“Vaşinqton həqiqətən regionda sülhün yaranmasında maraqldırısa…”

Cənubi Qafqazı bütövlükdə özünün çətiri altına salmağa çalışan ABŞ-ın bu regionda əsas oyunçu olan Azərbaycanı hədəfə alması regionda yeni təhdid elementi kimi dəyərləndirilməklə yanaşı, birmənalı qarşılanmır. 907-ci düzəliş, sanksiyalarla Azərbaycanı təhdidlə qorxudacağını zənn edən ABŞ, nəhayət onunla öz dilində danışmağı bacaran tərəflə qarşlıqlı münasibətlərin tənzimlənməsi istiqamətində yeni manevr imkanlarını da sınaqdan keçirmiş oldu. ABŞ-ın Dövlət katibi Blinkenin Azərbaycan Prezdentinə zəngi, etdiyi xahişlər adekvat reaksiya ilə qarşılanmaqla ikitərəfli münasibətlərin normallaşmasına yeni şans tanıdı.

Amma ABŞ dövlət katibi Azərbaycan Prezidentinə etdiyi telefon zəngindən sonra ikitərəfli münasibətlərin normallaşması üçün regionla bağlı siyasətində hansı korrektələri etməli olduğunu anladımı?

“Prezident ABŞ-ın Azərbaycana qarşı apardığı ikili standartlı siyasətə nöqtə qoydu”

Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, bu telefon danışığı bir daha Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütdüyünü təsdiq etdi.

Onun sözlərinə görə, Prezident İlham Əliyev ABŞ-ın məhz son vaxtlar Azərbaycana qarşı apardığı ikili standartlı siyasətə nöqtə qoydu:

“Bu gün dövlət departamentinin nümayəndəsinin Azərbaycana gəlişi məsələsi artıq bizim xarici, daxili siyasətimizdən asılıdır. Bizimlə bir tərəfdaş müstəvisində danışılmalıdır, bizə diqtə ilə nəyi, necə etməni göstərmək olmaz. Buna görə də cənab Prezidentin Blinkenlə danışığı çox mühüm əhəmiyyət kəsb edir. Bu, bir daha bizim suveren, daxili, xarici siyasətdə müstəqil bir dövlət olduğumuzu dünyaya göstərir”.

Deputat Sevil Mikayılova hesab edir ki, Birləşmiş Ştatların baş katibi Entoni Blinkenin Azərbaycan Prezidentinə zəng edərək Prezidentin səsləndirdiyi şərtləri qəbul etməsi bir daha göstərir ki, Azərbaycanla təhdid dilində danışmaq olmaz.

S.Mikayılova bildirib ki, bir müddət əvvəl Ağ Evin rəsmisi Ceyms O Brayn tərəfindən senatda səsləndirilmiş Azərbaycana yönəlik qərəzli fikirlər, eyni zamanda dinləmələrin sonunda Azərbaycan rəsmilərinə bir sıra məhdudiyyətlərin qoyulması ilə bağlı təklif, “Azadlığı müdafiə aktı”na 907-ci düzəlişin dondurulmasını ehtiva edən sənədin 2024-cü ildə uzadılmaması ilə bağlı qərarlar ölkə ictimaiyyəti tərəfindən çox böyük təəssüflə qarşılandı:

 “Azərbaycanla Birləşmiş Ştatlar arasında uzun illik əməkdaşlıq əlaqələri mövcud olub. Bu illər ərzində kifayət qədər etibarlı tərəfdaş kimi Birləşmiş Ştatlarla əməkdaşlıq etmişdik. Amma nəyə görəsə bu gün bölgədə fərqli reallıqların mövcud olduğu bir dönəmdə, yəni Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Birləşmiş Ştatlar Cənubi Qafqazla bağlı öz gündəliyini dəyişir və Ermənistanı birtərəfli qaydada müdafiə etməklə, ona havadar çıxmaqla, Azərbaycanın hüquqlarını pozmaq kimi strategiya seçdi. Təbii ki, bu, Azərbaycan tərəfindən qəbul edilə bilməzdi. Və Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən buna qarşı dərhal etiraz səsləndirildi. Biz düşünürük ki, bu cür qərarlara qarşı təpkili münasibətin olması qarşı tərəfi bir növ öz hərəkətlərinə təkrar-təkrar baxmağa və hansısa bir qərarı qəbul etməzdən əvvəl onun üzərində ciddi şəkildə işləməyə vadar edəcək. Biz ümumən dövlətimizin iradəsi, Prezidentin hər zaman milli maraqları qoruyaraq beynəlxalq platformalarda çox qətiyyətli çıxış edərək dövlətimizin daha da güclənməsinə və nüfuzunun artmasına xidmət etdiyini əminliklə söyləyirik. Son baş verən proses də göstərdi ki, Azərbaycanın yolu müstəqillik yoludur, biz bu yoldan dönməyəcəyik. Azərbaycan öz xarici siyasətində tamamilə fərqli, bərabərhüquqlu, özünə və özgələrinə qarşı hörməti ehtiva edən bir siyasəti formalaşdırıb. Uzun illərdir bu siyasəti irəliyə aparır. Bundan sonra da bu təcrübəyə əsaslanaraq beynəlxalq tərəfdaşlarımız bu və ya digər şəkildə qərar qəbul edəndə ilk növbədə Azərbaycan tərəfinin hüquqlarını məhdudlaşdıran deyil, beynəlxalq hüquqa söykənən və reallığı əks etdirən sənədlərin qəbul olunmasına çalışmalıdırlar”.

Siyasi ekspert Fuad Əliyev ABŞ-ın illərdir Azərbaycana qarşı olan neqativ münasibətinin son 1 ay ərzində daha qabarıq şəkildə göründüyünü bildirib.

F.Əliyev qeyd edib ki, ikili standrtlı yanaşmalar son illər ərzində göz qabağında olub:

“Biz bunu ATƏT-in Minsk Qrupunun fəaliyyətində, digər beynəlxalq tədbirlərdə, Konqresin Azərbaycana qarşı 1992-ci ildə qəbul etdiyi 907-ci düzəlişlərdə gördük. ABŞ 44 günlük vətən müharibəsi dövründə haqlı olduğumuza dair Azərbaycana dəstək bəyanatı vermədi. Əksinə, işğalçı Ermənistanın tərəfini tutdu, dəstəklədi. Bu illər ərzində ABŞ qondarma bir quruma milyonlarla vəsait ayırdığı halda, müqayisədə Azərbaycana çox az miqdarda yardımlar verirdi. ABŞ getdikcə Azərbaycana qarşı haqsız münasibətini genişləndirirdi. Üzdə gülür, arxada zərbə vurmağa çalışırdı”.

F.Əliyev ABŞ-ın Azərbaycanda qeyri-rəsmi fəaliyyət göstərən bəzi siyasi təşkilatlar, media qurumları, QHT-lər  vasitəsi ilə cəmiyyətdə bir çaşqınlıq yaratmaq istədiyini, dövlətə, cəmiyyətə qarşı planlarını bu gün də davam etdirdiklərini deyib. O, hesab edir ki, Entoni Blinkenin konqresdəki son çıxışı ABŞ-ın bütün hüdudlarını aşdığını göstərir.

F.Əliyevin fikrincə, buna görə də rəsmi Bakı çox düzgün addım ataraq ABŞ rəsmilərinin Azərbaycana girişinə qadağa qoydu, SOROS və digər bəzi təşkilatların fəaliyyətini dayandırdı. Ekspert hesab edir ki, nəinki ABŞ-ın, digər ölkələrin də Azərbaycanda bu cür fəaliyyəti aşkarlanmalı, adekvat addımlar atılmalıdır:

“Bilinken telefonda Prezident İlham Əliyevdən xahiş edib ki, köməkçisinin dekabr ayında Azərbaycana gəlməsinə icazə verilsin. Prezident də Azərbaycanın yüksək səviyyəli məmurlarının ABŞ-a girişinin təmin olunması şərti ilə buna icazə verdi. Mətbuatdan da göründüyü kimi, Blinken bununla razılaşıb”.

F.Əliyev vurğulayıb ki, bu gün Azərbaycan 30 il qabaqkı Azərbaycan deyil:

“Bizimlə hər hansı bir formada təzyiq dili ilə danışa bilməzlər. Dostluq etmək istəyirlərsə, normal münasibətləri qoruyub unkşaf etdirmək lazımdır. Azərbaycan iqtisadi potensial, hərbi baxımdan güclüdür. İstənilən addımlara adekvat cavab verə bilər. Ona görə də Qərb ölkələri, xüsusilə ABŞ, Fransa bilməlidir ki, regionda Azərbaycan kimi bir güc formalaşıb və bununla hesablaşmaq lazımdır. Onlar bunu nə qədər başa düşsələr, bu, himayə etdikləri Ermənistan üçün də yaxşı olacaq, elə özlərinin də regionda normal fəaliyyətinə şərait yaranacaq. Əks təqdirdə, Azərbaycanda fəaliyyətləri görünməyəcək. Onların Azərbaycana qarşı planları alınmayacaq. Azərbaycanla yaxşı münasibət qurmaq istəyirlərsə, Ermənistanı bizə qarşı qızışdırmalı deyillər. 2020-ci il 27 sentyabr, 2023-cü il 19 sentyabrda atılan addımların nəticəsi bunu təsdiq edir. ABŞ-da, Fransa da bunu anlamalıdır”.

 Politoloq Rəşad Bayramov hesab edir ki, ABŞ dövlət katibi Blinkenin Azərbaycan Prezidentinə zəngi rəsmi Vaşinqtonun Bakıya münasibətdə öz ədalətsiz siyasətini düzəltmək cəhdindən irəli gəlmir. Çünki bu ədalətsiz mövqe uzun illərdir davam edir və 30 illik danışıqlar dövründə də, Azərbaycana qarşı haqsız 907-ci düzəlişin qəbul olunduğu vaxtlarda da, bunun əyani şahidi olmuşuq.

Politoloq bu qənaətdədir ki, ABŞ sadəcə olaraq Azərbaycanla təhdid və şantaj, sanksiyalar tətbiq etmək hədəsi ilə danışmağın mənasız olduğunu başa düşdüyü üçün münasibətləri yumşaltmağı qərara verib.

“ABŞ senatının məlum qərarından sonra rəsmi şəxslərin qarşılıqlı səfərlərinin ləğvi Vaşinqtonu narahat edib. Özünün Cənubi Qafqaz maraqlarını regionun ən güclü dövləti olan Azərbaycan olmadan təmin etməyin mümkünsüzlüyünü anlayan ABŞ, hətta istəməsə də Blinken səviyyəsində Azərbaycan Prezidentinə müraciət etmək məcburiyyətində qalıb. Blinken münasibətlərin normallaşması üçün dekabr ayında dövlət katibinin köməkçisi Ceyms O Braynının Azərbaycana səfərinə icazə verilməsini xahiş edib və məlum olduğu kimi Prezident İlham Əliyev də Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a qoyulan əsassız qadağaların aradan qaldırılmas şərti ilə O Braynın səfərinə razılıq verib”.

R.Bayramov hesab edir ki, Blinkenin zəngi, münasibətlərin normallaşmasını istəməsi, təbii ki, ABŞ üçün, Azərbaycan üçün müsbət addımdır:

“Münasibətlərin hansı səviyyədə normallaşacağını isə zaman göstərəcək. Əgər ABŞ bundan sonra senatın anti-Azərbaycan qərarını təsdiq etməkdən imtina edəcəksə, ayrı-ayrı platformalarda Azərbaycan əleyhinə bəyanatlara son veriləcəksə, demək münasibətlərin normallaşmasında həqiqətən də maraqlıdırlar. Yox, bu baş verməsə, nəticə olduğu kimi qalacaq. Çünki bizim kiminsə istəkləri ilə öz dövlət maraqlarımızdan imtina etməyimiz mümkün deyil. Azərbaycan olaraq dünyanın supergücü ilə qarşıdurmada maraqlı deyilik. Amma bu, ABŞ-ın hər dediyinə “baş üstə” demək anlamına da gəlməməlidir. Əgər rəsmi Vaşinqton həqiqətən regionda sülhün yaranmasında maraqlıdırsa, o zaman müxtəlif bəhanələrlə sülh sazişindən yayınan Ermənistana təzyiq etməlidir. Ancaq bu halda ABŞ-ın həqiqətən də prosesə töhvə vermək istəməsini, regionda sülh yaratmaq istəyini deyə bilərik”.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ-ın dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidentinə zəngi ABŞ-ın Ermənistan-Azərbaycan arasında sülh danışıqlarının növbəti mərhələyə başlamaq istəyi ilə bağlıdır.

Politoloq qeyd edib ki, göründüyü kimi ABŞ konqresində dinləmələrdə Azərbaycana qarşı tətbiq etdiyi siyasi qadağalar ABŞ tərəfindən aradan götürüldü və tərəflər arasında müəyyən razılığa gəlindi:

“Bu onu təsdiq edir ki, bu danışıqlarda ABŞ Azərbaycanın prinsipial mövqeyinin şahidi oldu. Azərbaycan bununla sübut etdi ki, geri çəkilməyəcək. ABŞ məhz Ermənistanın gündəliyi əsasında sülh müqaviləsinin imzalanmasında maraqlı idi. ABŞ növbəti görüşün Vaşinqtonda keçirilməsi və özünün vasitəçiliyini gündımə gətirməyə çalışır. Əgər ABŞ tərəfi Azərbaycanın 5 təməl prinsipini rəhbər tutan danışıqlara razılıq verəcəksə, Azərbaycan bu danışıqlara qatıla bilər. Sülh müqaviləsi də bu istiqamətdə bağlanmalıdır. Eyni zamanda ABŞ gördü ki, Azərbaycan regionun aparıcı ölkəsidir, Azərbaycansız regionda güclənmək mümkün deyil. Azərbaycanla münasibətləri qorumaq lazımdır. Azərbaycanla bağlı reallığı ABŞ-da başa düşürlər”.

Siyasi ekspert Vüqar Dadaşov hesab edir ki, son dövrlərdə ABŞ-Azərbaycan münasibətlərinin ABŞ tərəfindən məqsədli şəkildə gərginləşdirilməsi məqsədli şəkil daşıyırdı və siyasi hədəflərə hesablanmışdı.

V.Dadaşov qeyd edib ki, ABŞ-ın Azərbaycana qarşı siyasəti heç bir zaman isti olmayıb. Hərçənd, ABŞ Rusiyaya qarşı və ümumiyyətlə Şərq, Cənubi Qafqazla bağlı niyyətlərini həyata keçirmək üçün Azərbaycanla diplomatik və balanslaşdırılmış siyasət görünüşü yaratmağa çalışıb:

 “ABŞ Senatın Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim-in ən azı bu ilin sentyabr ayından başladığı açıq anti-Azərbaycan ritorikası təbii ki, həmin dövrdə ABŞ-ın daha yüksək şəxsləri ilə razılaşdırılmış prosesin daha sərt siyasi-diplomatik təzyiqlərə keçidinin əlamətləri idi. ABŞ-ın Azərbaycana qarşı təzyiqlərini tədricən daha da sərtləşdirməsi ABŞ gözlədiyi effekti vermədi. Xüsusən də Həmas-İsrail müharibəsindən sonra Azərbaycanın tərəflərə qarşı balanslı münasibətinin müəyyən mənada islam təəssübkeşliyi ağırlığı, ABŞ-ı Azərbaycana qarşı daha da qıcıqlandırdı”.

Ekspert hesab edir ki, ABŞ Azərbaycanla münasibətlərin daha da gərginləşməsinə getməyəcək. Onun fikrincə, Cənubi Qafqazın aparıcı dövləti, Türkiyənin müttəfiqi, Avropanın enerji təhlükəsizliyinin vacib faktoru, İslam Əməkdaşlıq Təşkilatının, Türk Dövlətləri Birliyinin üzvü, Qoşulma Hərəkatının lideri kimi və Rusiya-Azərbaycan münasibətlərinin perspektivləri ABŞ-ı Azərbaycana qarşı çox diqqətli olmağı şərtləndirir:

“ABŞ-ın Azərbaycanla münasibətini normallaşdırmaq üçün addım atacağı gözlənilən idi. Eləcə də noyabrın 27-də ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi barədə məlumatın birinci olaraq ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller tərəfindən yayımlanası beynəlxalq siyasi-diplomatik nöqteyi nəzərdən vacib elementdir. ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında olan danışıqlarının  Azərbaycan tərəfinin tələblərinin qəbul edilməsi ilə yekunlaşması, Azərbaycan dövlətinin nüfuzunun göstəricisidir.  Azərbaycan dövləti sahib olduğu nüfuzunu iqtisadi, hərbi, siyasi-diplomatik çalışmaları ilə əldə edib. Artıq Azərbaycan dövləti nəinki regionun lideri, eyni zamanda da beynəlxalq arenada təsirli mövqeyi ilə sözü keçən və hesablaşmalı olan dövlətdir. ABŞ kimi dövlətin Azərbaycan maraqları ilə hesablaşması və ilk addım atması Azərbaycanın milli maraqlarının qəbulunun məcburi etirafıdır.

Dövlətin böyüklüyü, qüdrətli olması təkcə iqtisadi, hərbi gücü ilə bağlı deyil. Əlbəttə ki, olduqca ağır çəkiyə malik iqtisadi və hərbi güc imkanları asılı olmayan iqtisadi, suveren hərbi texniki potensiala bağlıdır. Azərbaycan hərbi-texniki sənayesini müstəqil şəkildə öz daxili potensialı hesabına gücləndirməsi, onun öz maraqlarını daha da israrla müdafiəsinə imkanı genişləndir.

Yeri gəlmişkən, Ermənistan və onun havadarları tərəfindən işğsl etdiyi ərazilərimizi möhtəşəm qələbəmizlə azad etdikdən sonra, ərazİlərimizin minadan təmizlənməsi ən cavib hədəf olaraq qarşımızdadı. Ərazilərimizin minalardan təmizləməsini isə Azərbaycan ümumən təkbaşına və öz imkanları hesabına aparır. Dövlətimiz nəinki iqtisadi, hərbi-texniki baxımdan da təhlükəsizliyini müstəqil şəkildə təmin etməklə, asılı olmayan imkanları ilə süverenliyini möhkəmləndir, qüdrətini artırır.

Azərbaycan dövlətin tələblərinin özünü dünya hegemonu hesab edən ABŞ tərəfindən qəbul edilməsi siyasi-diplomatik uğur kimi, ölkənin iqtisadi, hərbi təhlükəsizliyinə, elmi texniki inkişafa əsaslanan hərbi sənayeyə və sair xarici asılılığı aradan qaldıran imkanlara söykənən nəticədir”.

LƏMAN.

araz.az xəbər portalı.