Zaman-zaman Milli Məclisdə təmsil olunan deputatlarn susqunluğu haqda yazılıb, deyilib. Deputat mandatının bəziləri üçün sadəcə biznesini qorumaq vasitəsi olması artıq sirr deyil. O da təsadüfi deyil ki, ölkənin müxtəlif sahələrində ən böyük iş adamlarının əksəriyyəti parlamentdə təmsil olunur. Onlardan biri də tikinti sahəsində hədsiz böyük paya malik olan deputat Ağalar Vəliyevdir.
araz.az afn.az-a istinadən bildirir ki,onun rəhbərlik etdiyi (rəsmi formada olmasa da) “Kristal Abşeron” şirkəti ölkənin müxtəlif regionlarında, xüsusilə paytaxt Bakıda böyük layihələr icra etməklə yanaşı, dövlət səviyyəsində gerçəkləşdirilən irimiqyaslı proqramlarda da iştirak edir. Bunların sırasına qaçqın və məcburi köçkünlər, şəhid ailələri və qazilər üçün tikilən binaları, fərdi mənzilləri daxil etmək olar. Yəni haqqında danışdığımız adam ölkənin tikinti sahəsində hədsiz böyük paya sahib olan bir şirkətin sahibidir.
Bütün bunlara baxmayaraq, A.Vəliyevin adı hər zaman susqun deputatların siyahısında olub. “Susqun deputatlar” dedikdə , sayı sizə az gəlməsin, parlamentin, demək olar ki, yarısı bu kateqoriyaya aiddir.
Ağalar Vəliyev isə bunların içərisində xüsusilə seçilir. “Qəhrəmanımız” 2020-ci ilin fevralında özünü buraxan parlamentin yerinə keçirilən növbədənkənar seçkilərdə 7 saylı Goranboy-Ağdam- Tərtər seçki dairəsindən “seçilib”. Buna qədər isə o, parlamentdə 11 saylı Qaradağ Seçki Dairəsini təmsil edib. 2020-ci ilin fevral ayından bəri Milli Məclisin meclis.gov.az saytında yerləşdirilən stenoqramlarda A.Vəliyevin yalnız bir çıxışı var: 09.04.2020 – tarixində keçirilən iclasda o, 2019-cu il üzrə dövlət büdcəsinin icrasına dair çıxış edərək mövzu ilə bağlı uzun bir mədhiyyə səsləndirilib. Vəssalam!
Bu yerdə xatırlatmaq yerinə düşər ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 9-du maddəsinə görə, MM deputatının qanunvericilik təşəbbüsü hüququ var. Ən azı bu hüquqdan istifadə edən deputat müzakirələrdə iştirak edə, müəyyən çıxışlar edə bilər. Belə ki, həmin maddədə bildirilir ki, deputat qanunvericilik təşəbbüsü hüququnu aşağıdakı formalarda həyata keçirir:
yeni qanun və ya qərar layihəsinin qəbul olunmasını təklif edə bilər;
qüvvədə olan qanuna və ya qərara dəyişikliklər edilməsi haqqında layihə təklif edə bilər;
qüvvədə olan qanunun və ya qərarın ləğv edilməsi haqqında layihə təklif edə bilər;
Azərbaycan Respublikasının Milli Məclisində baxılan qanun və qərar layihələrinə dəyişikliklər edilməsi haqqında təkliflər irəli sürə bilər.
Göründüyü kimi, Milli Məclisdə təmsil olunan hər bir deputatın danışması, çıxış etməsi üçün xeyli səbəb və yaxşı şərait var. Eyni zamanda deputatlar seçicilərini narahat edən məsələlərlə bağlı parlamentdə məsələ qaldıra bilərlər. Lakin bunun üçün görünür həqiqətən də seçicilərin səsini təmsil etmək lazımdır. Hansı ki, biz bir neçə deputatın timsalında bunu görürük. “Bizim deputat” isə necə deyərlər, “az aşım, ağrımaz başım” prinsipi ilə susmağa, səsini çıxarıb gündəmə gəlməməyə üstünlük verir.
Ağalar Vəliyevin stenoqramlar siyahısında qarşımıza çıxan yeganə çıxışından bir parçanı təqdim edirik: “Hörmətli Sədr, hörmətli cənab Baş nazir, hörmətli deputatlar və hökümət üzvləri! Çağdaş tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmiz üçün ötən 2019-cu il müasir həyatımızın bütün sahələrində qazanılan yüksək nailiyyətlərlə və uğurla gerçəkləşdirilən irimiqyaslı köklü islahatlarla əlamətdar olmuşdur. Müzakirəmizə təqdim olunan, zəngin strukturu, analitik informasiyaları və məzmunlu təhlilləri ilə seçilən Nazirlər Kabinetinin hesabatı, zənnimcə, yüksək peşəkarlıqla mükəmməl hazırlanmışdır…”
Əslində uzun çıxışdır, biz sadəcə girişini təqdim etdik: haqq etmədiyi kürsüdə oturan hər kəs belə bəlağətli danışar yəqin ki…
P.S. Ağalar Vəliyevin MM-in komitə iclaslarındakı fəaliyyəti ilə bağlı məlumatlı olmadığımız üçün yuxarıda yazılanların plenar iclaslara aid olduğunu xüsusi qeyd etməyi lazım bildik.
araz.az xəbər portalı.