Ibrahim-Mustafayev.jpg

Narazı sakinlər ölkə başçısına etiraz məktubu ünvanlayacaq

Ramiz Yediyarovun Gədəbəy rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən çıxarılmasından sonra, bu posta təyinat alan İbrahim Ənvər oğlu Mustafayev ilk kadr dəyişikliyinə birinci müavindən başlayıb. Digər bölgələrdəki kadr dəyişikliyi sakinlərin ürəyindən olsa da, Qüdrət Paşayevin işdən azad edilməsini ictimaiyyət normal qarşılamayıb.

araz.az-a etibarlı mənbədən daxil olan məlumatda bildirilir ki, narazı sakinlərin hətta bu barədə ölkə başçısına etiraz məktubu göndərəcəyi də gözlənilir: “Yeni başçı nədən belə etsin ki?! Axı, uzun zaman bu vəzifədə çalışan Qüdrət Paşayev xalqın adamı olub, daim narazı sakinlərin dərd-sərlərinə şərik çıxıb. Ondan şikayətçi də olmayıb. Azəbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi vəzifəsində çalışan, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən İbrahim Mustafayev bunu nəzərə almaması əhalini olduqca narahat edib. Əhali təkcə mərkəzi hakimiyyətdə deyil, kəndlərdə də ciddi kadr dəyişikliyi olacağını gözləyirdi. Söhbət harın məmurlardan gedir. Belə görünür ki, islahatlar vicdanlı kreslo sahiblərindən yan keçməyəcək. Yeni başçının kadr islahatlarında ilk addımı buna şübhə yaratmır. Prezident İlham Əliyev isə, dəfələrlə işini düzgün qurmayan məmurlara ciddi xəbərdarlıq edib.
Ramiz-Yedi.jpgBu rayonda qeyri-qanuni işləriylə, pis əməlləri ilə əhalini ölkə rəhbərliyindən narazı salan o qədər məmur var ki! Qüdrət Paşayev isə, belə kreslo sahibi olmayıb — “suyu üfürə-üfurə içəndir”. İstəməz ki, kimsə ondan narazı qalsın. Gədəbəydə doğulan, öz el-obasına bağlı, torpağını sevən bir insan, daim dövlətə və dövlətçiliyə xidmət edən elit bir nəslin nümayəndəsidir”, bunlar, narazı əhalinin etirazlarının əsas motividir.
Mənbəmiz onu da deyir ki, Qüdrət Paşayev həm də rayon təsərrüfatını yaxşı bilən kadrlardandır: Kadr islahatlarında söhbət harın məmurlardan gedirsə, nədən, bu, Gədəbəy kimi strateji əhəmiyyətli bir bölgədə olmasın?!
Mənbənin vurğuladığı vacib məqamlara, Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısının birinci
müavini vəzifəsində uzun zaman çalışan Qüdrət Məhəmməd oğlu Paşayevin rəsmi tərcümeyi-halı da şübhə yeri qoymur. Çünki YAP üzvü olan Qüdrət Paşayev, 15 iyun 1955-ci ildə Gədəbəy rayonunun Dəyəqarabulaq kəndində anadan olub. Orta məktəbi Gədəbəy qəsəbəsində bitirib. Bakı Dövlət Universitetinin məzunu olan Qüdrət Paşayev 1975-ci ildən müxtəlif məsul vəzifələrdə çalışıb. 1996-1997-ci illərdə Gədəbəy rayonu İcra Hakimiyyətinin sosial-iqtisadi inkişaf şöbəsinə iqtisadçı, 1997-1999-cu illərdə Gədəbəy rayonu İcra Hakimiyyətinin hüquq və müdafiə məsələləri ilə iş şöbəsində məsləhətçi, 2001-2005-ci illərdə Gədəbəy rayonu İcra Hakimiyyətinin təhsil, səhiyyə və mədəniyyət şöbəsində məsləhətçi vəzifəsində işləyib. 2005-ci ildə Gədəbəy rayonu İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini — şöbə müdiri vəzifəsinə təyinat alıb. 2006-cı ildən Gədəbəy rayonu İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Ailəli və bir övlad atası olan Qüdrət Paşayev 25 iyun 2011-ci il tarixdə «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif edilib. Haqqında ölkə mediasında və sosial şəbəkələrdə şikayət xarakterli yazılara da rast gəlinmir.
Müsbət xarakterli belə məlumatlar da, narazı əhalinin etirazına haqq qazandırır. Hamı yaxşı bilir ki, kadr islahatlarındakı belə hallara bölgələrdə təsadüfən rast gəlinir — hansısa məmurun işdən azad edilməsi təəssüf hissləri doğurmur. Görünür, Gədəbəydə startı yenicə verilən növbəti kadr islahatları sarıdan da, gədəbəylilərin bəxti gətirməyəcək…

Məhi ELSEVƏR,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.

araz.az xəbər portalı.