“Qızılca xəstəliyi ilə bağlı ölümlərin olmaması üçün diqqət olunası ən vacib məsələ peyvəndlərin tam olmasıdır”.
araz.az bildirir ki, bu fikirləri Musavat.com-a açıqlamasında pediatr Günay Rəsulova bildirib.
O deyib ki, bu xəstəlikdən yalnız peyvənd vasitəsilə qorunmaq mümkündür:”Təbii ki, immun sistemini möhkəm saxlamaq, düzgün qidalanmaq, yuxu rejiminə və uşağın həddən artıq yorulmamasına diqqət etmək etmək lazımdır. Eləcə də, az hərəkətli həyat tərzi, yanlış yemək alışqanlıqları, normal yatmamaq , bütün bunlar immun sistemini aşağı salan faktorlardır. Ən vacibi isə uşaqları xəstə insanlardan uzaq tutmaq lazımdır. Uşağı məcbur qalmayınca qapalı ortamlara aparmamaq lazımdır. Xəstə uşağa diqqət etmək lazımdır. Gecdir deyə peyvənd vurdurmamaq yanlışdır. Peyvəndin iki doza olması vacibdir”.
Qeyd edək ki, son iki gündə iki uşaq virus səbəbindən vəfat edib. Onlardan biri Şirvanda 12 yaşlı Ömər Kürdoğlu Şahbazzadə infeksiyanın ağır fəsadları nəticəsində dünyasını dəyişib. Bu indiyədək qızılcadan vəfat etmiş uşaqlar arasında yaşca ən böyüyüdür.
Digəri, Şəmkirdə 4 yaşlı oğlan uşağı qızılca xəstəliyindən ölüb. 2019-cu il təvəllüdlü Şəmkir rayon sakini H. Allahyarov qızılca xəstəliyindən ağırlaşaraq Gəncə şəhərinə gətirilən zaman yolda ölüb. Bu, son bir ayda qızılca xəstəliyindən yeddinci uşaq ölümü sayılır.
araz.az xəbər portalı.