Tarixçi alim Pərvin Gözəlov da konfransda iştirak edib
10-12 oktyabr tarixində paytaxt Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsi olan ICDAD və DEMHIST-in Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları, Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələri “Dekorativ sənət və interyer” adlı konfrans keçirib. Tədbirdə 14 ölkədən –Azərbaycan, Türkiyə, Avstriya, Misir, Yaponiya, ABŞ, Hindistan, İtaliya, Portuqaliya, Çexiya, Almaniya, Gürcüstan, Livan və Niderlanddan 42 nümayəndə iştirak edib.Qeyd edək ki, beynəlxalq konfrans Azərbaycan Xalça Muzeyi, Azərbaycan Milli Muzeylər Komitəsi və Beynəlxalq Muzeylər Şurasının Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları, Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələrinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Bülbülün Memorial Muzeyi və “Az-Granata”nın dəstəyi ilə həyata keçirilib.
Konfransın açılışı 10 oktyabr tarixində Azərbaycan Xalça Muzeyində baş tutub. Açılış tədbirində Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Xalça Muzeyinin direktoru, Azərbaycan Milli Muzeylər Komitəsinin prezidenti Şirin Melikova, Beynəlxalq Muzeylər Şurasının prezidenti Suay Aksoy, Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları beynəlxalq komitəsinin prezidenti Helena Koenigsmarkova, tarixi ev muzeyləri üzrə beynəlxalq komitəsinin prezidenti Elsa Rodrigues, Beynəlxalq Muzeylər Şurasının “Avropa Regional İttifaqı”nın prezidenti Dr. Luis Raposo, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “İncəsənət tarixi” kafedrasının müdiri Sevil Sadıqova, ICOMOS – Baxımlı Yerlər və Abidələr Beynəlxalq Şurasının Livan İdarə heyətinin üzvü və Livan Universitetinin dosenti maraqlı çıxışlar ediblər.
Ölkəmizi konfransda təmsil edənlər sırasında “Mədəni İrsin və Tarixi Abidələrin Qoruyaq” İctimai Birliyi İdarə Heyyətinin üzvü, sədrin birinci müavini, tarix üzrə fəlsəfə doktoru, bayraqşünas və heraldika üzrə mütəxəssis Pərvin Gözəlov da olub. Tədbirdə tarixçi alimin “Mədəni irsin tədqiqində və təbliğində muzeylərin rolu” mövzusunda məruzəsi də dinlənilib. Alim çıxışında qeyd edib ki, hər bir xalqın mənəviyyatının inkişafı qarşılıqlı bilik və milli mədəniyyətlərin qarşılıqlı zənginləşdirilməsi olmadan mümkün deyil. Ona görə, iqtisadiyyat və siyasətlə birlikdə dövlətlərin mədəni əməkdaşlığı böyük əhəmiyyət kəsb edir: “Bu, mədəniyyət sahəsində bir sıra sazişlərin və qərarların qəbul edilməsi, mədəniyyət sahəsində şuraların yaradılması və ölkələrin humanitar əməkdaşlığı ilə təsdiqlənir.
Azərbaycanda mədəni irs abidələrinin, o cümlədən muzeylərin qorunmasında və səmərəli idarə olunmasında Azərbaycan hökümətinin qarşısında mühüm vəzifələr durur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında da öz əksini tapmış daşınmaz tarix-mədəniyyət abidələrinin, bərpa-konservasiya işlərinə dair normativ sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, qoruqların maddi-texniki bazasının gücləndirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı kimi vacib məsələlər daxildir. Bu istiqamətdə dövlət başçısının, Azərbaycanın birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həyata keçirdikləri Azərbaycanın va bəşəriyyətin xəzinəsi olan xarici dövlətlərdə olan mədəni irs abidələrinin qorunması və bərpası itiqamətində reallaşdırdığı böyük işlər ictimaiyyətə ən gözəl nümunədir. Son illər beynəlxalq səviyyədə olduqca böyük əlaqələr qurulmaqla, maddi-mədəni irsin qorunması sahəsində görülən işlərlə bağlı məlumatlar dünya ictimaiyyətinə çatdırılır.
Bu yerdə, xüsusilə vurğulamaq istərdim ki, ayrı-ayrı dövlət qurumları, bu mövzuya çoxsaylı gəncləri cəlb etməyə nail oldu. Bu gün mədəni irsin qorunması haqqında danışarkən, gənc nəsildə bu irsə hörmət hissi tərbiyə etməliyik. Həmçinin, son illər qeyri-maddi mədəni irsin qorunmasında və beynəlxalq səviyyədə təbliğində də böyük işlər həyata keçirilir. Bu gün Azərbaycan muğam sənəti, xalça sənəti, Novruz bayramı, aşıq musiqisi, tar ifaçılıq sənəti, çövkən oyunu… bəşər mədəniyyətinin inciləri sırasındadır.
Azərbaycanda muzey işinin inkişaf etdirilməsi dövlətimizin mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu gün ölkəmizdə mövcud olan muzey işinin müasir standartlar səviyyəsində qurulması üçün müvafiq tədbirlər görülüb. Bakı şəhərində bu sahədə yeni rəmzlərdən olan Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi kimi möhtəşəm binalar inşa olunub. Bu müasir mədəniyyət və memarlıq incilərimiz paytaxtımıza gələn turistləri də özünə cəlb edir.
Qlobal cəmiyyətdə müasir həyatın ritmi bəzən ayrı-ayrı insanları mənsub olduqları xalqın adət-ənənələrindən uzaqlaşdırır, hətta onlara özlərindən sonrakı nəslə hansı dəyərləri miras qoyacaqları barədə düşünməyə belə imkan vermir. Lakin elə bu cəmiyyətdə ayrı-ayrı xalqların əsrlər boyu yaratmış olduqları maddi və mənəvi irsi bir məbəd kimi qoruyan muzeylər, onu, keçmişdən gələcəyə ötürmək kimi mühüm missiyanı yerinə yetirir. Təsadüfi deyil ki, bu və ya digər ölkəyə gedən turistlər həmin yer haqqında məlumat mənbəyi kimi, ilk olaraq, muzeylərə üz tutur, onlardakı eksponatların qədimliyi, özəlliyi ilə maraqlanırlar. Beləliklə, muzeylər dünyada mədəni proseslərin fəal iştirakçısına, eyni zamanda, qloballaşmanın mənfi nəticələrinə qarşı dura bilən mədəniyyət ocaqlarına çevrilir.
Sovet hakimiyyətinin ilk illərində Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev kimi Bakı milyonçularından müsadirə edilmiş qiymətli sənət əsərləri bu muzeyin eksponatları olmuşdur. Ötən əsrin 30-cu illərindən etibarən bir-birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü – dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr –muzeyləri yaradılmışdır. Sonrakı illərdə Azərbaycanda yeni muzeylər fəaliyyətə başlamışdır.
Təəssüf ki, çoxsaylı tarixi abidə və muzeylərimiz ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən qarət edilib və dağıdılmışdır. İşğal olunmuş torpaqlarımızda 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalmışdır. Erməni faşistləri 22 muzeyi, 4 rəsm qalereyasını tamamilə məhv etmişlər.
Şuşa şəhərinin özündə 8 muzey fəaliyyət göstərmişdir. Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev, vokal sənətimizin banisi Bülbülün memorial, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, görkəmli musiqiçi Qurban Pirimovun Ağdam rayonundakı xatirə, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət olunmuşdur. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi erməni silahlı güvvələri tərəfindən tamamilə yox edilmişdir.
Azərbaycanda milli mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olmuşdur. Ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlamışdır. Onun təşəbbüsü ilə, respublika Mədəniyyət Nazirliyinin muzeylər idarəsi, muzey işi üzrə elmi-metodiki mərkəz, muzey ekspozisiyalarının bədii tərtibatı emalatxanası, muzey sərvətləri və xatirə əşyalarının bədii bərpa mərkəzi təşkil olunmuşdur. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılmışdır.
Dahi rəhbərimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra, digər sahələrlə yanaşı, muzey işi də öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilmiş, 1994-cü ildə isə, bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilmişdir. 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Bu sənədə əsasən muzey maddi-mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi tədqiqat müəssisəsidir.
Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında” 2006-cı il 18 dekabr, “Müasir İncəsənət Muzeyinin yaradılması haqqında” 2006-cı il 19 dekabr, “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli sərəncamları, 2009-cu il 22 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı”, həmçinin “Azərbaycan Xalça Muzeyinin yeni binasının maddi-texniki təminatı haqqında” 2013-cü il 29 dekabr tarixli, eləcə də qoruq muzeylərin təşkilinə, muzey işçilərinə fəxri adların verilməsinə dair sərəncamları bu sahəyə göstərilən böyük diqqət və qayğıya bariz nümunələrdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq, milli mədəni irsimizin qorunması dövlət əhəmiyyətli prioritet məqsəd kimi qarşıya qoyulmuşdur.
Azərbaycanın birinci vise-prezidenti Mehriban xanım Əliyevanın böyük zəhməti sayəsində “Şirvanşahlar Sarayı Kompleksi”, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ muzeyləri haqqında məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılıb…”.
Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələrinin genişlənməsi, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlərin əldə edilməsi beynəlxalq konfrans iştirakçılarına çatdırılmışdır. Vurğulanmışdır ki, bu konfrans da, ev-muzeylərinin yeni iş metodları, yeni yanaşmalar ilə tanış olmasına, yerli mütəxəssislərin xarici muzey işçiləri ilə sıx əlaqələr qurmasına, beynəlxalq əməkdaşlığın güclənməsinə yeni imkanlar yaradacağına şərait yaradır. Azərbaycanda fəaliyyət göstərən görkəmli şairlərin, yazıçıların, rəssamların, bəstəkarların ev muzeyləri barədə ətraflı məlumat verir.
Konfransda bir sıra tanınmış yerli və xarici alimlərin iştirakı ilə akademik iclaslar da keçirilmişdir. Azərbaycan evlərinin klassik daxili dizaynı, dünya şöhrətli muzeylərarası interyerlər, interyerdə müxtəlif növ toxuculuqların rolu, həmçinin, müasir dünyada dekorativ sənət muzeyləri mütəxəssislərin məruzələrində xususi qeyd edilib. Azərbaycanın dekorativ sənəti, xalça sənəti ilə sıx bağlı olan tədqiqatların həmişə diqqət mərkəzində olduğ konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Məruzəçilər Azərbaycan xalqının həyatında və mədəniyyətində xalça sənətinin çox önəmli yer tutduğunu da xüsusi vurğulayıblar.
Sonda tədbir iştirakçıların zəngin mədəni proqram təqdim edilib. Onlar tədbirin baş tutduğu Azərbaycan Xalça Muzeyi, o cümlədən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindəki abidələri, Bakı Marionet Teatrı, Azərbaycan Milli İncəsənət Muzeyi, Heydər Əliyev Mərkəzi, CHELEBI sərgi salonu və həmçinin Bül-Bül, Gara Qarayev və Nobel qardaşlarının ev muzeyləri ilə geniş şəkildə tanış olublar.
Rüfət RƏHMANOĞLU,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.