Belçikanın Antverpen şəhərində Avropa Müstəqil Mətbuat Şuraları Alyansının (AİPCE) illik toplantısı keçirilir. Azərbaycan Mətbuat Şurasının (MŞ) Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli və qurumun İdarə Heyətinin üzvü Yadigar Məmmədəli konfransda iştirak edirlər.
araz.az bildirir ki,konfransda AİPCE-nin təşkilati məsələləri müzakirə edilib və yeni üzvlərin qəbulu sahəsində strategiya qəbul edilib. Çoxsaylı müraciətlər nəzərə alınaraq, AİPCE-də Avropa Şurasının üzv dövlətləri ilə yanaşı, dünyanın digər ölkələrindən olan media şuralarının da təmsilçiliyinə şərait yaradılması barədə qərar verilib. Yenilənmiş Nizamnaməyə əsasən, Avropa Şurasının üzv dövlətlərindən olan mətbuat şuraları AİPCE-nin sıralarında “Həqiqi üzv”, digər ölkələrdən olanlar isə “Müşahidəçi üzv” statusu ilə təmsil oluna biləcəklər.
Konfransın gedişində müasir media trendləri də müzakirə edilib. “Süni intellektin jurnalistikaya təsirləri”, “ChatGPT, Google Search və müəllif hüquqları”, “Peşəkar KİV-lərin mövcud problemləri və gələcək təhdidlərə qarşı dayanıqlığın yaradılması”, “Rəqəmsallaşma dövründə media şuralarının rolu” kimi mövzular üzrə panel sessiyalar təşkil edilib.
Qeyd edək ki, Avropa Müstəqil Mətbuat Şuraları Alyansı (AİPCE) Avropa Şurasına üzv dövlətlərdə fəaliyyət göstərən mətbuat şuralarının koordinasiyasını həyata keçirən beynəlxalq təşkilatdır. Azərbaycan Mətbuat Şurası AİPCE-nin üzvüdür və onunla sıx əməkdaşlıq şəraitində çalışır.
araz.az xəbər portalı.