“Hökumət növbəti ildə də vətəndaşların sosial həyat tərzinin yaxşılaşdırılması istiqamətində əsaslı addımlar atmağı düşünür. Gələn ilin baş maliyyə sənədi olan dövlət büdcəsində bu sahənin xərclərinin üstün artımları proqnozlaşdırılıb”.

araz.az bildirir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov yanvar ayından pensiya, maaş və müavinətlərin artırılması haqda danışarkən deyib.

Onun sözlərinə görə, 2024-cü il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 15 milyard 772,9 milyon manat məbləğində və ya ümumi xərclərin 43%-i səviyyəsində olacaqdır:

“Bu da 2023-cü illə müqayisədə 1034,5 milyon manat və ya 7,0 faiz çoxdur. Gələn il də dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 4 milyard 542,2 milyon manat vəsait proqnozlaşdırılmışdır ki, bu da 2022-ci illə müqayisədə 1 milyard 78 milyon manat və ya 31,1 faiz çoxdur. Eyni qayda ilə növbəti ildə əhalinin gəlir əldə etmək imkanlarının və rifahının yaxşılaşması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas təbəqələrinin müdafiəsinin gücləndirilməsi və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2024-cü ilin dövlət büdcəsində 2 milyard 630,7 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2023-cü illə müqaisədə 649,6 milyon manat və ya 32,8% çoxdur”.

Sabiq nazir deyib ki, bütün bu faktlar dövlətin sosial mahiyyətini tam şəkildə ortaya qoyur:

“Növbəti ilin əvvəlindən büdcə təşkilatlarında çalışan insanların əmək haqlarının və təqaüdçülərin təqaüdlərinin 12 faizə qədər artırılması nəzərdə tutulur”.

araz.az xəbər portalı.