“Biz hələ sülh sazişi imzalamamışıq, sülh sazişi imzalayandan sonra bu sənəddə nəzərdə tutulmuş istiqamətlər tərəfləri qane edərsə, həyata keçirilərsə, ondan sonrakı mərhələ sülh müqaviləsinin imzalanmasıdır”.
araz.az-ın xəbərinə görə, bunu Redaktor.az-a sülh sazişinin imzalanmasına mane olan dövlətlər haqqında danışan politoloq Sədrəddin Soltan dedi.
O bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına doğru rəsmilərin açıqlamasına görə ortaq razılaşmalar var:
“Eləcə də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dünənki açıqlamasından məlum oldu ki, tərəflər mübahisə yaradacaq və mübahisənin həlli uzun sürəcək məsələləri növbəti mərhələyə saxlayırlar. İlk növbədə daha tez həll olunacaq məsələləri müzakirə edib, o ətrafda razılığa gəlmək istəyirlər. Tərəflər arasında bu tip anlaşmaların yaxınlaşmalara, razılaşmalara mane olan qüvvələr beynəlxalq vasitəçilər olub. İlk növbədə Fransa və Rusiya, müəyən mənada ABŞ də. Niyə mane olurlar? Çünki Fransanın da, Rusiyanın da, ABŞ-nin da Cənubi Qafqazla bağlı öz maraqları var. Bu maraqları təmin təmin etmək üçün istər-istəməz danışıqlarda onları qane edən məsələləri, müddəaların öz əksini tapmasının reallaşmasına çalışırlar. Bu halda da Azərbaycanla Ermənistan arasında problem yaranır. İlk növbədə son zamanlar isə Fransa ilə Rusiya mane olmağa çalışır. Fransa istəyir ki, Ermənistanda Rusiyanı əvəzləsin, Rusiya isə Ermənistanda mövqeyini əldən vermək istəmir. Ona görə bir çox istiqamətlərdə Moskva ilə bağlı məsələlər regionda sülhün yaranmasına, tərəflərin ortaq məxrəcə gəlməsinə mane olur. Buna görə də maneələrin aradan qalxması üçün, beynəlxalq vasitəçilərin sıradan çıxarılması üçün tərəflər birbaşa danışıq formatına razılaşdılar. Bu formatı rəsmi Bakı təklif edib. Rəsmi Bakı təklif edəndən sonra əvvəlcə Gürcüstanı istədilər, orada vasitəçi olsun, sonra isə birbaşa görüş üçün Azərbaycanın təklif etdiyi variantı Ermənistan da qəbul etdi”.
S.Sultan vurğuladı ki, artıq ikitərəfli, yəni birbaşa təmaslarla bağlı nəticə var.
“Bu nəticə dekabrın 7-də Azərbaycan və Ermənistan arasında hərbçilərin mübadiləsi ilə bağlı birgə açıqlamada özünü göstərdi. Nazirin dünənki çıxışından bəlli oldu ki, gələn il Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin başçılıq etdiyi nümayəndə heyəti sərhəddə görüşə bilər. Bu isə həmin o adlarını sadaladığımız beynəlxalq vasitəçilərin sıradan çıxmasına, yaxud onların vasitəsi ilə münasibətlərin normallaşmasından tərəflərin imtina etdiyi anlamına gəlir. Onlardan başqa İran deyilən bir faktor var. İran faktoru da müxtəlif zamanlarda, elə indinin özündə də normallaşma prosesinə müəyyən əngəllər törətməyə çalışır. Məsələn, guya Azərbaycan Ermənistana qarşı ərazi iddiası edir, guya Azərbaycan Ermənistan münasibətlərində hansısa ölkənin maraqları təmin olunur və sair. Amma Azərbaycan rəsmilərinin açıqlamasından bəlli olur ki, Azərbaycan tərəfi İran kimi, Rusiya, Fransa kimi vasitəçilərdən, ara vuranlardan, problem yaradanlardan uzaq durmaq üçün birbaşa danışıqlara üstünlük verir. Məhz Amerika Birləşmiş Ştatları ikitərəfli görüşü alqışlayır. Azərbaycanla Ermənistanın normallaşma üçün böyük güclərin prosesi alqışlamasına və dəstəklənməsinə ehtiyac var, vasitəçilik etməsinə yox. Onların vasitəçiliyi 30 il ərzində bir nəticə nəticə vermədi. Köhnə oyunçuların yenidən vasitəçilik etməsi hansı nəticəni verəcək? Həmin Rusiyadır, həmin ABŞ-dir, həmin Fransadır və həmin maraqlardır. Ona görə bu qüvvələr mane olanlardır. Bu qüvvələrin kənarda durması Cənubi Qafqazın da, iki ölkənin də, elə o böyük güclərin də özünün maraqlarına xidmət edə bilər”, – deyə politoloq qeyd etdi.
araz.az xəbər portalı.