“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) növbəti dəfə Milli KSM Mükafatına layiq görülüb.
araz.az bildirir ki, mükafat “AzerGold” QSC-yə 2022-ci ildə Heydər Əliyev Fondu və “Birgə və Sağlam” İctimai Birliyi ilə tərəfdaşlıq şəraitində icrasına başladığı “Autizm spektr pozuntulu şəxslərin fərdi inkişafına dəstək” layihəsinə görə təqdim olunub. Səhmdar Cəmiyyət müsabiqədə BMT-nin dayanıqlı inkişaf məqsədlərindən biri olan “Yaxşı səhiyyə və rifah” nominasiyası üzrə qalib elan edilib.
Qeyd edək ki, sözügedən layihə çərçivəsində 2023-cü ildə Gəncə şəhərində regional Autizm Mərkəzi istifadəyə verilib. Bugünədək Mərkəzdə Gəncə şəhəri, Daşkəsən, Göygöl, Goranboy, Şəmkir və Tovuz rayonlarında yaşayan 75 nəfər autizmli uşağa tam ödənişsiz əsasda beynəlxalq standartlara uyğun reabilitasiya xidmətləri göstərilib, 150 nəfər autizmli şəxs isə ilkin diaqnostik qiymətləndirmədən keçirilib.
Ümumilikdə, müsabiqəyə Azərbaycanda fəaliyyət göstərən 35 şirkət və təşkilat tərəfindən 60 layihə təqdim edilib. İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Elm və Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və digər qurumların təmsil olunduğu müsabiqə komissiyası tərəfindən 7 layihə “Milli KSM Mükafatı-2022”yə layiq görülüb.
Xatırladaq ki, “AzerGold” QSC ilk dəfə 2019-cu ildə Milli KSM Mükafatına layiq görülüb. Bu mükafatı alan ilk dövlət şirkəti olan “AzerGold” 2019-cu ildə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə birgə icra etdiyi “Fərdi aqrar təsərrüfatların iqlim dəyişikliklərinə adaptasiyası” mövzusunda təlim layihəsinə görə təltif olunub. Layihə “Milli KSM Mükafatı-2019” müsabiqəsində BMT-nin dayanıqlı inkişaf məqsədlərindən biri olan “İqlim dəyişikliyinə qarşı mübarizə” nominasiya üzrə qalib elan edilib.
Dağ-mədən sahəsində aktiv fəaliyyəti ilə ölkəmizin iqtisadi inkişafına töhfə verən “AzerGold” QSC məsuliyyət zonalarında dayanıqlı inkişaf məqsədlərini də daim diqqətdə saxlayır. Səhmdar Cəmiyyət fəaliyyət göstərdiyi Gəncə-Daşkəsən iqtisadi rayoununda ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq və s. istiqamətlər üzrə çoxsaylı layihələr icra edərək, vətəndaşların rifah halının gücləndirilməsi ilə bağlı dövlətin yürütdüyü siyasətə töhfələrini verməkdədir.
araz.az xəbər portalı.