“Bu baxımdan, səfirin yola düşərkən bunu bildirməkdə məqsədi, bəzi ərazilərin qaytarılmadan sülhə nail olmağın mümkün olmadığını xatırlatmaqdır. O, bununla cəmiyyətin rolunu vurğulayır və buna hazır olmağa işarə edir”.
Ordu.az xəbər verir ki, bu sözləri almaniyalı politoloq Aleksandr Rar ABŞ-ın Ermənistandakı sabiq səfiri Riçard Milsin verdiyi bəyanatı şərh edərkən bildirib.
Xatırladaq ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mils “EVN-Report”a verdiyi müsahibədə qeyd edib ki, işğal altında olan bəzi ərazilər qaytarılmadan Qarabağ münaqişəsinin həlli mümkün deyil.
“Ermənistan xalqı onun üçün nəyin məqbul olduğunu özü həll etməlidir. Məni təəccübləndirən məsələ budur ki, Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin güzəştlər və ya məqbul həll yolları barədə müzakirələr demək olar yoxdur.
Ermənistana gəldiyim zaman bir çox ermənilərlə həmsöhbət oldum. Onlar sülh yolu ilə nizamlanma çərçivəsində işğal olunmuş ərazilərin qaytarılmasının qəti əleyhinədirlər. Uzun illərdir ki, mənim hökumətimin anlayışı ondan ibarətdir ki, bu ərazilər əvvəlcədən “tutulmuşdu” ki, gələcəkdə “sülh müqabilində – torpaq” formulu çərçivəsində istifadə edilsin. Və mən bu varianta heç bir dəstəyin olmadığını görəndə çox təəccübləndim”, – deyə o bildirib.
O, 2016-cı il aprel döyüşlərinin ermənilərin alğılarını daha da ağırlaşdıracağını başa düşdüyünü qeyd edib: “Amma acı gerçəklik ondan ibarətdir ki, hər hansı bir nizamlama prosesi işğal altında olan bəzi ərazilərin qaytarılmasını tələb edəcək”.
Məsələyə münasibət bildirən almaniyalı politoloq Aleksandr Rar bildirib ki, nizamlama üzrə ümumi sənədlərdə bu mövzu ətrafında əlavələr həmişə mövcud olub.
“Bu yenilik deyil, ona görə də ermənilər üçün gözlənilməz olmamalıdır. Ermənilər üçün bunun ağrılı mövzu olması başqa bir məsələdir. Azərbaycanla narazılıqlar var, cəbhədə atəşkəs pozulur, həmçinin 2016-cı ilin gözlənilməz döyüşləri bu mövzunu sanki ermənilər üçün dalana dirəyib. Lakin bu barədə danışan yeganə şəxs Mils deyil, ondan öncə Uorlik və son zamanlarda Heffern də bu barədə danışıb”, – deyə o qeyd edib.
Rarın sözlərinə görə, aprel döyüşlərindən sonra vəziyyət dəyişib və təhlükəsizliyə daha çox ehtiyac var.
“Bu baxımdan, səfirin yola düşərkən bunu bildirməkdə məqsədi, bəzi ərazilərin qaytarılmadan sülhə nail olmağın mümkün olmadığını xatırlatmaqdır. O, bununla cəmiyyətin rolunu vurğulayır və buna hazır olmağa işarə edir”, – deyə almaniyalı politoloq fikirlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az
araz.az xəbər portalı.