İmzalanması gözlənilən sülh müqaviləsinin Azərbaycanla Ermənistan arasındakı münaqişəni və ermənilərin tarixi ərazi iddialarını birdəfəlik sonlandıracağı ilə bağlı haqlı tərəddüdlər var. Mövcud Ermənistan hakimiyyəti hər nə qədər pozitiv siqnallarla çıxış etsə də, separatizmin qarşısında da getdikcə zəifləyir. Sülh müqaviləsinin daha çox Ermənistan üçün “taktiki sığorta sənədi” olacağı bəribaşdan bəllidir. Azərbaycan isə qalib ölkədir və müqavilənin daha tez bir müddətdə imzalanmasını strateji addım kimi hədəfləyir. 

Samvel Şahramanyan qondarma rejimin – “DQR”-in buraxılması ilə bağlı sentyabrın 28-də imzaladığı fərmanı ləğv edib. Separatçılar “xalqın səsi” ilə yaradılan “respublika”nın hər hansı bir fərmanla ləğv edilə bilməyəcəyini bildiriblər. Bu o deməkdir ki, ermənilər Azərbaycan ərazilərinə olan iddialarından əl çəkmək niyyətində deyillər. Sülh müqaviləsi hər nə qədər tarixi və əhəmiyyətli hadisə hesab olunsa da, separatçıların hər hansı bir şəkildə fəaliyyəti xalqlar arasında gözlənilən pozitiv münasibətlərin perspektivlərini də ciddi təhlükə altına atmış olacaq. Seperatçıların iddiaları xalqlar arasındakı münasibətlərin qurulmasına müəyyən təhlükələr yaradacaq.

Qondarma rejimin ləğvi ilə bağlı qərarın dəyişdirilməsi iki ölkə arasındakı sülh danışıqlarına mane ola bilərmi? Bu, inandırıcı görünmür. Ümumiyyətlə, Azərbaycan üçün belə bir problem yoxdur. Amma erməni separatçıların ərazi iddialarının Ermənistan dövləti və hakimiyyəti tərəfindən dəstəklənməyəcəyi ilə bağlı sülh müqaviləsinə öhdəliklərin salınması Azərbaycana “kart-blanş” verə bilər.

Eyni zamanda, Azərbaycanda etnik mənsubiyyətinə görə Ermənistandan deportasiya olunmuş azərbaycanlıların birliyini hədəfləyən “Qərbi Azərbaycan İcması” adlı təşkilat fəaliyyət göstərir. Bu icmaya Prezident İlham Əliyevin xüsusi və həssas münasibəti erməni separatçılarının gələcək planlarına cavab verən əsaslı strategiyadır.

Qondarma rejimin fəaliyyətini təqdir edən seperatçıların ilkin mərhələdə Paşinyan hökuməti tərəfindən cəzalandırılması müsbət addımdır. O, başa düşür ki, Cənubi Qafqazda inkişafa nail olmaq üçün ilk növbədə Azərbaycanla Ermənistan arasındakı barışıq əldə etmək lazımdır. Hər iki ölkənin bir-birinin müstəqilliyini və ərazi bütövlüyünü tanıması, sərhədlərin müəyyənləşdirilməsi, xalqların yaxınlaşması və regionda birgə fəaliyyət layihələrinin icrası əsas prioritet kimi önə çəkilməlidir. Necə ki Azərbaycanın əsas istəyi də məhz budur.

Paşinyan hökumətindən müəyyən müsbət siqnallar da var. Məsələn, Ermənistanda ərazisində fəaliyyət göstərmək istəyən rejim tərəfdarlarının cəzalandırılması, onların ölkədən qovulması müsbət addımdır. Təsadüfi deyil ki, separatçılar “hökumətin təzyiqlərindən qaçaraq” ölkə hüdudlarından kənarda “DQR”-i yaşadacaqlarını bəyan edirlər. Bununla yanaşı, Paşinyan bu qüvvələrin tamamilə zərərsizləşdirmək iradəsinə sahib deyil.

Ukrayna ərazisində aparılan Rusiya-NATO müharibəsindən sonra Cənubi Qafqazın iqtisadi-siyasi və coğrafi baxımdan fərqli şəkil alacağı şübhə doğurmur. Nə qədər ki, zaman var, Ermənistan fürsəti dəyərləndirməlidir.

Samir FEYRUZOV.

araz.az xəbər portalı.