Etibar ƏLİYEV,
Millət vəkili.
Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, professor Şirməmməd Hüseynovun (17 dekabr 1924, Nuxa – 24 iyun 2019, Bakı) anadan olduğu gündür.
Onun Azərbaycan Demokratik Cumhuriyyətinin, Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində misilsiz xidmətləri olub. Şirməmməd Hüseynov yazır:
“Cümhuriyyət dövründə Məhəmməd Əmingilin üç şüarı var idi. Birincisi, bu millət bu dövləti o vaxt yaşadacaq ki, o başa düşəcək ki, bu vətən də onundur, bu millət də onundur, bu dövlət də. Yəni özününküdür. Görürsən, Üzeyir bəy nə yazır: “Hər şey özümüzündür”. Fasilə məsələsi var e, onu xüsusi vermək lazımdır. Bəziləri deyirdi ki, Cümhuriyyət iflasa uğradı, süqut etdi, ya nə… Məhəmməd Əmin deyir süqut-zad havayı söhbətdir, fasilə olub. Gəlib bizi işğal ediblər, amma biz o fasiləni aradan qaldıracağıq.”
Şirməmməd Hüseynovun həyat fəlsəfəsi olduqca maraqlıdır. Örnəkdir. Böyük alimlə bir müsahibəyə diqqət edin: “Deyir ki, insanların xeyirlisi uzun ömürlü və əməlisaleh adamlardır. Tələbə vaxtı dörd il Moskvada yaşadım, mənə bir qram belə araq içirə bilmədilər. Nəfsinə hakim olasan gərək. Bu günə qədər bir udum belə siqaret çəkməmişəm. Əvvəla ömrü verən yaradandı. Amma Allah adama ağıl da, baş da verir də. Yəni insan yaşayış tərzini özü seçir. Ana babam 97 yaşında vəfat edib. Bizim nəslimiz çox yaşayandı, uzunömürlüdü. İnsanı yaşadan zəhmətdir, əməkdir, həm də fiziki əməkdi. Yəni hər bir canlı özü üçün yaşayış vəsaiti əldə etmək qabiliyyətinə malik olmalıdır. Müstəqil yaşaya bilmək vərdişi adamı zəhmətə alışdırır. Bu gün gözüm yaxşı görür, qulağım yaxşı eşidir, beynim yaxşı işləyir, yaddaşım da yerindədir. Yarım saatdan artıq televizorun qarşısında oturmaram. Gözümü qoruyuram. Səsinə qulaq asıram. Səhər 7-də dururam. Kompüterlə məşğul olmuram. Heç mobil telefonu da yaxınlığıma qoymuram.”
Böyük alimlərin həyat tərzi örnəkdir. Şirməmməd Hüseynov deyirdi ki, yazmadıqlarım yazdıqlarımdan on qat çoxdur: “Cümhuriyyətin 23 aylıq tarixinin, Azərbaycan adlı dövlətin, İslam və türk aləmində ilk Azərbaycan Xalq Cümhuriyyətinin hər günü bir əsrə bərabərdir! Məhəmməd Əmin yazırdı ki, 28 mayda Azərbaycan xalqı bir gündə qərinələrin sevincini yaşadı. Deyir gün var ki, əsrə bərabər.”
Şirməmməd müəllim haqlıdır. Müstəqilliyimizin hər günü bir əsrə bərabərdir. Biz Qalib xalqıq. Bura qələbəmizin hər gününün bir əsrə bərabər olması fikrini də əlavə etmək olar.
Teodor Mommzen və Şirməmməd Hüseynov
1902-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı böyük alman tarixçisi Teodor Mommzenə (30.11.1817 – 01.11.1903) verildi. Mommzen Herodotdan sonra “Tarix” elminin ikinci atası sayılır. Onun tələbələrindən biri yazırdı: “1890-cı illərin əvvəllərində Mommzen çox qocalsa da, ağlı aydın, yaddaşı dolğun və dəqiqliyini itirməmişdi. Müəllimimiz bizə Sokrat dövrünün Afinasından danışırdı. O, ehtiyatla lövhəyə yaxınlaşaraq, e. ə. V əsrin şəhərinin planını çəkdi. Sonra məşhur hovuz və ağaclıqların ətrafında yerləşən məbəd və ictimai binaların yerlərini qeyd etdi. Bütün bunlar Platonun “Fedr” dialoqunun baş verdiyi yerin aydın göstərilməsinə xidmət edirdi. Sokrat Lisinin yerini soruşduqda Fedr cavab verir ki, o, Epikratgildədir. Müəllimimiz Platona istinadən Epikratın evinin yerini göstərdi. Ev Olimpiyalı Zevsin məbədinin yanındadır. Professor sonra Sokrat və Fedrin İlis çayı boyunca uzanan yolla gələrək, sakit bir yerdə, alaçığın altında dialoqa başladıqlarını qrafik şəkildə təsvir etdi.
Heyranedici erudisiyası və zəkası ilə yanaşı, dərin ədəbiyyat bilgisinə malik olan Mommzen auditoriyanı tərk etməyə tələsmirdi. Mühazirənin sonunda auditoriyaya daxil olan qoca xadimə onu evinə aparmağa köməklik etmək üçün gəlmişdi.
Tələbələrdən biri yarızarafatla demişdi: “Dahi tarixçi Berlindəki evini tapa bilmir, ancaq 2500 il bundan əvvəlki Afinanı məhəllə-məhəllə tanıyır”.
Şirməmməd Hüseynovun tədqiqatlarına yenidən nəzər yetirirəm. Ömrünün sonuna qədər ağlının aydınlığını, yaddaşının dolğunluğunu və dəqiqliyini itirmədi. O, Cümhuriyyət dövrünü həmin dövrdə yaşamış insan kimi təsvir edir. Heyrətə gəlirsən…

araz.az xəbər portalı.