5 nəfər doğma-yaxını Qarabağ savaşında şəhid olan, haqqı tapdanan imkansız qadının fəryadını eşidib, dadına çatmaq istəyənlər yalnız beynəlxalq təşkilatlardır

İnsan haqlarının, hüquq və azadlıqlarının pozulmasına qarşı aktiv fəaliyyəti ilə tanınmaqla, dünyanın dörd bir yanında nüfuz sahibliyi qazanan Dünya Xalqları Alyansının etiraz ilkinə rəğmən başlayan beynəlxalq reaksiyalar səngimir: Başçının isə, dünya vecinə deyil!

ALEKSANDER ŞAPİRO — SULİMAN: “Tam əminəm ki, beynəlxalq təşkilatların belə kəskin etirazlarının bu problemin həlli gedişində incidilən və zərərçəkənlərə böyük köməyi dəyəcək. Lakin təəssüf hissi ilə onu demək istəyirəm ki, Azərbaycan tarixinə mühüm siyasi hadisə kimi yazılacaq və dövlət qarşısında geniş üfüqlər açacaq növbədənkənar prezident seçkiləri ərəfəsində, beynəlxalq aləmdə insanlıq əleyhinə hesablanan vandalizm xarakterli belə özbaşınalıqların və qanunsuz hərəkətlərin davam etdirilməsi yolverilməz və bağışlanmazdır — dərhal qarşısı alınmalıydı!”


Çəkişmə ilə başlayıb, dəhşət doğuran nəticələrlə hələ də davam edən bu torpaq qalmaqalı paytaxt Bakının Səbail rayonu ərazisindəki Salyan şosesi, 32 deyilən ünvanda baş verdi. Fərdi torpaq sahələrinin yerləşdiyi bu böyük ərazidə, necə deyərlər, “ağına-bozuna baxmadan” törədilən qanunsuzluqlar və özbaşınalıqlar ilk olaraq ölkənin ayrı-ayrı media vasitələri tərəfindən ictimaiyyətin diqqətinə çatdırıldı. Bir sıra mətbu orqanlarla bərabər, araz.az xəbər portalında da, baş verənlərin ikrah doğuran gedişi barədə geniş yazılar dərc edildi. Doğrusu, bu ciddi məsələ ilə bağlı yazılası çox şey var, lakin əvvəlcədən düşündüyümüz əsas başlığı və sərlövhələri ilə müəyyən olunan mövzusundan kənara çıxmayaq deyə, bu yazımızı isə, qalmaqalın gedişi zamanı rayon rəhbərliyi səviyyəsində “oynanılan oyun havalarının konkret notları” əsasında qələmə aldıq. Dəyərli oxucularımıza isə məsləhət görürük ki, torpaq qalmaqalında baş verənlərlə bağlı ətraflı məlumatı ötən yazılarımızdan əldə edə bilərlər.

Qeyd edək ki, bu torpaq sahələri 19 il bundan öncə, qanun tələbləri çərçivəsində ayrı-ayrılıqda 12 nəfərə — Osman Tanrıverdiyev, Rövşən Feyziyev, Üzeyir Allahverdiyev, Zinyət Tanrıverdiyeva… ad və soyadlı ölkə vətəndaşlarına verilib. Hətta qanuni sahiblik barədə onların əllərində istənilən rəsmi sənədləri də var. O vaxtlar, bu torpaq sahələrinin alqı-satqı aktlarındakı tələb olunan dövlət rüsumlarını da, tam olaraq ödəyiblər.

Adını çəkdiyimiz məlum ərazidəki torpaq sahələrindən birinin rəsmi sahibi də, Qarabağ uğrunda gedən savaşlarda şəhidlik zirvəsinə yüksələn 5 nəfər doğma-yaxınının yoxluq ağrı-acılarını indiyədək könlündən silə bilməyən imkansız qadın Zəkiyyə Həziyevadır. Elə, məyusedici təəssüf hissləri doğuran bu yazımızın əsas mövzusu da, bu “torpaq oyununda” onun başına gətirilənlərlə bağlıdır. Bu xanım düz 18 il idi ki, birtəhər, daha çox doğma-yaxınları, dost-tanışları tərəfindən edilən təmənnasız kömək hesabına burada tikib başa çatdırdığı evində yaşayırdı. Di gəl ki, olmazın çətinliklər, əzab-əziyyətlər hesabına qurduğu bu sığınacaq tipli evini də, özünün “mərdiməzarlar və naxələflər” adlandırdığı vəzifə sahibləri ona çox gördülər. İcra başçısı Vüqar Zeynalovun “qoçu dəstəsi” tərəfindən evi başına uçuruldu, istifadə etdiyi bütün ev əşyaları və avadanlıqlar tar-mar edilərək, ayaqlar altına atıldı. Rayon rəhbəri tərəfindən ünvansız yaşamağa məhkum edilən bu naəlac qadın indi ağır durumdadır. Günü bu günədək ortada heç bir dövlət qurumundan bu ciddi məsələyə münasibət yoxdur deyə, nə edəcəyini bilmir. Bir sözlə, ölkə paytaxtında belə bir hay-küylü torpaq qalmaqalının yaranmasında əsas günahkarların qanunlar çərçivəsini aşan və birbaşa özbaşınalığa hesablanan əməlləri ilə bağlı ölçü götürən tapılmır ki, tapılmır. Döymədiyi dövlət rəsmisi qapısı qalmasa da, şikayət xarakterli bütün şifahi və yazılı müraciətlərinə baxılıb, ölçü götürülməsi üçün, geri, yaşadığı ərazinin icra hakimiyyəti strukturlarının rəsmiləri üstünə qaytarılıb.

Zəkiyyyə Həziyevanın özünün dediyinə görə, elə dəhşət də ondadır ki, onların rəhbərlik etdikləri bu idarələrdən adi bir şikayətə cavab almaq, nəinki özü, əksər şikayətçilər üçün də, müşkül məsələyə çevrilib:

— Vüqar Zeynalov başçı olan gündən, ciddi göstərişi və qəti tələbi hesabına, sanki bu idarələri də, bizim torpaqlarımız yerləşən ərazi kimi “hasarlatdırıb”, içəri keçib, adi bir söz demək belə mümkünsüzdür. Bu, həm də o deməkdir ki, icra başçısı, hətta rayondakı adi bir idarədə belə idarəçiliyi öz əlində cəmləşdirib. Heç kəsə sirr deyil ki, Vüqar Zeynalov təkbaşına yox, bələdiyyə sədri Hacı Əliyevlə birlikdə, idarəçilik sahəsində bir “doğma-yaxın ansamblı” formalaşdırıblar. Daha doğrusu, başçı və bələdiyyə sədri başlarına “çaldıqları havalarda oynamağı” bacaranları toplayaraq, bu “ansamblı” yaratdıqdan sonra, öz işlərinə başlayıblar — “dirijoru” Vaqif Zeynalovun özü, rayonda baş verənlərin, müxtəlif “notlar üstə çalınan oyun havalarının bəstəçisi” isə, Hacı Əliyevdir. Daha dəqiq desək, “bəstəçinin” əvvəlcədən düşünüb, müəyyən etdiyi usandırıcı “notlar” isə, “dirijoru əlindəki çubuğu” elə fırlatmağa təhrik edəndir. Məlum səs-küylü torpaq qalmaqalı da, belə bir usandırıcı təhrikdən yarandı. Bir daha baş verənlərlə sübut olundu ki, təkcə “dirijoru” yox, “bəstəçisinin” özü belə bu “ansamblın” işini öz istədiyi tərzdə tənzimləməkdə mahirdir — öncədən düşündüyü “notlar indiyədək dirijor çubuğunu necə fırladıbsa, havalar da elə çalınıb, oyunlar da elə oynanıb”. Bunu təkcə mən yox, bütün rayon camaatı deyir.

Doğrudan da, belədir! Hara getsən, hansı idarə qapısını açsan, orada onların doğma-yaxınlarıdır. Vay halına ki, bir şikayətinə normal cavab dalınca İcra Hakimiyyətinin şöbələrinə və digər idarələrə, Bələdiyyəyə gedəsən, elə onda da, doğma-yaxınları — şöbə müdiri İlham və onun başçı sürücüsü olan atası, MİS-in mühəndisi vəzifəsindəki yeznəsi Samir, başçı köməkçisi Fikrət, onun həm DSK-nın, həm də Səbail Rayon Bələdiyyəsinin üzvü olan həyat yoldaşı Cəmalə, Hacı Əliyevin həm bələdiyyədə işləyən, həm də DSK-nın üzvü olan kürəkəni Zaur, başçının bələdiyyə əməkdaşı olan baldızı Nigar və İcra Hakimiyyətinin 1 saylı İcra Nümayəndəliyində həm mühəndis, həm də dövlət qulluqçusu kimi özünü tanıdan, lakin işinə hərdənbir gəlib-gedən baldızı oğlu, bələdiyyə sədrinin elə burada işləyən və hətta həmkarların sədri vəzifəsini tutan qardaşı oğlu, Əli Kərimlinin əsl təəssübkeşi kimi ad qazanan nəvəsi, Bələdiyyədəki bacanağı Fərhad və onun Bələdiyyə üzvü olan qızı Pərvin,.. adamın başına bir oyun açırlar ki, gəl görəsən!

Hər kəs yaxşı bilir ki, İcra Hakimiyyəti strukturlarında işləmək üçün, iş bacarığına malik işçilər, sosial, iqtisadi və maliyyə məsələləri üzrə savadlı mütəxəssislər lazımdır. Amma tanıyanlar yaxşı bilirlər ki, bu “ansambldakıların” çoxunun heç düz-əməlli təhsilləri belə yoxdur. Bu adamların harada oxumaları, hansı ixtisas üzrə təhsil almaları da, heç kəsə bəlli deyil. Amma adamları şantaj və təhdid etməyi, onlara hədə-qorxu gəlməyi əla bacarırlar. Vəzifə sahiblərinin yanında özlərinə yer edəndən sonra isə, “caynaqlarını işə salaraq”, qarşılarında olanları təhdid və şantaj etməyə, onlara şər-böhtan atmağa başlayıblar. Bir sözlə, bu adamlar təkcə özününküləri yox, yaxın dost-tanışlarını da, bu iyrənc şantaj şəbəkəsinə qoşa biliblər. Hətta onların müharibə adamlarına qarşı qəddar münasibətləri də hamıya məlumdur. Bax, bu da, elə: “Özümə yer edim, gör sənə nə edərəm!” — deməyin bariz nümunəsidir!

Bununla onu da demək istəyirəm ki, elə bil, bu rayonun idarəetməsində bir dəstə oturub, öz dövlətinə qarşı xalq nifrəti yaratmaq üçün əllərindən gələni edirlər. Təki rayon sakinləri nifrətdən boğulsun, adamlar bir-birindən iyrənsin. Onlar başa düşmək istəmirlər ki, ölkənin gələcək taleyini müəyyən edən belə bir həssas məqamda bunları etmək əsl xəyanət və düşmənçilikdir. Axı, mən də yaxşı bilirəm ki, mövcud qanunvericiliyə əsasən, hazır tikilini sökmək səlahiyyəti yalnız ölkə məhkəmələrinə aiddir. Məhkəmə müvafiq qərarlar çixardıqdan sonra, Ədliyyə Nazirliyinə tabe olan Rayon İcra Şöbəsi əməkdaşlarının iştirakı ilə, söküntü həyata keçirilə bilər. Bu olmadan, 18 ildir içində yaşadığım evim necə başıma uçurdula bilərdi?!

Başımız üstündəki Böyük Yaradan ölkəmizin bütün yaxşı insanlarını, eləcə də nümunə göstərilən dövlət məmurlarını qorusun! Çünki xalqımıza sadə, hümanist, səmimi məmurlar daha çox lazımdır, Vüqar Zeynalov kimi harınlamış və gözləri ayaqları altını görməyən nifrətəlayiq məmurlar yox! Elə, belələrinə arxayınam və sona qədər, haqq və ədalət qalib olunca gedəcəm bu işimin dalınca. Uzun zamandır Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyasının üzvü olmağımla öyünüb, fəxr etmişəm. Kim nə edirsə etsin, axıradək də, öz əqidəmə sadiq qalacam və mübarizəmi davam etdirəcəm!..

Təkcə Zəkiyyə xanım deyil, onun kimi “problemlər bataqlığında çabalayan” və əzab-əziyyətlər çəkməyə məhkum edilən digər şikayətçi rayon sakinləri də deyirlər ki, bu “ansambl dirijorunun çaldırdığı havaya oynayan” bütün vəzifə sahibləri narahat əhalinin şikayətlərini eşitmək istəmirlər. Deməli, icra başçısı daha yuxarılardakı vəzifə kürsüsündə oturan kiməsə belə arxayındır ki, ortada olan bu qədər ittiham onu yerindən tərpədib, narahat etmir. Toxunulmaz başçı kimi özünü tanıdan Vüqar Zeynalovun yaxın ətrafı isə, məlum torpaq çəkişməsi başlayan gündən ortaya belə bir uydurma atıblar ki, guya, onun bu vəzifədəki havadarı, arxa-dayağı Ali Diplomatiya Akademiyasının rektoru, görkəmli alim və ictimai xadim Arif Paşayevdir. Kim nə deyirsə desin, guya, ona heç kim heç nə edə bilməz. Yaxın ətrafı kimi, elə Vüqar Zeynalovun özü də, özünü ağsaqqal rektorun yaxını kimi qələmə verməkdən çəkinməyərək, çox yerdə deyib ki, bu havadarı onu bu vəzifəyə qoydurub. Hələ dəfələrlə onu da deyib ki, arxasında digər yüksək vəzifəli, sözləri yuxarılarda keçərli nüfuz sahibi tanınmışlar da dayanır, kimə nə desə, sözü keçir. Belə çıxır ki, başçının özü, özünə yaxın adamları, hətta daha yuxarılardakıları da şantaj edə bilirlər.

Deyilənlərə baxmayaraq, yeri gəldi deyə, bildirmək istəyirik ki, ortada dolaşan söz-söhbətlər Vüqar Zeynalovun rəhbər taleyi barəsində tamamilə başqa yöndən xəbərlər verir. Bu xəbərlərə görə, bu icra başçısı da, tezliklə tutduğu vəzifəsindən yola salınacaq. Xəbərlərdə xüsusi olaraq o da vurğulanır ki, Səbail Rayon İcra Hakimiyyətinin bütün strukturlarında da, ölkədəki son səs-küylü yoxlamaların davamı olacaq daha geniş əhatəli, hərtərəfli yoxlama əməliyyatlarının keçirilməsinə start veriləcək. Onu da deyək ki, bu söz-söhbətlərdən, deyilənlərin gətirdiyi əlacsızlıqdan bezən Zəkiyyə Həziyeva, sonda, Ali Diplomatiya Akademiyasının rektoru, görkəmli alim, dəyərli ziyalı Hafiz Paşayevə şikayət xarakterli məktub göndərməyə məcbur olub. Çox hörmətli ağsaqqaldan xahiş edib ki, narahat rayon sakinlərinə kömək etsin və bu harın vəzifə sahibini yerində oturtmaq üçün, ağsaqqal bir ziyalı kimi onlara dəstək versin. Çünki bu adamın özü və ətrafına topladığı doğma-yaxınları camaatın xeyrinə yaxşı nəsə etməyə qadir deyillər. Daha doğrusu, buna onların savad, təhsil, bacarıq və qabiliyyətləri də çatmır. Elə deyirlər ki, hesablaşdıqları, məsləhət aldıqları elə şəxslər var ki, guya, hər ay onların haqqlarını və pullarını verirlər. Göründüyü kimi, hətta onlar müəyyən dərəcədə siyasiləşmiş şantajçılardır. Atalar demişkən, “su sənəyi suda sınar!”: Deyəsən, artıq, elə Vüqar Zeynalovun özü ilə bərabər, ətrafını da sındıran kimsə tapılıb və getməyə vaxtları çatıb.

Bir daha qayıdaq torpaq qalmaqalı məsələsinə. Qeyd etmək istəyirik ki, “Modul — X”in tamahkar rəhbər şəxsləri ilə əlbir olan bələdiyyə sədri Hacı Əliyev Vüqar Zeynalovu bir qrup vətəndaşa qarşı belə hörmətsizlik etməyə təhrik edə bilib. İstədiyi, çoxdankı arzusu da, elə bu olub! Di gəl ki, belə işlərə məsul dövlət qurumları rəsmilərinin bu biabırçılığa reaksiyaları görünmür. Konkret desək, onlar bu qanunsuz söküntü-hasarlatma işlərinə aydınlıq gətirmək istəmirlər. Elə, redaksiyamız adından nəinki əlaqədar dövlət qurumlarına, hətta Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili — ombudsman Səbinə xanım Əliyevaya, nüfuz sahibi insan azadlıqları, onların hüquq və haqqları müdafiəçiləri təşkilat və qurumların başçılarına, eləcə də, bu biabırçı özbaşınalığı törədən harın vəzifə sahiblərinin özlərinə, etiraz, ittiham, çağırış və sorğu xarakterli müraciətlərimiz günü bu günədək cavabsız qalıb. Halbuki, baş verənlərlə bağlı sübutuna ehtiyac olmayan inkarolunmaz faktlar əlimizdədir və yazdıqlarımıza ediləcək heç bir etiraza əsas yoxdur. Bir də ki, belə ciddi məsələlərə görə səsimizi çıxarmasaq, yəqin ki, başçı və bələdiyyə sədrinin, gələn dəfə, haram pul qazanmaq nəfsləri daha da artacaq, əvvəlcədən düşündükləri başqa hansısa bir iyrənc planlarına uyğun olaraq, digər sahibkarların, torpaq sahiblərinin, adi ölkə vətəndaşlarının başlarına ikrah doğuran oyunlar gətirəcəklər. Onlar başa düşmək istəmirlər ki, belə özbaşınalıqların şikayətçilər qınağına səbəb nəticələri utancvericidir. Doğrudan da, axı, nə qədər yazmaq, yazdıqlarımızı, sorğu olaraq, əlaqədar dövlət qurumlarının rəhbərlərinə ünvanlamaq olar?! Bəs, bu qurumlar nə işlə məşğuldurlar, bəyəm, dəhşət doğuran belə özbaşınalıqların və qanunsuzluqların məsuliyyət yükü onların çiyinlərində deyil?!

Bizi də dəhşətə gətirən odur ki, redaksiyamıza, bu ciddi işlə bağlı sorğu olaraq
yazdıqlarımıza yalnız və yalnız etiraz xarakterli reaksiya Səbail Rayon İcra Hakimiyyətinin özündən olub. Özü də, baş verənlərlə bağlı araz.az-da verdiyimiz yazıların Facebook səhifəmizdəki paylaşımları altında status şəklində: “Qeyd olunan məsələ ilə əlaqədar bildirmək istəyirik ki, vətəndaşların mülkiyyət hüququnu təsdiq edən sənədləri olmadığı üçün, ərazi əvvəlki vəziyyətinə qaytarılmışdır”. Vəssalam, şüttamam!

Beləcə, bu statusu yazanlar, İcra Hakimiyyəti adından yazılan və daha çox özünümüdafiəyə hesablanan başdansovdu münasibətdə yazdıqlarımızın yalan, böhtan, iftira, şayiə… olduğunu önə çəkmək istəyirlər. Elə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adından rəis müavini Elçin Yusubovun zərərçəkən şikayətçilərdən birinə göndərdiyi cavab məktubu da, eyni mənanı ifadə edir. Guya, qalmaqalla davam edən bu torpaq sahəsinə dair bağlanmış müqavilə, həmin müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin yerinə yetrilməməsi, dövlət büdcəsinə icarə haqqının ödənilməməsi səbəbindən, icra sənədinə əsasən yaranmış borc məbləğin yuxarıda qeyd edilən torpaq sahəsi üzərindəki icra hüququna yönəldiyini və Nəsimi Rayon İcra Şöbəsinin xidmətə ünvanlanmış məktubuna əsasən, həmin torpaq sahəsi üzərindəki icra hüququnun hərrac vasitəsilə satılaraq, “Modul — X” MMC-nin adına rəsmləşdirildiyi nəzərə alınaraq, icra müqaviləsi 12.05.2023-cü il tarixindən ləğv edilib. Beləcə, Rayon İcra Hakimiyyətinin rəhbəri istədiyini edə bilib. Hətta “Modul — X”-in adına, hələ bu torpaq çəkişməsi başlamamışdan öncəki tarixə, İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən saxta Çıxarış da düzəltdirə biliblər (Çıxarışın surəti yazıya əlavə olunur — red.). Ən dəhşətlisi odur və açıq-aydın görünür ki, tezliklə, bu ərazidə bu torpaq qalmaqalından betər biabırçı bir özbaşınalıq və qanunsuzluq da törədiləcək. Çünki tamahkarların buradakı “Arcon” MMC-yə məxsus torpaq sahələrinin yerləşdiyi böyük bir ərazidə də, çoxdan “gözləri var”.

Onu da bir daha xüsusi olaraq qeyd etmək istəyirik ki, bu mövzuda qələmə aldığımız ilk yazımız çağırış xarakterli idi və başçıya demək istəyirdik ki, bələdiyyə sədrinin əlbir işlədiyi “Modul — X” MMC-nin tamahkar rəhbər şəxslərinin çoxdan “gözləri olduğu” bu ərazidə baş verəcək torpaq çəkişməsinə getməsin. Bunun xoşagəlməz fəsadları çox olacaq. Elə, dediyimiz kimi də oldu. Biri artıq göz önündə: İnsan haqlarının, hüquq və azadlıqlarının müdafiəsində dünyada tanınan beynəlxalq təşkilatların səngiməyən etiraz reaksiyaları! Bu etirazlar rəhbər Baş katibi dəyərli həmvətənlimiz olan, nəinki rəhbərlik etdiyi beynəlxalq qurumun missiyasına uyğun xətlə, həm də öz vicdanının hökmü ilə, doğma Vətən naminə daim ayaq üstə olan, uzun müddətdir Sülhməramlı Səfir statuslu missiyasını şərəflə yerinə yetirən Aleksander Şapiro Suliman olan və dünyanın dörd bir yanında nüfuz qazanan Dünya Xalqları Alyansının etiraz ilkinə rəğmən başlandı.

Sülhməramlı Səfirin özünün dediyi kimi, baş verənlər onun özü üçün də xoş anlar yaşatmadı: “Tam əminəm ki, beynəlxalq təşkilatların belə kəskin etirazlarının bu problemin həlli gedişində incidilən və zərərçəkənlərə böyük köməyi dəyəcək. Lakin təəssüf hissi ilə onu demək istəyirəm ki, Azərbaycan tarixinə mühüm siyasi hadisə kimi yazılacaq və dövlət qarşısında geniş üfüqlər açacaq növbədənkənar prezident seçkiləri ərəfəsində, beynəlxalq aləmdə insanlıq əleyhinə hesablanan vandalizm xarakterli belə özbaşınalıqların və qanunsuz hərəkətlərin davam etdirilməsi yolverilməz və bağışlanmazdır — dərhal qarşısı alınmalıydı!

Axı, növbədənkənar prezident seçkilərini doğuran çox ciddi səbəblər var və bu səbəblər Azərbaycanın gələcək taleyi, xalqımızın təhlükəsizliyi ilə birbaşa bağlıdır. Dövlətinin, xalqının taleyini düşünən hər kəs, hər bir siyasi təşkilat, siyasətçi, ilk növbədə, məhz belə məqamlarda bütün iddialarından əl çəkməlidirlər. Bir sözlə, cəmiyyəti düzgün istiqamətə yönləndirməyi hər kəs bacarmalıdır. Yoxsa, tarixi əhəmiyyətli prezident seçkiləri ərəfəsində bu qanunsuzluğa və özbaşınalığa yol verməklə, ölkəmizin adına və imicinə zərbələr vurular.

Ən tamahkar, qalmaqallı və rüşvətxor icra başçılarından biri kimi, özünü mətbuata da tanıdan Vüqar Zeynalov isə, belə bir həssas məqamda vətəndaşların halal torpaqlarını qanunsuz ələ keçirməkdən qorxub, çəkinmir”.

Göründüyü kimi, bu qanunsuz söküntü dalğasının fəsadları təkcə ölkədaxili deyil, həm də dünyanın ayrı-ayrı ölkələrindəki beynəlxalq təşkilatlara xoş olmayan təsirli anlar yaşadır. Deyilənlərə baxmayaraq, hər kəsə məlum olan hədsiz pul hərisliyindən doğan nəfsi, əsas günahkarı fərdi torpaq sahələrinin yerləşdiyi bu böyük ərazidə “at oynatmaqdan” çəkindirmir. Bir sözlə, başçının dünya da vecinə deyil!

Axı, dünya nədən başçının vecinə olmalidir ki, törətdiyi bu və bunabənzər qanunsuzluqlara görə, xətrinə dəyən tapılmadığından, yalnız belə işləri gördürmək xərcləri adı altında, son günlərini yaşadığımız cari ildə də, külli miqdarda — yarım milyon manata yaxın dövlət pulunu rayon büdcəsi hesabından silib, qatlayaraq, cibinə qoymaqdan çəkinməyib. Əslində isə, vandal üsullarla həyata keçirilən, böyük xərc tələb edən belə işlər, bu qanunsuz işlərdə maraqlı olanların pulları hesabına görülür. Bunlar bir yana, hələ ortada onların ortaya qoyduqları digər yüz minlərinin də söhbəti var.
Elə, son söküntü-hasarlama işlərinə sərf olunan xərc pullarını da, “Modul — X” şirkətinin tamahkar rəhbərləri veriblər. Hələ bələdiyyə sədri tərəfindən bu işlərinə görə, ona, necə deyərlər, “levıy yolla ötürülən” yüz minləri demirik.

Məhi ELSEVƏR,
Fərhad MƏMMƏDOV,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.

REDAKSİYADAN:

Bu yazımızı, ayrı-ayrı epizodlarına əsəb gərginliyi gətirə biləcək müxtəlif təsirli çalarlar qatmaqla, xoş ovqatla pişvazına çıxmağa hazırlaşdığımız yeni il qabağı bu dar zaman kəsiyində “Bismillah!” deməklə başlayıb, sona çatdırmaq qərarına ona görə gəldik ki, Böyük Allahın adıyla başladığımız bu işimiz, rayon rəhbərinin tələb və göstərişi ilə, çoxdan yaşadığı evi başına uçurulan imkansız xanımın dadına çatmaları, baş verən bu qanunsuz tikinti-söküntülər zamanı digər incidilən və zərərçəkən şikayətçilərin etirazlarını, haqq səslərini eşitmələri üçün, daha yuxarılarda oturan dövlət rəsmilərini dinə-imana gətirə bilək. Çünki “Bismillah”la başlanan hər bir iş haqq-ədalət çalarlı uğurlarla sonuclanır həmişə.

Onsuz hər kəsə məlumdur ki, hədsiz pul hərisliyindən doğan nəfsləri başçı ilə bələdiyyə sədrinin vicdana, dinə-imana gəlmələri qarşısında keçilməz səddə, toxunulmaz hasara çevrilib: Elə, vicdan çərçivəsinə sığmayan vandal üsullarla həyata keçirdikləri son söküntü-hasarlatdırma işlərində istifadə etdirdikləri keçilməz səddə bənzər dağıdılıb, keçilməsi mümkünsüz hasarlar kimi!

Amma hansı işi görürsənsə gör, onu “Bismillah”la başlamalısan! Çünki bu aləmdəki bütün varlıqların yaradıcısı və qoruyucusu olan Uca Varlığın – Rəhman və Rəhim olan Böyük Allahın adı ilə başlanan hər bir işdə, uğurlar boyük olur həmişə. Başqa sözlə desək, “Bismillah!” hər bir işin uğurlu olması üçün — açardır! Barələrində yazdığımız bu insanlar isə, öz işlərinə, bu açarla açılan qapıdan keçməklə başlamadılar. Bu mövzuda qələmə aldığımız çağırış xarakterli ilk yazılarımızda baş verənlərə iradımızı bildirsək də, onlar bunu qəbul etməyərək, zərərçəkənlərə və incidilənlərə dəhşətli anlar yaşatdılar. Bu dəhşətlərin tükürpədici əksi olan video-görüntüləri və foto-şəkilləri də, sübut olsun deyə, bu yazımıza əlavə olaraq yerləşdirməyi vacib bildik. Çünki öncədən qələmə aldığımız yazılarımızda törədilən qanunsuzluqları və özbaşınalıqları biz vandalizm adlandırdıq! Daha nə deyə bilərik, baxın, qiymətini özünüz də verin! Bir də, əzab-əziyyətli günlər yaşayanlara, torpaq dərdi çəkənlərə kömək məqsədi ilə, qələmə aldığımız bu yazımızı, sorğu olaraq, bir daha, əlaqədar dövlət qurumlarının e-mail ünvanlarına göndərmək qənaətindəyik. Heç olmasa, “Bismillah”la başlayıb, sona çatdırdığımız bu yazımızla, zərərçəkənlərə və incidilənlərə yeni il qabağı xoş ovqat gətirəcək nəsə bir köməyimiz dəysin. Onlara açıq müraciət edib, hətta ədalət bərqərar olunması naminə, necə deyərlər, ricada bulunmuşuq ki, bu yazıları diqqətlə oxuyub, vicdan çərçivəsində ölçü götürsünlər. Lakin yüksək səlahiyyət sahibi daha yuxarılarda oturan vəzifə sahiblərinin də, heç nə veclərinə olmayıb.

Elə bu səbəbdən də, baş verən hadisələr zamanı törədilən özbaşınalıqlar və qanunsuzluqlar əsasında redaksiyamız adından əlaqədar qurumların ünvanlarına göndərdiyimiz sorğulara dövlət rəsmilərinin laqeyd münasibətləri ilə bağlı əməkdaşlarımızın hazırladıqları rəy, təhlil, şərh və araşdırmadan ibarət daha ətraflı yazını tezliklə araz.az-da verməyi planlaşdırmışıq. Xəbər portalımızı izləməyi unutmayın.

Bu yerdə, onu da qeyd etməyi lazım bildik ki, deyilənlərə görə, maraqlı tərəfə söz verdikləri üçün, rayon başçısı və bələdiyyə sədri bu qanunsuz işlərini davam etdirirlər. Vədlərinə əməl edib, son günlərini yaşadığımız cari ilin sonuna yaxın “təhvil-təslimi” tam şəkildə başa çatdırmalıydılar. Başımız üstündəki Uca Yaradan isə, hər şeyi yaxşı görəndir. Harada işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, dinsiz-imansız, vicdansız iş görən hər kəsin Ulu Tanrı tərəfindən cəzası daha ağır olur həmişə. Çoxdan yaşadığı evi başına uçurulan imkansız xanımın fəryadını yaxşı eşitdiyi üçün, deyəcən, Böyük Allahımız da, nəfs və tamah naminə verilən vədin vaxtında yerinə yetirilməsinə imkan verməyəcək. Mümkünsüzlük isə, günahkar vəzifə sahiblərinin başlarına olmazın müsibətlər gətirəcək.

Etibarlı mənbədən aldığımız dünənki bir xəbər də, Ulu Tanrı buyruğudur. Bu xəbərə görə, ictimai qınağa tuş gələn pul hərisləri — icra başçısı ilə bələdiyyə sədri arasında artıq pul çəkişməsi də başlayıb. Belə çəkişmələr isə, günahkar insanlara qəhər verib həmişə. Bunun acı nəticələri də, saysız-hesabsız olur! Biri artıq ortada, göz önündə: Son günlər icra başçı ilə, bələdiyyə sədri arasında yaşanan, özü də, bir müddətdir ölkəmizdə başlanan kəskin yağıntılı soyuq havadan betər soyuq münasibət!

Aldığımız həmin xəbərdə göstərildiyi kimi, Hacı Əliyevin öncədən düşünüb, tez bir zamanda həyata keçirmək istədiyi, hər biri birbaşa qanunsuzluğa və özbaşınalığa hesablanan fitnə-fəsadlar dolu uydurma planları artıq həddini aşaraq, Vüqar Zeynalovun da “canını boğazına yığıb, su artıq boğaza dirənib!”.

araz.az xəbər portalı.