Onun avtobioqrafiyasından qeyd etdiyim faktları xatırlayıram: Azərbaycan Dövlət Universitetinin biologiya (azərbaycan dilində), Yerevan Kənd Təsərrüfatı İnstitunun aqronomluq (erməni dilində) fakültələrini, Moskva Kənd Təsərrüfatı Akademiyasının kurslarını, Ali komsomol və partiya məktəblərini (rus dilində) bitirən, ən gənc məktəb direktoru, partiya təşkilatı rəhbəri, təkcə rayon komsomol komitəsinin ən gənc katibi deyil, rayon partiya komitəsinin də ən gənc ideologiya şğbəsinin müdiri.
O, xalqının əslərlə yaradaraq formalaşdırdığı dəyərlərin daşıyıcılarından idi və bütün şüurlu həyatı boyu bu dəyərlərin yaşamasına çalışdı. O, milli xüsusiyyətləri ekspozisiya elementi kimi yox, canlı orqanizmin tərkib hissəsi kimi görür və varlığıyla onun gəlişməsi üçün praktik işlər görürdü. Mahalda istedalı və işıqlı gənclərin onun ətrafında yığılmasını bu işləri şərtləndirirdi.
O, millətini sevir və bu sevgini anasına qayğıdan doğan bir hiss kimi qəbul edirdi.
Ömrü boyu təmənnasız xidməti ancaq bu keyfiyyətlərlə izah etmək olar.
O, kiməsə dəstək olmağı hansısa maddi qazancın müstəvisində görməyi təsəvvür etmirdi.
Hə, belə zamanlar və o zamanların yaratdığı insanlar onda daha çox gözə dəyirdi.
Arif müəllimi şəxsən və yaxud qiyabi olaraq tanıyanlar onu bu cür xatırlayırlar.
Bu qeyri-adi istedada və dünyagörüşə malik azərbaycanlıya, ədalət naminə qeyd edək ki, xüsusi ehtiramla yanaşan etnik ermənilər də az deyildi.
Elə ona görə idi ki, 1987-ci ilin payızında, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini Heydər Əlirza oğlu Əliyevin istefasına görə narahatlığını Kremlə vurulan teleqramlarda bildirən ilk reaksiyalar Ermənistan SSR Amasiya rayonunda qeydə alınsa da İrəvanda bunu “perestroykanın doğurduğu etiraz hüququ” kimi qəbul etdilər.
Buna görə idi ki, 1988-ci ilin yazında Azərbaycanın xalq yazıçısı Anarın 50 illik yubileyi ilə bağlı Amasiya rayonundan Bakı şəhərindəki Xaqani küçəsinə gedən çoxsaylı təbrik teleqramlarının kim tərəfindən təşkil edildiyi araşdırılsa da təşkilatçının taleyini “həll etməyi” lazım bilmədilər.
Bu, hazırki məqamda çoxları üçün adi hərəkət kimi qəbul edilsə də, Erməistan KP Amasiya rayon komitəsi ideologiya şöbəsinin müdiri Arif Bayramov oxşar hadisələrdə lokomotiv olmağın bədəlini gözəl bilirdi.
Azərbaycanlıların sonuncu deportasiyasından sonra qaçqın kimi gəldiyi Bakıda 1990-cı ildə işlədiyi Azərbaycan KP Oktyabr (Yasamal) komitəsindəki xidməti otağındakı iş stolunda Heydər Əliyevin fotosunun qərar tutmasının hansı nəticələr verəcəyini təsəvvür edirdi.
O, həyatı boyu qəlbən inandığı idealların arxasınca getməkdən çəkinmədi.
O, ideallar üçün konkret hərəkətlərində hansısa mənafeyi ağlına gətirmirdi.
Heç 1991-ci ildə rəsmi dövlət qurumunda işləsə də Azərbaycan Respublikası Prezidenti seçkilərində yaş senzinə qarşı olanlar cərgəsindəki fəaliyyətini bircə dəfə olsun qabartmadı.
1992-ci ilin payızında Yeni Azərbaycan Partiyası təəssübkeşlərinin sırasında olmağını da yalnız onunla bir yerdə gedənlər və bir də onu tanıyaraq bu sıraya qatılanlar bildi.
Buna görə Arif müəllim ömrünün ən enerjili vaxtlarında özəl şirkətlərdə ekspeditor işləməyini həyatının “qara xətti” kimi qəbul etmirdi.
O, bütün namuslu insanlar kimi sevdiyi şəxsiyyətin və idealların uğrunda təmənnasız getdi.
Arif Səməd oğlu Bayramovun avtobioqrafiyasını şərtləndirən amillər bunlar idi.
O, belə yaşadı və nə yaxşı ki, bu yaşantıları minnətdarlıqla xatırlayan insanlar var.
Allahın rəhməti olsun..!
Firuz NOVRUZOV
araz.az xəbər portalı.