Emil Maqalov: “2023-cü il narkomaniyaya qarşı mübarizədə ən yaxşı, ən müvəffəqiyyətli il oldu”
Azərbaycanda 2023-cü il narkomaniyaya qarşı mübarizənin kəskinləşdiyi il kimi yadda qaldı. Bəs, builki mübarizə nə qədər müvəffəqiyyətli oldu?
Təbii ki, əgər mübarizə qənaətbəxş olubsa, deməli, nəticələr də arzuedilən səviyyədədir. Bəs, həqiqətən də belədirmi? Məsələyə narkoekspert Emil Maqalovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.
– Emil bəy, 2023-cü ildə narkomaniyaya qarşı mübarizənin nəticələri haqda bir ekspert olaraq hansı fikirdəsiniz? Sizcə, uğurlu nəticə əldə edə bildik?
– 2023-cü il narkomaniyaya qarşı mübarizədə ən yaxşı, ən müvəffəqiyyətli il oldu. Bir çox yerlərdə özümün gördüyüm və sosial şəbəkələrdə apardığım sorğunun nəticəsi bu oldu ki, narkotiki satan da, istifadəçi də otuz faiz azalıb.
– Qarşıdan gələn 2024-cü ildə narkomaniyaya qarşı mübarizəni daha effektiv etmək üçün hansı yenilikləri edə bilərik? Hansı sahədə dəyişikliklər etsək, daha yüksək nəticələr alarıq?
– Bir daha qeyd edim ki, bu məsələni tək güc strukturlarının üstünə atıb, kənarda durmaq lazım deyil. Mütləq şəkildə bu məsələyə ictimai təşkilatlar da, qeyri-hökumət təşkilatları da, cəmiyyət də qoşulmalıdır. Və əsasən bu işlə bağlı çalışan qeyri-hökumət təşkilatlarına maliyyə dəstəyi və diqqət ayrılmalıdır ki, onlar çöldə, bayırda, tində həll edilməsi lazım olan və gözə görünməyən təhlükə ilə – narkomanlarla rastlaşa, görüşə, onlara zəruri tədbirləri başa sala bilsinlər. Bu işləri ancaq qeyri-hökumət təşkilatları görə bilir.
– Sizcə, ölkəmizdə belə qeyir-hökumət təşkilatlarının sayı yetərlidir?
– Bununla məşğul olan çox az təşkilat var. 4 min QHT-nin içində cəmi 10 təşkilat var ki, bu işlə məşğuldur. Bu on təşkilatın da 5-nin bu işdə səriştəsi var. Digərləri hər hansı bir səbəbdən bu işlə məşğuldur.
– Bəs, qarşıdan gələn 2024-cü ildə narkomaniyaya qarşı mübarizədə cəmiyyət olaraq nə etməliyik?
– Cəmiyyət olaraq, birinci bu məsələnin mahiyyətini öyrənməliyik. Əsas məsələlərdən biri də odur ki, bəzi narkomanları xəstə saymalıyıq və onları xəstə olaraq qəbul etdikdən sonra işlər görülməlidir. Məsələn, bəzi adamlar, blogerlər, aidiyyəti olmayan adamlar bu narkomanları çəkir və tutdurur. Əgər şəxslər bilsə ki, onlar xəstədir, onları müalicəyə yönəltmək lazımdır (əlbəttə ki, cəmiyyətə lazım olanları), vəziyyət dəyişər. Onları müalicəyə yönəltmək üçün çalışmalıyıq. Müalicə yerlərinin isə normal fəaliyyəti üçün lazımi işlər görülməlidir.
– Bəs, narkomaniya ilə bağlı qanunvericilikdə hər hansı əlavə və dəyişikliklər etməyə ehtiyac var?
– Dediyim məsələlər qanunda öz əksini tapsa, əlbəttə ki, nəticə ola bilər. Amma adətən qanunda məsələlər nəzəri şəkildə öz əksini tapır. Qanunu təqdim edən adamların demək olar ki, praktikası yoxdur. Elə hallar olur ki, kütləvi testləşdirməni nəzərdə tutur. Çünki kütləvi testləşdirmə olsaydı, nə onları müalicəyə yerləşdirmək üçün imkanımız, nə həbs etmək üçün yerimiz var idi, nə də bunu fiziki olaraq kütləvi şəkildə çatdırmaq mümkün deyildi. Bu qanun çıxacaqdı, mən onun qarşısını aldım. Ona görə, bu məsələni kiçik mqiyaslarda etmək olar. Etdiyimizin fəsadlarını da nəzərə almalıyıq. Bunlar etsək, hansı sosial problemlər baş verə bilər? Nəzərə almalıyıq ki, baş verə biləcək problemin qarşısını ala biləcəyikmi? Məktəblərə, məktəb psixoloqlarına, məktəblərin təlim-tərbiyə üzrə işçilərinə mütləq şəkildə bu məsələ ilə bağlı təlimlər keçilməlidir. Təlimi də səriştəli adam keçməlidir ki, onlar həmin meylli uşaqlarla, meylli yeniyetmələrlə necə danışacaqlarını, necə rəftar edəcəklərini və bu vaxt necə nəticə əldə edəcəklərini hesablaya, nəticə əldə edəndən sonra da nə edəcəklərini bilsin.
– Yəni məsələyə kompleks yanaşma olmalıdır.
– Mütləq. Tutaq ki, məktəb psixoloqu bir uşaqla danışdı, narkomaniyaya aludəçiliyi aşkar etdi. Bu halı aşkar edəndə psixoloq aləmi qatır bir-birinə, valideynə deyir, polisə deyir, sosial şəbəkələrdə yayılır, uşaq məhv olur. Yəni sakitcə, hay-küysüz, anonim şəkildə bu məsələni həll etmək olardı, heç kimin də ruhu inciməzdi. Digər uşaqlar da bunu görüb qorxmazdı ki, belə bir hal olsa, mən müraciət etsəm, başıma nələr gələcək…
Asya ŞÜKÜROVA.
araz.az xəbər portalı.