vermək doğru olmaz.

Qədim zamanlarda insanlar göy üzünə baxanda deyirdilər ki, sabah yağış yağacaq, ya da bir neçə gün sonra hava qarlı olacaq. Ancaq indi bu o qədər də real görünmür. Hətta bu il üçün ən sərt qış olacağı ilə bağlı xəbərlər də yayılmağa başlayıb. Mən bu haqda proqnoz verə bilmərəm. Ancaq bu haqda deyilənlərin çoxu yalandır. Rusiyada hakim olan soyuq hava axınlarının Azərbaycana təsiri gözləniləndir. Lakin daha dəqiq məlumatı sinoptiklər araşdırmalardan sonra bildirəcəklər. Çünki həmin axınların bizə hansı sürətlə gəldiyi, ölkə ərazisinə nə vaxt çatacağı hələ bilinmir”.

araz.az xəbər portalı.