Bundan bir müddət öncə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası da, keçirdiyi məhkəmə prosesində, dələduzluq faktının üstündə qalan dövlət ittihamçısının iddiasını qəbul etməmişdi

Başçı köməkçisi, Şəki Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmlə, Cinayət Məcəlləsinin rüşvət verməyə təhrik etmə maddəsi ilə təqsirli bilinərək, 4 il müddətinə azadlıqdan məhrum edilmişdi

Ölkədə baş verənlərdən xəbərdar aktiv mətbu orqan əməkdaşları olaraq, yaxşı yadımızdadır ki, 2022-ci ilin mart ayının 14-ündə, 2016 — 2022-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Mehdi Səlimzadənin köməkçisi vəzifəsini tutmuş Vahid İsayev, qanun pozuntuları adı altında, burada yoxlama aparan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanıldı. Bu həbsdən bir müddət əvvəl — həmin ilin fevral ayının 22-sində, ölkə başçısının Sərəncamı ilə, Göyçayın bu başçısı tutduğu vəzifədən azad edilmişdi. Onda, elə, ölkə əhalisi üçün sensasion olan bu vəzifədən uzaqlaşdırılmaya görə də, hərə bu tutulma hadisəsini öz düşündüyü tərzdə yozmağa çalışırdı. Öncə, hətta, ölkənin hüquq-mühafizə orqanlarından da, bu hadisəyə tam aydınlıq gətirmək mümkün olmurdu. Bir müddət keçdikdən sonra isə, cürbəcür müəmmalar dolu bu tutulma faktını, ölkənin media vasitələrinin sorğularına cavab verən Respublika Baş Prokurorluğunun Mətbuat Xidməti təsdiq etsə də, həmin saxlanma tarixindən ötən 15 il ərzində, 5 icra başçısının köməkçisi vəzifəsində çalışmış bu şəxsin, nədən saxlanılması səbəbləri, tam aydın şəkildə açıqlanmadı.

Məhz, yuxarıda xüsusi olaraq qeyd etdiklərimiz, bu saxlanma xəbərinə, necə deyərlər, ilginc, səs-küylü, sensasion “donu geydirmək” naminə “dəridən-qabıqdan çıxanlar” üçün, bir sürprizə çevrildi. Bir sözlə, onların, birbaşa, əsl həqiqəti və ortadakı real faktları boğmağa hesablanan hay-küylü uydurma şayiələri, giley-güzarları, iradları ilə dopdolu “yalanlardan yoğrulmuş” məlumatları əsasında qələmə alınan, həmçinin əksəriyyətinin əsas başlığı, manşetə belə tez-tez çıxarılan, harın məmurların günahları ucbatından yaşayış durumu olduqca çətin camaata əsəb sakitliyi gətirən saysız-hesabsız informasiya, şərh, təhlil… xarakterli yazılar, ölkənin tanınan çap və internet mediasının, ən nüfuzlu digər kütləvi informasiya vasitələrinin, sosial media, sayt hesab olunan internet resurslarının səhifələrinə də, “ayaq açıb, bütün ölkəni dolaşa bildi”. Açığını deyək, informasiya xarakterli belə yazıların bir-neçəsi, hətta, əməkdaşları olduğumuz “Araz” Media Qrupundakı media vasitələrində də dərc olundu.

Xatırladaq ki, onda, Vahid İsayevin doğma-yaxınları, onu yaxından tanıyan və əməllərinə bələd olan dost-tanışları, eləcə də, onun hüquqlarını müdafiə edən vəkili, hətta Göyçay Rayon İcra Hakimiyyətində və digər dövlət qurumlarında uzun zaman onunla birgə işləyənlər də, redaksiyamıza vaxtaşırı zənglər edərək, həyacan dolu etirazlarla belə deyirdilər ki, naxələflərin şər, böhtan, iftira dolu yalanlarına uyan jurnalistlər düz yazmırlar. Vahid İsayev belə bir cinayət əməli törətməyib: “Əsl həqiqətdə, bu — belədir! Yalanla həqiqət çəkişməsi sonunda, həmişə, haqq-ədalət qalib olur! Bunun belə olduğunu, tezliklə, Sizin özünüz də görərək, buna şahidlik edəcəksiniz!”.

Onda, doğrudan da, hər şey deyilənlər kimi idi və sonda, elə, deyilənlər kimi də oldu. Deyilənlərin inkarolunmaz daha bir sübutu isə, media nümayəndələri olaraq, öz gözlərimiz qabağında, “kor-kor, gör-gör” şəklində baş verdi. İndiki bu yazını qələmə alan əməkdaşları olsaq da, bir daha, etiraf edib, vicdan tələblərinə uyğun deməyə borcluyuq ki, danılması mümkünsüz bu xoşagəlməzlik, araz.az xəbər portalından belə yan keçmədi. Xəbər portalının əməkdaşları olaraq, vicdanları olmayan belələrinin, tükürpədici uydurma və şayiələrlə dopdolu hay-küylü yalanlarına uyub, bu xəbəri, məmur həbsiylə bir qədər rahatlıq tapan narazı cəmiyyət arasında daha çox yayaraq, ictimailəşdirmək məqsədi ilə, qələmə sarıldıq. Bir sözlə, vicdansız hay-küyçülər öz arzularını reallaşdıra bildilər.

Onda, bu barədə gedən polemika xarakterli söhbətlərimizə etiraz dolu daha kəskin çalarlar qatmağa çalışanlara, bizsə, yalnız onu deyə bilirdik ki, axı, artıq heç nə yazmamışıq. Bütün yazılarımız, redaksiyamıza ötürülən məlumatlar əsasında qələmə alınıb və bizi izləyənlər də, buna görə, bizi alqışlayırlar. Camaat hər şeydən razıdır, yoxsa, artıq olanlara qarşı, heç olmasa, kütləvi narazılıq başlayardı.

Bu yerdə, onu da demək istəyirik ki, Şəki Apellyasiya Məhkəməsi həbsdə olan Vahid İsayevə bəraət verəndən sonra isə, yazdıqlarımıza görə, özümüzü bağışlamadıq. Bunu etməklə, özümüzü günahkar hesab edib, əlacsızlıqdan, üzümüzü başımız üstündəki Son Ümidimiz, bu aləmdəki Şəriksiz Rəbbimiz olan yeganə ilahi qüvvə sahibi Böyük Allahımıza tutub, naxələf insanların şeytan əməlləri, bağışlanmaz günahları ucbatından, yazılarımızda buraxdığımız səhvlərə, yol verdiyimiz qüsur və qəzalara görə, bizi bağışlamasını ondan rica etdik. Təkcə biz yox, “Lənət şeytana!” — deyərək, yazılarında səhvlər buraxıb, qüsur və qəzalara yol verdiklərini etiraf etməkdən çəkinməyən və bir çox media vasitələrində çalışan vicdanlı jurnalist həmkarlarımız da, bu qənaətə gəldiklərini açıq şəkildə bildirdilər.

Bir daha xatırladaq ki, onda, harın məmurların bağışlanmaz günahları ucbatından, yaşayış durumu getdikcə ağırlaşan ölkə ictimaiyyəti üçün, bu məmur həbsi də, sevindirici oldu. Üstəlik, naxələflərin yalan, uydurma və şayiələrinə uyan istintaq orqanlarının çıxardıqları qərara uyğun, birinci instansiya məhkəməsinin — Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, təqsirləndirilən şəxs Vahid İsayev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildi. Hakimin çıxardığı bu hökmə camaat əvvəlcə əl çaldı. Di gəl ki, Şəki Apellyasiya Məhkəməsi əsl həqiqəti üzə çıxarıb, həbsdə olan Vahid İsayevə bəraət hökmü verdikdən sonra, bu xəbər hamıya, xüsusən də, saxlanma xəbərinə sevincdən əl çalanların özlərinə belə, mənfi psixoloji təsirini göstərməyə başladı. Daha çox onların özlərində, ilkin məhkəmə prosesini yekunlaşdırıb, sonda, təqsirləndirilən Vahid İsayev barəsində, qanunsuz həbs qərarı çıxaran hakimin bağışlanmaz günahı ucbatından, harın məmurlar bir yana, onların “bığları altından keçən” və həqiqət elçiləri kimi qəbul etdikləri hakimlərə qarşı hədsiz nifrət hissləri oyatdı. Çünki, sonda, vicdan donu geymiş haqq-ədalətin öz sözünü deməsinin şahidi olurdular.

Bütün bunlar bir yana, hətta, bu yaxınlarda eşitdik ki, naxələflər, indi də, onun barəsində verilən bəraət hökmünə qarşı “etiraz dalğası qaldırmaqla”, nəyəsə nail olmaq istəyirlər. O vaxtkı hay-küylü məlum saxlanmanın qanunsuz həbsə çevrilməsində günahkarlardan olduğumuz üçün, vicdan çərçivəsindəki məcburi tələblə, araz.az-ın əməkdaşları olaraq, hər şeyə tam aydınlıq gətirmək məqsədilə, dərin jurnalist araşdırması apardıq. Tam aydın şəkildə, bir daha bizə məlum oldu ki:

— Baş verən bu xoşagəlməz hadisə də, Mehdi Səlimzadə icra başçısı vəzifəsindən azad olunandan dərhal sonra baş verib. Guya, hələ o başçı olarkən, yəni 2021-ci ilin yanvar ayında, köməkçisi Vahid İsayev, qulluq mövqeyindən istifadə edərək, aldatma və etibardan sui-istifadə yolu, özgə əmlakını ələ keçirmək məqsədi ilə, rayon icra başçısının Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mürvət Abuzərovdan 1500 manat rüşvət alıb. İstintaq və məhkəmə sənədlərinin dili ilə desək, köməkçi, rüşvət verən şəxsi, Göyçay Rayon İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağına dəvət edərək, özünü işgüzar və geniş əlaqəyə malik şəxs kimi təqdim edib. Hətta formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, Rayon İcra Hakimiyyətində onun xeyirinə qərar qəbul etmək səlahiyyətinə malik icra hakimiyyətinin başçısı ilə, lap yaxın münasibətinin olmasını, onun vasitəsi ilə, qeyd edilən vəzifəsində qalıb, fəaliyyətini davam etdirməsi üçün, xidməti fəaliyyəti üzrə verəcəyi hesabatların icra hakimiyyətində məqbul hesab olunmaqla, lazımi yoxlamaları keçirilməməklə, maneələrin yaradılmamasına köməklik etmək imkanına malik olduğunu bildirib. Tanışı olan bu vəzifəli şəxsə, xidməti vəzifəsi başında səlahiyyətlərinin icrası ilə əlaqədar, Mürvət Abuzərovun xeyrinə edəcəyi eyni xarakterli hərəkətə görə, birbaşa yolla, özü vasitəsilə maddi nemət olan 1500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla razılaşaraq, sövdələşib. Həmin niyyətlə, 2021-ci ilin yanvar ayının sonu, fevral ayının əvvəllərində, xidməti otağında 1500 manat məbləğində pul vəsaitini Mürvət Abuzərovdan alıb;

— Köməkçi bu pulu, guya, şəxsi ehtiyaclarına sərf edib. Yəni, öz qulluq mövqeyindən istifadə edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, həm də dələduzluq əməli törədərək, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar, onun xeyrinə edəcəyini yalandan deyərək, onu, birbaşa, rüşvət qismində pul verməyə təhrik edib;

— Mürvət Abuzərovla bağlı, ağlasığmaz quramalar dolu “fakt və sübutlar” əsasında da, Vahid İsayev həbsə göndərilib. Dəhşət ondadır ki, hələ də, yerlərində durmaq istəməyən naxələf dediklərimiz, bu işin bütün instansiyalarda ilkin və sairə istintaqını aparanların belə, hansı yollasa, necə deyərlər, “qılığına girə biliblər”. Elə, bu səbəbdən, hətta mövcud Cinayət Məcəlləsinin müvafiq maddələri adları altında ağlabatmayan “oyunlar çıxarılıb”. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunduqdan sonra, Vahid İsayevə qarşı, ilk olaraq, Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 312.2 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb. Sonra isə, təqsirləndirilən bu şəxsin əməli, Cinayət Məcəlləsinin rüşvət alma və dələduzluqla bağlı maddələrinin adları altında tövsif edilib. Beləcə, həbsdəki başçı köməkçisi, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, rüşvət verməyə təhrik etməkdə təqsirli bilinərək, 4 il müddətə azadlıqdan məhrum edilib. Ona qarşı, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə irəli sürülmüş ittihama da xitam verilib. Onunla birgə həbs olunmuş Göyçay Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Rəşad Şükürov da, bir müddət əvvəl, eyni məhkəmənin qərarı ilə, bəraət alıb və ona, yalnız şərti cəza verilib.

Bəli, doğrudan da, bu — tükürpədici dəhşətdir! Çünki belə bir hay-küylü həbs işinin istintaq gedişi zamanı, qanun tələblərindən qorxub-çəkinməyən, insan taleyinə biganə qanun müdafiəçilərinin özlərinin bəd əməllərinin daha bir pis nəticəsi, bu maddələrin adları altında, ağlabatmayan tövsif etmə oyunlarının getməsidir;

— Bütün haqsızlıqlardan sonra, əsəbləri tarıma çəkilən Vahid İsayevin doğma-yaxınları öz sözlərini deyə biliblər. Öncə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, rüşvət verməyə təhrik etməkdə təqsirli bilinərək, 4 il müddətə azadlıqdan məhrum edilən Vahid İsayevə, ötən ay, Şəki Apellyasiya Məhkəməsi bəraət verib və bu barədə, məhkəmə iclasında qəbul edilən qərar elan olunub. Həmin qərara əsasən, hakim İmanverdi Şükürovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, sabiq başçı köməkçisinə qarşı irəli sürülmüş ittihamlar əsassız olduğundan, kifayət qədər dəlil və sübutlarla təsdiqini tapmır. Bir sözlə, hakimlər heyəti də, başçı köməkçisinə cəzanın düzgün verilməməsini təsdiq edərək, açıq şəkildə bildirib ki, bu barədə, apellyasiya şikayətində belə dəlillər kifayət qədərdir.

Elə, yuxarıda qeyd olunanları əldə əsas tutaraq, təqsirləndirilən şəxsin müdafiəçisi Rəşid Məhərrəmli apellyasiya şikayəti verib və bunu, həm də onunla əsaslandırıb ki, məhkəmənin hökmünü qanuni və əsaslı hesab etmir. Məhz bunlara görə də, məhkəmə iştirakçısı prokurorun, onunla bağlı verilən bu qərarın ləğv edilməsi, bəraət almış şəxsin sanksiya həddində cəzalandırılması tələbi güclü olsa da, bunun, heç bir əhəmiyyəti olmayıb. Vahid İsayevin müdafiəçisi Rəşid Məhərrəmli tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilib və verilən qərara əsasən də, bəraət almış Vahid İsayev məhkəmə zalından, birbaşa, azadlığa buraxılıb. Hətta, məhkəmə qərarında o da xüsusi olaraq qeyd olunub ki, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilən Vahid Zaid oğlu İsayevə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən məlum orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin;

— Beləcə, “Göyçayın sabiq icra başçısının köməkçisi Vahid İsayev barəsindəki hökmdən verilmiş şikayətə baxılıb”, “Göyçayın sabiq başçısının həbsdə olan köməkçisi bəraət alaraq, azadlığa çıxıb”,.. başlıqlı məlumatlar isə, adlarını çəkdiyimiz naxələflərə öz pis təsirlərini göstərib. Göyçayın sabiq icra başçısı köməkçisinin bəraət aldığı Şəki Rayon Apellyasiya Məhkəməsinin iclasında iştirak edən, bəraət hökmünə kəskin etirazını bildirən dövlət ittihamçısı tərəfindən, Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya protesti də verilib. Bu kassasiya protesti ilə bağlı, Ali Məhkəmədə, məhkəmə hakimi Şahin Yusifovun sədrliyi ilə, iclas təyin edilib. Keçirilməli olan həmin məhkəmə iclasının biri təxirə salınıb. Təxirəsalma ilə bağlı xəbər, naxələflərə, sanki yeni bir ruh verib. Hər yerdə, oturduqları çayxanalarda və iştirak etdikləri xeyir-şər məclislərində belə deyiblər ki, guya, dövlət rəhbərinə dalbadal şikayətlərindən sonra, artıq, etirazları qəbul edilib və Vahid İsayevin “evi yıxılıb”.

Nəhayətdə, Vahid İsayevə bəraət verən Şəki Apellyasiya Məhkəməsinin iclasında iştirak edən dövlət ittihamçısının, bu hökmün ləğv olunmasını tələb edən kassasiya protesti işinə Ali Məhkəmədə baxılıb. Bu dəfə, iclasda iştirak edən prokuror qərarın ləğv edilməsini, bəraət almış şəxsin sanksiya həddində cəzalandırılmasını daha kəskin şəkildə tələb edib. Ali Məhkəmə isə, öz sözünü qəti şəkildə deyərək, dövlət ittihamçısının kəskin kassasiya protestini təmin etməyib və bəraət hökmü qüvvədə qalıb…

…Ümumiyyətlə, həbsdə olan Vahid İsayevin bəraət alması ilə bağlı, Azərbaycan Respublikası adından, bu ilin may ayının 23-də, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının məhkəmə iclasında verilən və əlimizə keçirdiyimiz Hökm, bizim üçun də, çox maraqlı oldu. Məhkəmənin hakimi İmanverdi Şükürovun sədrliyi və məruzəsi ilə başlayan, hakimlər Akif Eyvazovdan və Xəqani Səmədovdan ibarət tərkibdə, Faiq Mabudovun katibliyi ilə, dövlət ittihamçısının — Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Bəhruz Cabbarlının, təqsirləndirilən şəxsin və onun müdafiəçisi Rəşid Məhərrəmlinin iştirakı ilə keçirilən həmin məhkəmə iclasında bilinməyən çox şeylərə aydınlıq gətirilib.

Elə, bu aydınlığa rəğmən də, “Bismillah!” deməklə başlayıb, sona çatdırdığımız jurnalist araşdırmalarımızın qısa verdiyimiz yuxarıdakı xronologiyasına əlavə olaraq, onu demək istəyirik ki, bir müddətdir davam edən bu saxlanmanın və məhkəmə çəkişmələrinin belə hay-küy yaratmasına səbəb olan əsas amillər, göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-cü maddələri ilə təqsirləndirilən Vahid İsayevin hüquqlarını müdafiə edən və ölkəmizdə vəkil kimi yaxşı tanınan Rəşid Məhərrəmlinin dediyi kimidir:

— Hər şey ondan başladı ki, istintaq orqanının düzgün olmayan səhv qərarına göz yuman birinci instansiya məhkəməsinin hökmündə, təqsirləndirilən şəxsə verilmiş ittihamlar tam olaraq əsaslandırılmadı. Vəkil kimi, gəldiyim son qənaətin şərhi olaraq, bir daha bildirirəm ki, məlum məhkəmə hökmü obyektiv həqiqəti əks etdirmədiyindən və ədalətli olmadığına, təqsirləndirilən şəxsə isnad olunan cinayət əməlləri sübuta yetirilmədiyinə görə, ləğv edilməlidir. Əldə olan məlum cinayət işinin materialları ilə də, bu ittiham sübuta yetirilmir. Çünki təqsirləndirilən bu şəxs, əvvəlcədən hər hansı bir vəzifəli şəxsə rüşvət verməsi ilə əlaqədar, vəd və ya söz verməyib. Hesab etdim ki, verilmiş rüşvət verməyə təhrik etmə ittihamı sübuta yetirilmədiyinə, hökmdə iş üzrə sübutlar bir-biri ilə, əlaqəli şəkildə təhlil edilmədiyinə, hansı sübuta digərinə nisbətdə üstünlük verilməsi, əsaslı hesab edilməsi tam olaraq əsaslandırılmadığına görə də, ona, təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsində nəzərdə tutulan həmin ittihamlarla da, bəraət verilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 6 fevral, 2023-cü il tarixli hökmü mütləq ləğv edilməlidir. Üstəlik, hökmlə təyin edilmiş cəzanın əsassızlığı barədə, təqsirləndirilən şəxsə verilmiş ittihamlarla razılaşmadığıma görə, məhkəmə hökmünün cəza hissəsinə belə, münasibət bildirməyi zəruri hesab etdim. Dəfələrlə, qəti şəkildə bildirdim ki, müdafiə tərəfi kimi, Vahid İsayevin cinayət əməlləri törətməməsi və ona isnad olunan belə cinayət əməllərində təqsirli olmaması qənaətindəyəm.

Axı, qeyd etdiyim belə nüanslar olmasaydı, dövlət ittihamçısı prokurorların bəraətlə bağlı güclü olan etirazlarına baxmayaraq, Azərbaycan Respublikasının Ali Məhkəməsinin də, Şəki Apellyasiya Məhkəməsinin bəraətlə bağlı verdiyi hökmə haqq qazandıraraq, qüvvədə saxlaması mümkünsüz olardı…

Bütün qeyd etdiklərimiz bir yana, bu yazımızın son nöqtəsini qoymazdan öncə, xüsusi olaraq onu bildirmək istəyirik ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Göyçayın sabiq başçısının köməkçisi vəzifəsini tutmuş Vahid İsayev barəsində verilən bəraət hökmünə haqq qazandıraraq, qüvvədə saxlaması xəbəri, necə deyərlər, bizə “qol-qanad verərək”, sevinc dolu xoş anlar yaşatdı. Bizdə, bir daha tam əminlik yarandı ki, ölkəmizdə, nə olursa olsun, sonda, həmişə, Haqq-Ədalət hakim olduğunu ortaya qoya bilir. Çünki özlərinin bütün qürurverici və şərəfli işlərini, harda işləmələrindən asılı olmayaraq, “Bismillah” deməklə, Uca Yaradanın mərhəmətinə sığınaraq başlayıb, sona çatdıran Ali Məhkəmənin hakimi Şahin Yusifov kimi, çoxluq təşkil edən Allah adamı Azərbaycan dövlətinin vətəndaşları var. Hər bir kəs yaxşı bilir ki, bu Aləmdəki Şəriksiz Rəbbimizin, bütün varlıqların yaradıcısı və qoruyucusu olan Uca Varlığın – Rəhman və Rəhim olan Böyük Allahın adı ilə başlanan bütün şərəfli işlər, şərəf gətirən qürurverici böyük uğurlarla sonuclanır.

Üstəlik, Azərbaycanın müstəqil və demokratik bir cəmiyyət olduğunu hər bir ölkə vətəndaşı bilir. Ölkə başçılarının da, ən ali məqsədləri bu demokratik cəmiyyəti qurmaq və inkişaf etdirmək olub həmişə. Məhz bu səbəbdəndir ki, ölkədə korrupsiyaya qarşı lokal və dönməz mübarizə aparılır. Son illərdə, ölkə başçısının məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi barədə verdiyi fərman və sərəncamlar da, bunun bariz nümunəsidir. Həmçinin, ölkə başçısı, öz çıxışlarında, dəfələrlə, korrupsiyaya qarşı daha kəskin mübarizə aparıldığını bəyan edir. Belə mübarizənin getdiyi bir ölkədə düşünmək mümkündürmü ki, məhkəmə hakimiyyətini həyata keçirən, cəmiyyətdə pozulmuş hüquqları bərpa və qanun aliliyini təmin edən hakimlərə rüşvət təklif edilərək, verilir. Axı, hakimiyyətin bu yöndən olan fəaliyyətinin üstünə kölgə salmaq nəyə lazımdır?! Açıq-aydın görünür ki, məsul vəzifələr tutan məmurlar arasında, hələ də, öz köhnə fikirlərində olanlar var. Yoxsa, Vahid İsayevlə bağlı olan bu məhkəmə prosesləri də, qalmaqallı və çəkişməli keçməzdi.

Sonda, bir daha onu da qeyd etmək istəyirik ki, bizim üçun ötəri və maraqsız olmaması səbəbindən, bu ciddi məsələni daim diqqətdə saxlayacağıq. Vahid İsayevin mövcud qanunlarımızın tələblərinə uyğun olaraq, bəraət hökmündə xüsusi olaraq qeyd olunanlara tam olaraq nail olması üçün, bundan sonra yazacaqlarımız hesabına, daim ona arxa-dayaq olacağımızı qəti şəkildə bildiririk. Maraqlananlar, araz.az-ı izləməyi unutmasınlar.

Malik MİRZƏ,
Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbirləri.

araz.az xəbər portalı.