Tənqidi baxımdan, Masallı rayonu da, elektron mətbuatda adı ən çox hallanan bölgələr sırasındadır. Burada əhalinin harın məmurlardan narazılıqları günü-gündən durmadan artdığından, rayonun kreslo sahibləri daim mətbuatın hədəfindədir. Barəsində ən çox tənqidi yazı dərc olunan belə məmurlardan biri də, Masallı Elektrik Şəbəkəsinin rəisi Alim Qənbərlidir. Onun xosagəlməz fəaliyyəti ilə bağlı narazı sakinlərin şikayət xarakterli çoxsaylı müraciətləri yuxarı instansiyalara da unvanlanır. Lakin bu müraciətlərə cavab almaq müşkülə çevrilib, sakinlərin işıqla bağlı paytaxta ünvanladıqları çoxsaylı şikayətlərdə göstərilən ciddi faktları hələ də eşidən yoxdur.
Bir sözlə, Alim Qənbərli öz kefindədir, narazı sakinlərlə öz bildiyi kimi rəftar edir. Hətta, rəis, sakinlərin bayram günlərini belə qara gətirməkdən qorxmur. Zülmət qaranlığında neft lampasının ümidinə qalan qəsəbə və kənd sakinləri nə edəcəklərini bilmirlər.
Onlar elə bilirdilər ki, Mingəçevirdəki Azərbaycan İstilik Elektrik Stansiyasında baş verən o üzücü olaydan və ölkənin bir gecədə qaranlığa qərq olmasından sonra onların da haqlı narazılıqlarını eşidən tapılacaq. Dövlət başçısı İlham Əliyevin bu olayla bağlı keçirdiyi fövqəladə tədbirdə, ölkənin elektrik enerjisi təsərrüfatında radikal islahatlar həyata keçiriləcəyini qətiyyətlə deyəndə də, rayonun ən ucqar yaşayış məntəqələrindən olan sakinlər belə inanırdılar ki, bundan sonra, evlərindəki ən vacib əşyalardan birinin – alternativ işıq mənbəyi olan kerosin lampalarının yerini unudacaqlar
Lakin belə olmadı — terrora bənzər bu qanqaraldıcı hadisə belə “yatanları oyatmadı”.
Ümumiyyətlə, masallıların bu haqlı narazılıqları müqabilində hökumətin hələ də heç bir tədbir görməməsi yolverilməzdir; İllərdir işıqların tez-tez sönməsi nəinki bu regionun ucqar kəndlərindən, eləcə də mərkəzi yaşayış məntəqələrindən belə yan keçmir.
Bölgədəki ən böyük şəhərtipli qəsəbələrdən biri — Boradigah da, gecələr zülmət qaranlığı ilə çarpışanlar sırasındadır. Bəzən günlərlə işıqsız qalmağa adət edən boradigahlıların, bu payız-qış mövsümü də, üz-gözlərinə qaranlıq çökdürüb. Narahat kütlə eşidib ki, bu qış daha sərt gələcək. Bu qış sərt keçəcəksə, deməli, elektrik şəbəkəsi də sərt qışa hazır olmalıdır. Ancaq, qabaqcadan verilən bu ciddi xəbərdarlığa baxmayaraq, qəsəbənin bərbad durumda olan elektrik enerjisi təchizatı ilə maraqlanan tapılmır ki, tapılmır.
Şəbəkə avadanlıqları ötən əsrdən bəri, demək olar ki, yenilənmir. Ucqarlarda olduğu kimi, burada hökm sürən ciddi təsərrüfatsızlıq ucbatından, qəsəbəyə verilən elektrik enerjisinin yarıdan çox hissəsi itkiyə gedir. İstismara yararsız olan paylayıcı xətlər və dayaqlar köhnəlib. Bu istiqamətdə problemlərin aradan qaldırılmasına dair əvvəllər verilən göstərişlərin icra edilməməsi, evlərin və qeyri-yaşayış obyektlərinin elektrik enerjisi ilə təchizatında ciddi problemlər yaradır. Ölkə başçısı belə bu cür vəziyyəti dözülməz adlandırsa da, “Azərişıq” ASC-nin rəhbərliyi və onun Masallıdakı təmsilçisi Alim Qənbərli bu dözülməzliyə hələ də göz yumurlar. Enerji problemi tamamilə unudulub, hərə öz məqsədi naminə çalışır.
“Araz” Media Qrupunun əməkdaşı Malik Mırzə də, Boradigahda yaşayan narazı sakinlərdəndir. O, bu ciddi problemlə bağlı artıq deməyə söz tapmadığını bildirir: “Əməkdaşı oldugum “Araz” qəzetində də, araz.az saytında da bu barədə dəfələrlə yazmışam. Hətta digər elektron mətbuatlarda, qəzetlərdə də narazı boradigahlıların müraciətləri əsasında yazılar dərc edilib. Nə olsun, dərdə əlac edən yoxdur.
Ayıbdır, vallah! Şəhərtipli bu boyda qəsəbədə yaşayasan, zülmət qaranlığı səni boğa! Əhali qalıb ağ neft, kerosin ümidinə. Dar məqamlarda neft lampaları, generatorlar dadımıza çatır. Zülmət içində olan yolları isə, neft lampası, generatorla işıqlandırmaq olmur axı! Qonaq-qara yanında da üzümüzü qara ediblər. Hətta bayram günlərimiz də qaranlıqda keçir. Elə, Milli Müstəqillik günündə Boradigahda olsaydınız, bu qanqaraldıcı vəziyyətə özünüz şahidlik edərdiniz. Televiziya ekranlarında bir bayram verilişinə belə baxa bilmədik. Evdə, arvad-uşaq yanında da biabır olmuşuq.
Bu üzqaralığı yüksək çinli məmurların yarıtmaz iş metodlarının acı nəticəsidir. Tanrı onların da üzünü qara edəcək — buna tam əminik!..”.
Malik Mirzə onu da deyir ki, kəndlərdə olduğu kimi, Boradigahda da elektrik şəbəkəsi, əhalinin elektriklə təminatı uzun illər boyu acınacaqlı vəziyyətdə olub. Ötən əsrdə basdırılmış ağac dayaqlar, köhnəlmiş hava xətləri xüsusən sərt payız-qış aylarında, küləkdə-çovğunda tez-tez sıradan çıxır: “Sakinlər bəzən həftələrlə işıqsız qalıb. İndinin özündə belə dayaqların tamamilə dəyişdirilməsi prosesinə başlanılmayıb. O cümlədən, kabelləşmə, köhnə sayğacların əvəzlənməsi də aparılmır. Halbuki, qəsəbəni elektrik enerjisi ilə təmin edən, istismar müddətini çoxdan başa vurub, sıradan çıxan transformatorların yenisi ilə əvəzlənməsinə təcili ehtiyac yaranıb.
Elektrik şəbəkəsinin yenilənməsi prosesi çoxdan buraya çatıb. Lakin, şəbəkənin əvvəlki rəhbərləri kimi, Alım Qənbərli də, bizi bu bəladan qurtarmaq əvəzinə, hələ də sovetlər dönəmindən qalan və qiyməti günü-gündən qalxan mis naqillər axtarır ki, doğratdırıb satsın. Gözəgəlimli olsun deyə, köhnə avadanlıqları rənglətdirməklə işini bitmiş hesab edir.
Ümid edirik ki, haraylarımızı eşidən tapılacaq. Nəhayət bu boyda yaşayış məntəqəsinin işıq problemini də yada salan olacaq, bu yöndə də ciddi addımlar atılacaq. Bir halda ki, möhtərəm prezidentimiz kənd və qəsəbələrdəki belə biabırçılıqların, sarsıdıcı halların aradan qaldırılması sarıdan öz ciddi göstərişlərini verib, bu olacaq, mütləq olacaq!
Onsuz da, Alim Qənbərli kimi özbaşınalıq edib, harınlayan, rüşvətə və korrupsiyaya bulaşan, əhaliyə xidmət etmək əvəzinə, onlara zülm verən məmurların sonu çatıb. Belələrinin öz ciddi cəzalarını aldıqları barədə vaxtaşırı xəbərlər də alırıq. Belə məmurların böyük əksəriyyətinin idarəçilik anarxiyaları, yarıtmaz iş metodları, xalqla pis rəftarları, xalqın əmlakını talamaları buna əsas verir.
Ümumiyyətlə, Masallı Elektrik Şəbəkəsi tərəfindən, balansında olan paylayıcı şəbəkələrdə həyata keçirilən yenidənqurma işləri davam etdirilmir. Kabelləşmə həyata keçirilmir. Smartkart tipli sayğacların quraşdırılması üçün, sayğacların girişinə kabel çəkilmir. Bir sözlə, elektrik verilişi xətlərində əsaslı təmir işləri aparılmır.
Şəbəkədə yenidənqurma işləri yoxdur deyə, əvvəllər hökm sürən təsərrüfatsızlığın aradan qaldırılması, elektrik enerjisi itkisini azaltmaq mümkün olmayıb. İtkinin əsas səbəbi isə, köhnəlmiş naqillərdir ki, hazırda onların müasir kabellərlə əvəzlənməsi prosesi də getmir. Naqillər uzun illər boyu korroziyaya məruz qaldığından, keçiricilik qabiliyyəti aşağı düşüb, nəticədə, itkilərin yaranması çoxalıb. Son günlərini yaşayan, bir neçə yerdən calanmış açıq naqillər insan həyatı üçün də, qorxunc təhlükə mənbəyidir.
Bütün bunlara görə, mən bir masallılı kimi, olduqca narahatam…”.
Malik Mirzənin dediyi kimi, doğrudan da, on minlərlə abonentə xidmət edən Masallı Elektrik Şəbəkəsində yenidənqurmadan əsər-əlamət yoxdur. Əhali sayının artması nəticəsində, yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sayı artsa da, şəbəkənin qoyuluş gücü hələ də artırılmayıb. Yol boyu yaşayış məntəqələrində elektrik şəbəkəsi infrastrukturunda yeniliklərin olmaması da, hər addımda nəzərə çarpır. İndiyədək, açıq hava altındakı köhnə tipli sovet transformatorları, müasir qapalı Komplekt Transformator Məntəqələri ilə (KTM-lərlə), küçələr boyu yıxıla-dura cərgələnən köhnə ağac dayaqlar yeniləri ilə, korroziyaya uğramış açıq naqillər daşıyıcı kabellərlə, istismara yararsız minlərlə sayğac yeniləri ilə əvəzlənməyib, qabaqcıl standartlara uyğun avtomat idarəetmə-nəzarət sistemi belə qurulmayıb. Hər addımda nöqsan və çatışmazlıq aşkarlanır.
Bunların acı nəticəsidir ki, mərkəz də, yüksək və alçaq gərginlikli şəbəkələrə fasiləsiz nəzarət edə, sərfiyyat göstəricilərini, açılma və qoşulmaları, abonentlərin sayğaclarının göstəricilərini yeni rejimə uyğun izləyib, oxuya bilmir.
Yuxarıda göstərilənlər, Masallıda elektrik təchizatı sahəsində vəziyyətin necə olduğu haqda hər şeyi deyir. Vəziyyət, doğrudan da, çox gərgindir. Demək olar ki, rayonda hər kəsin işıqla bağlı ciddi şikayəti var! Sakinlərin yeganə arzusu, şəbəkənin yenidən qurulması üçün, yuxarı instansiyalardan daha ciddi göstərişlərin verilməsidir. Onsuz da, yerli hakimiyyət illərdir masallıların səsini eşitmir.
Əli HÜSEYN,
Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbirləri.
araz.az xəbər portalı.