Yaranmasında məqsəd, amal və ideya əsası ötən iki əsrdə bölünə-bölünə parçalanan, parçalana-parçalana yağmalanan Azərbaycanın mütləq bütövləşməsi naminə sivil mübarizəyə köklənən daha bir nüfuz sahibi ictimai qurum — “Borçalı” Cəmiyyəti də, öz yubileyini qeyd etdi.

Dünyanın bütün azərbaycanlılarının bir bayraq ətrafında birləşmələri üçün, onları həmrəyliyə çağıran Bütöv Azərbaycan ünvanlı müqəddəs yolun yolçuluğunda aktiv fəaliyyətləri ilə seçilən və daim öndə gördüyümüz nüfuz sahibi ictimai qurumlarla həmişə birlikdə olan “Borçalı”nın yaranmasından artıq 30 il keçir. Bu münasibətlə, dünən İctimai Birliyin yubiley mərasimi keçirilib.

Bu barədə, Bütöv Azərbaycan Ocaqlarının Mətbuat Xidmətindən araz.az xəbər portalına daxil olan məlumatda bildirilir ki,
öncə mərasim iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını itirən şəhidlərimizin ruhunu bir  dəqiqəlik sükutla yad ediblər. Bundan sonra tədbiri giriş sözü ilə açmaq üçün, “Borçalı” Cəmiyyəti İctimai Birliyinin sədri Ramiz Həsənov tribuna önünə keçib. Öncə mərasim iştirakçılarını salamlayan məruzəçi öz çıxışı zamanı “Borçalı”nın qürurverici adlandırdığı fəaliyyətindən ətraflı danışıb. İctimai Birlik xətti ilə, milli dirçəliş və maraqlar naminə görülən bütün işlərin ictimaiyyət tərəfindən alqışalayiq qəbul edildiyini xüsusi vurğulayıb. Elə, müəyyən olunan bu əsas ideya ətrafında da, soydaşlarımızı birliyə və həmrəyliyə çağırıb.

Bundan sonra söz mərasim iştirakçılarına  verilib. “Borçalı” Cəmiyyətinin qurucusu olaraq tanıdığımız İctimai Birliyin keçmiş sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kino-studiyasının sabiq  direktoru, ictimai xadim Eyvaz Borçalı öz çıxışı zamanı, “Borçalı”nın keçdiyi 30 illik yola ekskurs edib və onun xoş xatirələr üstündə qurduğu bu çıxışı hamıya təsirli xoş anlar yaşadıb.

Tədbirin digər çıxışçılarının — Bütöv Azərbaycan Ocaqlarının başqanı Zahir Əlisoyun, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Mədəd Coşqunun, professor Mahmud Hümbətovun, fəlsəfə doktorları Elxan Məmmədlinin, Vahid Ömərovun, Eldar Məmmədlinin və Hüseyn Artikoğlunun, “Soydaş” Cəmiyyəti sədrinin müavini Əli Nağdəliyevin, iş  adamı Hüseyn Yadigarovun, jurnalist Müşfiq Borçalının və Fərman Borçalının çıxışları da, ötən 30 ilin tərənnüm ifadəsi xoş notlar üzərində qurulub. Yubiley təbrikləri ilə başlayan bu çıxışlar, “Borçalı”nın gələcək fəaliyyətinə möhtəşəm uğurlar arzusuyla başa çatıb.

Beləcə, bu maraqlı tədbir də, “Borçalı”nın ötən 30 illik tarixinin ən xoş günlərindən biri kimi yaddaşlara həkk olunub.

Tahir HÜSEYNOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.