Gələn ildən Azərbaycanda bank əmanətləri üzrə faiz gəlirlərinin vergiyə cəlb olunması qaydası dəyişəcək.
araz.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli bankın və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri gəlir vergisindən azad idi. Azadolmanın müddəti bu il fevralın 1-də bitdiyindən həmin tarixdən banklar əmanətlər üzrə faiz gəlirlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutur.
Əhalinin vergi yükünün azaldılması və əmanətlərin uzunmüddətli yerləşdirilməsinin təşviqi məqsədilə Vergi Məcəlləsində bank əmanətləri üzrə faiz gəlirlərinin vergiyə cəlbində məbləğdən asılı olaraq yeni dəyişikliklər edilib. Belə ki, yerli bank və xarici bankın Azərbaycandakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycandakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilir.
Bundan başqa, qanunvericiliyə hər bir bankda milli valyutada olan əmanətlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək hissəsinin fiziki şəxslərin gəlir vergisindən azad edilməsi ilə bağlı dəyişiklik olunub. Digər hallarda faiz gəlirlərindən banklar tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulması nəzərdə tutulur. Bu, həm milli, həm də xarici valyutada olan faiz gəlirlərinə aid ediləcək.
araz.az xəbər portalı.