araz.az Globalinfo.az-a istinadən sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanovla müsahibəni təqdim edir:
– Misir müəllim, bir neçə gün əvvəl “kəriməçilərin” sizə sui-qəsd təşkil etməsinə dair xəbərlər yayıldı. Bu haqda nə deyə bilərsiniz?
– Açığı, özümə qarşı hansısa sui-qəsd cəhdi hiss etməmişəm, amma dedilər ki, belə plan olub. Hazırda həmin şəxsin məhkəməsi davam edir, araşdırmalar aparılır.
– Bəs bu cəhd nə zaman olub? Siz nazir olduğunuz dövrdə, yoxsa yaxın vaxtlarda?
– Dəqiq tarixi deyə bilməyəcəm, lakin yeni işimdə olarkən baş verib. Ola bilər, nazir olduğum vaxtla əlaqədardır, çünki burada kiçik vəzifədə çalışıram. Yəqin ki, nazir olduğum zaman hansısa addımım həmin şəxslərin xoşuna gəlməyib. Bu, sadəcə, mənim versiyamdır…
– Sizcə, hansı sözünüz və ya çıxışınız onların xoşuna gəlməyib?
– Təxmini düşündüklərim var, amma sui-qəsdə səbəb olacaq bir addım atmamışam. Hazırda araşdırma aparılır. İstintaq yekunlaşmadan bu barədə danışmağım doğru olmaz. Hər şeyi açıqlasam, istintaqın işinə mane ola bilərəm. Hansısa sözüm işə kölgə salar.
– Düşməniniz çoxdur?
– İnanmıram ki, düşmənim olsun, çünki həyatda heç kimə pislik etməmişəm. Ola bilər, yaxşılıq edə bilməyim, amma pislik də etməmişəm.
– 7 fevral 2024-cü il tarixində növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə hansı statusda iştirak edəcəksiniz?
– Əvvəla, bir vətəndaş kimi səsvermədə iştirak edəcəyəm. Həm də Prezidentin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının (YAP) veteranlar şurasının üzvü olduğum üçün yəqin ki, daha fəal iştirak etmiş olacağam və səsvermə hüququ olan insanların cənab Prezidentə səs verməsinin təbliğini aparacağam. Artıq uzun illərdir ölkə başçımızın təbliğatçılarından biriyəm.
– Sosial şəbəkələrdə bir çoxu sizin yenidən təhsil naziri olmağınızı arzu edir. Bəs Misir Mərdanov nazir olmaq istəyirmi?
– Gərək elə şey istəyim ki, mümkün və ya mümkünəyaxın olsun. Artıq 78 yaşım var, bu yaşda biri nazir olmaq istəməz. Haqqımda müsbət düşünənlərə təşəkkür edirəm, amma Allah nə qədər ömür veribsə, indiki iş yerimdə çalışıb Vətənimə, xalqıma xidmət edəcəyəm.
– Sizcə, fərqliliyiniz nədədir ki, insanlar hələ də sizi arzulayır?
– Harada işləməyimdən asılı olmayaraq, hər zaman insanların arasında olmuşam. Bəlkə də digərlərindən fərqli olaraq heç vaxt cangüdənlə, sürücü ilə gəzməmişəm, özümə və ailəmə məxsus olan işləri özüm etmişəm, bazarlıqlara tək getmişəm, bu gün də eynisini edirəm. Çalışmışam, insanların arasında daha çox olum, arzu və istəklərini dinləyim. Bütün fəaliyyətim boyunca onlara xidmət etmişəm. Məni sevməklərinin səbəbi bu ola bilər.
– Misir müəllim, övladlarınız arasında yolunuzu davam etdirən var?
– Təəssüf ki, yoxdur. 3 övladım var: oğlum polisdə işləyib, indi təqaüddədir, qızımın biri evdar xanımdır, digəri isə universitetdə dosentdir. Lakin mənim ixtisasım üzrə deyil. Yoldaşım da evdar xanımdır. Bu yaşda mənə baxsa, kifayət edir (gülür).
– Xanımınızın çalışmasını özünüz istəməmisiniz?
– Həyat yoldaşım ali təhsillidir. Hətta universiteti yüksək səviyyədə bitirib. Çalışsa, daha yaxşı uğurlar əldə edə bilərdi, amma istəmədi. Xanımım övladlarımıza, mənə, indi də nəvələrimizə vaxt ayırmağı seçdi. Qərarına hörmətlə yanaşdım. Əvvəllər orta məktəbdə biologiya müəllimi olaraq işləyirdi, sonra istəmədi. Mən onun çalışmasına heç vaxt mane olmamışam. Qərarı xanımım verib.
araz.az xəbər portalı.