Uzun müddətdir aktiv jurnalistika ilə məşğul olduğum üçün, azdan-çoxdan mənim də normal əlaqələrim formalaşıb.

Buna görə də çoxlu sayda, müxtəlif məzmunlu tədbirlərə dəvət alıram. Bu dəvətlərin böyük əksəriyyətini qəbul edə bilmirəm. Çünki bir tədbirdə iştirak etmək üçün azı yarım gününü xərcləməlisən.

Onda da işin-gücün tökülüb qalır. Elə jurnalistlər var ki, bütün günü tədbirlərdən şəkillər çəkib paylaşırlar. Bir az diqqətlə baxanda görürsən ki, bu adamlar gün ərzində azı 2-3 tədbirdə iştirak edir. Maraqlı sual yaranır: bəs bunlar yazı nə vaxt yazır və ümumiyyətlə jurnalistika ilə nə zaman məşğul olurlar? Müşahidələr bunu deməyə əsas verir ki, bu qəbildən olanlar jurnalistika ilə qəti məşğul olmur, sadəcə, bu adla dövlətdən qopardıqları pulları yemək üçün baş girələyirlər.

Ən maraqlısı budur ki, bir çoxları özlərinə aid olan və ya olmayan hansı tədbirə gəldi gedirlər. Başıma gələn bir hadisəni danışım. 22 iyulda keçirilən mətbuat bayramında məni bir mötəbər tədbirə dəvət etmişdilər. Dəvət edəndə bildirdilər ki, həmin sahədən yazılar yazdığım üçün qurum məni mükafatlandırmaq istəyir.

Doğrudan da həmin sahə ilə bağlı yazılarım olduğu səbəbindən , etika naminə dəvət olunduğum tədbirdə iştirak etdim. Zal dolu idi. Tədbirdə dövlət qurumlarının nümayəndələri, 7-8 millət vəkili və başqa tanınmış simalar iştirak edirdi. Təltifetmədə gördüm ki, kimə gəldi, aidiyyəti olan və ya olmayan fərqli peşə nümayəndələrinə də mükafat verirlər. Mükafatın adı isə belə idi: “Milli mətbuatın inkişafındakı xudmətlərinə görə”.

Məni səhnəyə dəvət edib, mükafatı təqdim edəndə danışmaq istədiyimi bildirdim. İrad tutdum ki, hansısa müğənniyə bu mükafat niyə verilir? Müğənninin mətbuatın inkişafında nə rolu ola bilər? İrad tutdum ki, lap bu mükafatı verirlər, bəs bəziləri niyə layiq olmadığı mükafatı alır? Təəssüf ki, bizdə imtina mədəniyyətindən daha çox, “nə verdilər qapazla, qoy cibinə” prinsipi inkişaf edib.

Bu geniş məzmunlu girişi təsadüfən vermədim. Dünən qarşıma bir paylaşım çıxdı. Həmi postdan belə başa düşdüm ki, “Tik-Tok” un regional nümayəndəliyi yola saldığımız ilə dair hesat vermək üçün qonaqlıq təşkil edib və ora bəzi media nümayəndələrini dəvət edib. Dəvətliləri gözdən keçirdim, əksəriyyətinin sözügedən şəbəkə ilə yaxından və uzaqdan heç bir əlaqəsinin olmayanlar idi.

Hətta aralarında elələri vardı ki, “Tik-Tok” a faişəxana deyirdi. İndi isə gedib faişəxana dediyi qurumun tədbirində yemək yeyir, boy verib şəkil çəkdirir. Çox maraqlıdır, sözügedən şəbəkənin ölkəmizə aid sektorunun saflaşması uğrunda aktiv mübarizə aparan, sırf xəbər yayımı ilə məşöul olub, dəhşətli rekkordlar qıran heç bir media nümayəndəsinə həmin tədbirdə rast gəlmədim.

Bu anda yadıma bir misal düşdü. Səsi və ifa tərzi normal olmayan bir müğənni yaxınlaşın təbiətçə baməzə adam olan , məşhur kamança ustası Habil Əliyevə və deyir: “Habil müəllim, məni təbrik edə bilərsiniz, Xalq Artisti fəxri adını aldım”. Habil müəllim gülümsəyərək deyir: “Ayıb olsun, bu fəxri adı onlar verirdisə, bəs sən niyə götürürdün?”

“Tik-Tok” da nəinki fəaliyyəti heç profili belə olmayan media nümayəndəsinin həmin tədbirdə nə işi ola bilərdi? Kül olsun elə nümayəndəliyin də başına ki, seqmenti dəqiq araşdırmadan belə biabırçılığa imza atıb. Hesabatda uğurlu səhifələr kimi təqdim edilənlərin heç biri Azərbaycanda populiyarləğa sahib deyil. Deyəsən “Tik-Tok”u da bizim medianın gününə sala biliblər.

Məhəmmədəli QƏRİBLİ.

araz.az xəbər portalı.