Bayram ərəfəsində qaçılmaz olan qiymət artımı ətin qiymətinə də təsirsiz ötüşməyib. Paytaxtın bir çox ət dükanlarında quzu ətinin qiymətində artım müşahidə olunur, qiymətlər 20-22 manat arasında dəyişir. Mal ətinin də qiymətində bahalaşma var.

araz.az bildirir ki,Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Demokrat.az-a açıqlamasında ət məhsullarında bahalaşmanın səbəblərindən danışıb.

Onun sözlərinə görə, 2015-ci ildən Azərbaycanda heyvandarlıq sektoru kiçilir:

“Bunun da müəyyən səbəbləri var. 2023-cü ildə ölkədə ət istehsalının azalması pik həddə çatdı. Yay aylarında ətə tələbat azalır, Məhərrəmlik ayına görə çox yerdə toylar da dayanır, ətə tələbat minimuma enir. Buna baxmayaraq bu ilin yayında ətin qiymətində çox yerdə ən az bir manat bahalaşma oldu.

Cari ilin 11 ayının statistikasına görə ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə ət idxalı təxminən iki dəfə, 93 faiz çoxalıb. Bu o deməkdir ki, yerli istehsal minimuma enib. Artıq 8-ci ildir Azərbaycanda ət qıtlaşmağa doğru gedir, heç nə dəyişməyib. Növbəti ildə də bu mənfi tendensiyanın davam etməsi ehtimalı böyükdür”.

İqtisadçı qeyd edib ki, işğaldan azad olunmuş ərazilər hesabına ölkədə kənd təsərrüfatı inkişaf edir:

“Orada fermerlərin fəaliyyəti ildən-ilə genişlənəcək, bu da heyvandarlıq məhsullarında artıma səbəb ola bilər. İşğaldan azad olunmuş ərazilərdə heyvandarlığın inkişafı üçün geniş imkanlar var. Keçən il Qırğızıstandan Kəlbəcərə bir partiya damazlıq heyvan gətirildi, bu il də bir neçə partiya gətirilib. Zəngilana İsraildən, Türkiyədən fermerlərin cəlb edilməsi nəzərdə tutulub. Gedən proseslər nəticəsində əhalinin ətə olan tələbatı yerli istehsal hesabına qarşılana bilər”.

araz.az xəbər portalı.