18 Oktyabr — Dövlət Müstəqilliyi Günü münasibətilə, “Araz” Media Qrupunun kollektivi dərin ehtiram, sevgi dolu təbrikini xalqımıza çatdırıb. Təbrik müraciətinin əsas mötivində xüsusi olaraq vurğulanır ki, ikinci dəfə dövlət müstəqilliyimizin bərpasına nail olduğumuz bu şərəfli gün, bizi, öz çoxdankı arzumuza qovuşdurdu:
“Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqının milli dövlətçilik ənənəsi uzun əsrlərin qovğalarla dolu sınaqlarından çıxıb. Elə, bu səbəbdən də, öz müstəqilliyini hələ 1918-ci ildə elan edərək, öz doğma Vətəninin adını, şərqin ilk Demokratik Respublikası — Azərbaycan Xalq Cümhuriyyəti olaraq, tarixin qızıl səhifələrinə həkk etdirib. Cəmi 23 ay fəaliyyət göstərdikdən sonra, rus bolşevik hakimiyyəti tərəfindən işğal edilən Azərbaycan dövləti, bu yöndə ikinci tarixi imkanı bir də 70 il sonra əldə edib; Xalqımıza rəzalət yaşadan sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verib.
1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunub. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu öz azadlığına qovuşub. Bununla, həm də ikinci dəfə müstəqilliyini əldə edən Azərbaycan Respublikası, özünü, 1920-ci ildə süquta uğrayan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib. Beləcə, bu şanlı tarix gün, xalqımızın birliyi və iradəsi nəticəsində, müstəqilliyimizin yenidən bərpa olunmasına əsas verib.
Elə, o vaxtdan da, 18 oktyabr, şərəfli bir tarix olaraq, xalqımızın qurur, milli dövlətçiliyimizin rəmzi, birliyimizin və müstəqilliymizin bərpası tarixinə çevrilib.
Şərəfli Dövlət Müstəqilliyi Günü münasibəti ilə, xalqımızı səmimi qəlbdən təbrik edir, düşmən qüvvələrin təcavüzü nəticəsində parçalanmış Böyük Azərbaycanımıza bütövlük, xöşbəxt və firavan həyat, inkişaf və tərəqqi, ən əsası, müstəqilliyində dönməzlik arzulayırıq!
Müqəddəs Bayramın mübarək doğma Vətənimiz, əziz xalqımız! Ulu Yaradan müstəqilliyini əbədi və sarsılmaz etsin!
Səmimi duyğularla,
“Araz” Media Qrupunun kollektivi”.
araz.az xəbər portalı.