1538372665_42889903_993061854200041_1498221494927360000_n.jpg17 il ekologiya və təbii sərvətlər naziri vəzifəsində yaşıllıqlara, meşələrə qənim kəsilmiş, respublikanın meşə fondlarını məhv etmiş Hüseynqulu Bağırov indi də 1992-ci ildən rəhbəri olduğu Qərbi Kaspi universitetində müstəqil mediaya qarşı “soyqırımı”na, repressiyaya başlayıb. Deyəsən, repressiya siyasətində H.Bağırov atasının əmisi olan Mircəfər Bağırova oxşamaq arzusundadır. Heyhat, çox uğursuz sonluğu olan planları var.
Prezidentin etimadını doğrultmadığına, yaşıllıqları kommersantlara peşkəş elədiyinə görə nazir postundan kənarlaşdırılmış H.Bağırovun sahibi olduğu təhsil ocağı Anaxeber.az və bir neçə müstəqil elektron medianı məhkəməyə verərək basqı göstərməkdədir.

İlham Əliyev: “Jurnalistlər köməkçilərimdir”
Sabiq nazir “Diffamasiya haqqında” qanunu pozaraq məhz yazıya görə jurnalistləri məhkəmələrdə sıxışdırır. Hərgah, prezident çıxışında mətbuatın yazılara görə məhkəməyə verilməsini, tənqidlərinə görə jurnalistin həbsini yolverilməz saymışdı.
Ötən il Milli Mətbuat Günü isə prezident İlham Əliyev jurnalistləri onun köməkçiləri adlandıraraq nöqsan, qanunsuzluq olan yerin aşkarlanmasında medianın rolunu qiymətləndirmişdi.
Sitat: “Mən sizə deyə bilərəm ki, bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir, yəni həm xarici siyasət, həm də daxili siyasətlə və təhlükəsizliklə bağlı əsas məsələlər əlbəttə ki, məruzə edilir. Ancaq elə bir məsələ var ki, bu, çox ciddi məsələ sayılmaya bilər, ancaq insanları narahat edən məsələdir.
Bu məlumatlar haqqında mən hərdən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər bilirlər ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı imkan verməyəcək ki, onlar hansısa işlər görsünlər, qüsurlar buraxsınlar.
Ona görə, jurnalistlər bəlkə özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, gələcəkdə də siz bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında – harada ki hansısa ədalətsizlik, qanunsuzluq var – dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz”.
Bu çıxışın tərkib hissəsi olan dövlətin mətbuata maliyyə dəstəyi, evsiz jurnalistlərin mənzillə təmin edilməsinə baxmayaraq, yarıtmaz fəaliyyətinə görə nazir vəzifəsindən çıxarılmış H.Bağırov indi də yaşıllıqlarla bağlı yox, media siyasəti ilə əlaqədar prezidentin kursuna zidd hərəkət etməkdədir.
Sabiq nazirin mediaya hücum səbəbi…
Keçmiş nazirin azad mətbuata hücumlarına səbəb bir neçə ay əvvəl müəllimlərin müraciətinin tirajlanmasıdır. Qərbi Kaspi universitetinin bir qrup keçmiş müəllimi uzun illər əmək haqqını və məzuniyyət pullarını ala bilmədikləri ilə bağlı iddialarının Səbail Məhkəməsi tərəfindən təmin olunmadığını bildirmişdilər.
Müəllimlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ediblər. ƏƏSM müəllimlərin şikayəti əsasında Qərbi Kaspi universitetini cərimələmiş və şikayətçilərə məhkəməyə verib ədaləti bərpa etmək hüquqlarının olması barədə məktub ünvanlamışdı.
Müəllimlərin bildirdiyinə görə, universitetin faktiki sahibi Hüseynqulu Bağırov ƏƏSM-in keçmiş rəisi Səlim Müslümovla danışdıqdan sonra qanunsuz olaraq onun ləğv olunmasına nail olub. Amma bu qərarla tərəfləri tanış etməyiblər. Müəllimlər bu nazirlikdə olanda şöbə müdiri Elşən Tağıyev bildirib ki, Hüseynqulu Bağırovun müdaxiləsindən sonra bacara bilmədik.
Bunun əsasında Səbail Məhkəməsinə müraciət edən müəllimlərin işinə hakim Mədinə Bağırova baxıb. Qərbi Kaspi (Qərb Universiteti) Universitetində uzun illər əvəzçi müəllim kimi işləyən müəllimləri saxta düzəldilmiş sənədlərlə saathesabı kimi qeydə alan məhkəmə hakimi M.Bağırova iddianı təmin etməyib.
Göründüyü kimi, ortalıqda məhkəmə işi var, prosesə hansı hakimin belə baxdığı məlumdur, müəllimlər hüquqlarının pozulduğunu iddia edirlər, universitet rəhbərliyi isə iki cəbhə açaraq, bu məlumatları yayan saytları məhkəməyə verib, azad mətbuatı məhkəməylə təhdid edir.
Azər Talıbov: “Sayt məhkəməyə o halda verilə bilər ki…”
Anaxeber.az saytının baş redaktoru Azər Talıbov dövlət rəhbərliyinə müraciət edərək H.Bağırovun sahibi olduğu universitetin müstəqil KİV-ə məhkəmə yolu ilə təzyiq göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, prezidentin Bağırova etimadı olsaydı, nazir vəzifəsindən çıxarmazdı:
“Vəzifəsinin öhdəsindən gəlməyən bir məmur indi dövlət başçısının mətbuatla bağlı dediklərinin əksinə hərəkət edir, təzyiq göstərməklə geri çəkiləcəyimizi düşünür. Biz isə qarşı tərəfə hər zaman açıq olmuşuq, müəllimlərin məhkəmə işi ilə bağlı rektorluğun, onun mətbuat xidmətinin rəsmi açıqlamasını saytda dərc etmişik
Amma Qərbi Kaspi universitetinin rəhbərliyi onların mövqeyini işıqlandırdığımız halda, məhkəməyə üz tutub, təzyiq yolunu seçib.
Sayt qarşı tərəfin mövqeyini dərc etməkdən imtina edəndə məhkəməyə müraciət oluna bilər. Biz onların bu hüququnu pozmamışıq, qarşı tərəfə meydan vermişik Məhkəmə də iddiaçının qarşısında bu tələbləri qoymalıdır ki, qarşı tərəf kimi mövqeləri dərc olunubsa, iş məhkəmədə araşdırıla bilməz.
Təəssüf ki, Azərbaycan yaşıllıqlarının qənimi olmuş keçmiş nazir Hüseynqulu Bağırovun sahibi olduğu universitet əsassız olaraq məhkəməni seçib, repressiv addımlar atmağa, mətbuatı sıxışdırmağa çalışır, prezidentin mətbuat siyasətinin əleyhinə gedir. Mən burdan ölkə rəhbərliyinə və ictimaiyyətə səslənirəm ki, saytlara hücum çəkən Bağırovun universitetinin təzyiqləri durdurulsun”.
AnaXeber.info

araz.az xəbər portalı.