Dekabr ayının 22-də Bakı Apellyasiya Məhkəməsində 2023-cü ilin ikinci yarımilinə dair iş planına uyğun olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 2022-ci ilin ikinci yarımilliyində baxılmış işlər üzrə cinayət, cinayət-prosessual və inzibati xətalar haqqında qanunvericiliyin tətbiqi üzrə məsələlərin müzakirə olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilib.

araz.az  xəbər verir ki, iclasda Bakı Apellyasiya Məhkəməsinin kollegiya sədrləri və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimləri iştirak ediblər.

Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri Elmar Rəhimov ölkəmizdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən islahatlar barədə məlumat verib, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının zəruriliyini vurğulayıb.

İclasda çıxış edən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən Hafiz Kamranov 2022-ci ilin ikinci yarımilliyində həmin məhkəmə tərəfindən baxılmış cinayət işləri, prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə bağlı və inzibati xətalar haqqında materiallar üzrə statistik məlumatları təqdim ediblər. O, həmçinin yekun məhkəmə aktlarının apellyasiya və kassasiya qaydasında ləğv edilməsi və dəyişdirilməsi əsaslarına daim diqqət yetirildiyini bildirib.

Daha sonra sözügedən ümumiləşdirilmənin keçirilməsi üzrə məsul şəxs – Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Emin Mehdiyev Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən baxılmış işlər üzrə qanunvericiliyin tələblərinə əsasən riayət edildiyini, bununla belə bəzi hallarda təyin edilən cəzaların cəza siyasətinə adekvat olmaması, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hallarına rast gəlindiyini, habelə prosessual qanunvericiliyin tətbiqi ilə bağlı xarakterik nöqsanlara da yol verildiyini bildirib.

İclasda Rəyasət Heyətinin üzvü qismində Mülki Kollegiyanın sədri Rafael Eyvazov da mülki qanunvericiliyin tətbiqi ilə bağlı bəzi məsələləri hakimlərin diqqətinə çatdırıb, tədbir səmərəli fikir mübadiləsi ilə davam etdirilib.

araz.az xəbər portalı.