Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Qərbi Azərbaycan incəsənətinə həsr edilmiş “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərgi açılıb.
araz.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, tanınmış ictimai və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbiri açan Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova sərgi barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı, Qərbi Azərbaycan İcmasının dəstəyi ilə keçirilən sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və “Qızılı Xalçalar” Qalereyasının kolleksiyasından təsviri və dekorativ tətbiqi sənətin müxtəlif növlərinə aid eksponatlar, foto və tarixi sənədlər, numizmatika nümunələri və s. nümayiş etdirilir. Muzeyin direktoru əlavə edib ki, sərgidə 100-ə yaxın eksponat təqdim olunur.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova 2023-cü ilin bir çox vacib hadisələrlə yadda qaldığını deyib. O, xalqımızın bu il Heydər Əliyevin 100 illiyini qeyd etdiyini, həmçinin ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qeyd edib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin dediyi “bir gün Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar” fikri reallaşacaq. Nazir müavini bildirib ki, bu sərgi Qərbi Azərbaycan mədəniyyətinin geniş ictimaiyyətə çatdırılması və tarixi yaddaşın yenilənməsində, həmçinin dünyada tanıdılmasında mühüm rol oynayır. Qərbi Azərbaycanın qədim mədəniyyət nümunələri ilə zəngin olduğunu qeyd edən S.Yusifova əlavə edib ki, onların bir çoxu vandalizmə məruz qalıb, dağıdılıb, bəziləri isə saxtalaşdırılıb.
Milli Məclisin deputatı Hikmət Babaoğlu öz növbəsində sərgini böyük mədəniyyət hadisəsi adlandırıb. “Hər bir azərbaycanlı inanır ki, ümummilli davası olan Qərbi Azərbaycan davasında siyasi istiqamətimiz bizi o torpaqlara qaytaracaq Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyu siyasət olacaq”, – deyə deputat bildirib. O əlavə edib ki, Qərbi Azərbaycanın böyük tarixi mədəni irsi var və bu irs haqqında məlumatları geniş kütləyə çatdırmaq mütləqdir.
Sonra qonaqlar sərginin eksponatları ilə tanış olublar.
Qərbi Azərbaycan ərazisində tarixən mövcud olmuş nadir sənət abidələrimiz dədə-baba torpaqlarından deportasiya edilmiş xalqımızın buradakı izini silmək üçün dağıdılaraq misli görünməmiş vandalizmə uğramışdır. Məhv edilən dəyərli abidələr içərisində Azərbaycan memarlığının şah əsərlərindən olan İrəvan Sərdar sarayı da var. Təqdim olunan ekspozisiyada ölkəmizin muzey tarixində ilk dəfə olaraq süni intellekt vasitəsilə Sərdar sarayının Qacar üslubunda işlənmiş füsunkar interyeri fotoproyeksiya ilə canlandırılır. Təqdim olunan arxiv fotoları Dövlət Rus Muzeyi və Gürcüstan Dövlət İncəsənət Muzeyindən əldə edilib. Ekspozisiyada, həmçinin Azərbaycan dəzgah boyakarlığının banisi M.Q.İrəvaninin əsilləri Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılan saray üçün işlədiyi pannolarının surətləri və indiyə kimi işıq üzü görməyən divar rəsmlərinin eskizləri nümayiş olunur.
Sərgidə görkəmli Azərbaycan rəssamı Bəhruz Kəngərlinin erməni daşnaklarının törətdikləri vəhşiliklər nəticəsində yurd-yuvasından didərgin düşərək Naxçıvana sığınan insanları təsvir etdiyi “Qaçqınlar” silsiləsi təqdim edilir.
Burada Səfəvilər dövründə İrəvanda zərb olunan qızıl, gümüş, mis sikkələr, həmçinin dövlətçilik atributlarından olan İrəvan xanlığına aid bayraqların surətləri, vaxtilə İrəvanın məşhur nəsillərindən olan ziyalıların evlərini bəzəmiş sənət nümunələri də yer alır. Əslən Qərbi Azərbaycandan olan Xalq rəssamı Hüseyn Əliyevin qrafika əsərləri və görkəmli xalçaçı-rəssam Kamil Əliyevin müəllifi olduğu xalçalar sərgidə nümayiş etdirilən eksponatlar sırasına daxildir.
Sərgi gələn il fevralın 28-dək davam edəcək.
araz.az xəbər portalı.