“Zəlzələnin qorxulu fəsadının olması gözlənilmir. Növbəti dəfə də silkələnmənin baş verəcəyi ehtimal edilir”.
araz.az bildirir ki, bunu oxu.az-a açıqlamasında ekoloq, seysmoloq Ənvər Əliyev deyib.
O bildirib ki, xırda təkanların olması regionda daha böyük təkanların olması ehtimalını azaldır:
“Təzyiq özünü 4-5 bal gücündə bildirir, tədricən yer öz enerjisini çıxarmış olur. Bu da daha güclü zəlzələlərin olma ehtimalını azaldır”.
Seysmoloq onu da qeyd edib ki, Bakı çox yüklənib və bu yüklənmə maqnitudası yüksək olan zəlzələlər zamanı tələfat və itkilərə səbəb ola bilər:
“Bakı bu gün çox yüklənib. Üç milyondan çox əhalini yığmışıq Bakıya, evləri də tikmişik yolların ortasında. Binalar o qədər yaxındır ki, güclü zəlzələ zamanı insanları təxliyə etmək çətin olacaq.
Abşeronda qeydə alınan zəlzələ ola bilər ki təkrarlansın. Zəlzələni biz suya daş atmaqla müqayisə edirik. Daş suya düşdükdən sonra dalğalar bir müddət davam edir, zəlzələnin dalğaları da eyni qaydada yayılır. Yayıldıqca hiss olunması da azalacaq. Bunu seysmoloji mərkəzlər müşahidə edəcək”.
araz.az xəbər portalı.