Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin İctimai televiziyasına müsahibəsində deyib ki, Qarabağ münaqişəsi ilə bağlı prosesdə problemin həllinə yönələn variant olmayıb. “Madrid prinsipləri”ndən bu yana masa üzərində olan bütün variantlar Qarabağ məsələsinin həll olunmamasını nəzərdə tuturdu.

araz.az   Globalinfo.az-a istinadən xəbər verir ki, Paşinyan bildirib ki, 1999-cu ildə məsələnin kökdən həlli üçün sadəcə bir variant irəli sürüldü. Bu variant Mehrinin Qarabağla mübadiləsini nəzərdə tuturdu. Yəni Mehri Azərbaycana veriləcək, Qarabağ isə Ermənistana birləşdiriləcəkdi. Lakin problemin uzadılması Ermənistan və Azərbaycan üzərində, bir növ, kölgə kimi saxlanıldı.

Əslində, Paşinyanın qeyd etdiyi məqam müəyyən mənada həqiqəti əks etdirsə də, bütövlükdə belə deyil. Əvvəla, qeyd edim ki, “Qarabağ əvəzinə Mehri” təklifi 1999-cu ildən əvvəl – 1945-ci ildə dilə gətirilib.

Bağırov haqqında qeyri-adi faktlar | Azərbaycan tarixi | Kayzen

Mircəfər Bağırov

Belə ki, həmin vaxt Ümumittifaq Kommunist (bolşevik) Partiyası (ÜK(b)P) Mərkəzi Komitəsinin katibi Georgi Malenkov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırova teleqram yollayır. G.Malenkov Ermənistan K(b)P-nın katibi Arutinovun ÜİK(b)P Mərkəzi Komitəsində baxılmaq üçün Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi məsələsini qaldırdığını qeyd edir. Yəni o, Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsini istəyir. Bağırov isə cavab teleqramında bildirir ki, DQMV-nin Ermənistan SSR-in tərkibinə verilməsi məsələsi ilə bir vaxtda Ermənistan SSR-in Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycanın tərkibinə verilməsi məsələsinə də baxılmalıdır: bu rayonlar Azərbaycana bitişikdir və əsasən azərbaycanlılar məskunlaşıb. Yəni Ermənistan Baş naziri Nikol Paşinyanın bu gün qeyd etdiyi ərazi mübadiləsi məsələsi əslində 80 il əvvəl müzakirə edilib.

Bununla belə etiraf etmək lazımdır ki, 1999-cu il keçmiş Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqların ən aktiv dövrü idi. Vasitəçilərin, tərəflərin bir sıra təklifləri gündəmdə idi. Hətta keçmiş DQMV-yə yüksək muxtariyyətin verilməsi belə gündəmə gəlmişdi.

Paşinyanın qeyd etdiyi məsələ o baxımdan qərəzlidir ki, heç bir halda Azərbaycan Mehri qarşılığında Qarabağı güzəştə getməzdi. Ərazi baxımdan Mehri Qarabağdan çox kiçikdir. Digər tərəfdən, iki ərazinin strateji və təbii sərvət üstünlüyü eyni dərəcədə deyil. Azərbaycan ən yaxşı halda Kəlbəcər və DQMV-ni güzəştə gedə, lakin əvəzində Zəngəzurdan eyni ölçüdə torpaq istəyərdi.

Nəticə etibarilə bütün bu təkliflər və tarixi faktlar geridə qalıb. Artıq yeni reallıqlar var və rəsmi Bakı daha üstün mövqedədir. Belə olan təqdirdə Ermənistanın tək seçimi yekun sülh müqaviləsini imzalamaq və ya bu istiqamətdə danışıqları davam etdirməkdir.

araz.az xəbər portalı.