Hüquq müdafiəçisi Azad İbrahimli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı müraciətin bir surətini də gundemxeber.az-ın e-mail poçtuna göndərib.

araz.az  GundemXeber.Az-a istinadən bildirir ki,   Masallıda baş verən qorxunc hadisələrlə bağlı hüquq müdafiəçisinin apardığı araşdırma yazısını olduğu kimi çoxsaylı oxucularımızın diqqətinə çatdırırıq:

“Mənim üçün çox maraqlıdır: Görəsən səlahiyyətli şəxslər cənub bölgəsində yaranmış təhlükəli vəziyyət barədə Prezident İlham Əliyevə məlumat veribmi? Əlbətdə ki, yox, verməzlər. Bilirsiz niyə? Çünki onlar üçün maraqlı olan öz gəlirləridir. Həmin səlahiyyətli şəxslər üçün vətən, dövlət və milləti önəmli deyil. Mən bunu açıq şəkildə deməkdən çəkinmirəm.

Regionlarda baş verənlər barədə yazmaq istəyirəm. Bəzi vəzifəli şəxslər Masallı rayonunda iş adamları ilə əlbir olub bütövlükdə dövlət üçün təhlükə mənbəyinə çevriliblər. Necə? İndi onu izah etməyə çalışacam.

Mən müstəqil hüquq müdafiəçisisiyəm. Ara-sıra rayonlara səfər edirəm. Bu dəfəki səfərim ölkənin cənub bölgəsinə, konkret olaraq Masallı rayonuna oldu. Burada gördüklərim məni sözün həqiqi mənasında dəhşətə gətirdi. Və özümə borc bilirəm ki, gördüklərimi Sizin də diqqətinizə çatdırım.

Rayonun mərkəzindən İsti su istirahət mərkəzi istiqamətində hərəkətdəydim ki, qarşıdan bir neçə yük maşınının yüklü vəziyyətdə mənimlə üzbəüz gəldi. Bu mənim diqqətimi çəkdiyindən maşını yolun kənarına çəkib saxladım. Dayandığım yerdə bir saatdan çox müşahidə apardım. Bu bir saat ərzində təxminən 30 yük maşını dolu vəziyyətdə rayonun mərkəzinə tərəf gedirdi. Elə oldu ki, yaxınlıqdan keçən bir sakinlə söhbətləşdik. Ona “bu yük maşınları kimindir və nə işlə məşğul olurlar” sualını vermişdim ki, adam ürəyini boşaltdı.

Həmin şəxsin sözlərindən məlum oldu ki, yük maşınları Masallı rayonundan olan tanınmış iş adamı Hacı Mazana (Ramazan Zeynalova) məxsusdur. O, Viləş Çayının ətrafında qazıntı işləri aparır. Hər gün həmin çaydan ən azı 100 maşın iri daş çıxararaq, özünə məxsus zavoda aparır. Mənimlə danışan şəxs deyir ki, bu barədə dəfələrlə aidiyyəti dövlət orqanlarına məlumat verilib. Gəl ki, heç kim bu işin qarşısını ala bilməyib.

Mənim həmsöhbət olduğum şəxs deyir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə ilə qohumluq əlaqələrini Hacı Mazanı toxunulmaz edib. Hacı Mazan insanlara açıq şəkildə deyir ki, oğlum Bayram Zeynalov polis polkovniki, Ağsuda mero rəisidir. Buna görə heç kim mənə söz deyə bilməz. Təsəvvür edirsiz? Belə baxanda düz də deyir. Heç kim ona “gözün üstə qaşın var” deyə bilmir. Adam oğlunun vəzifəsi ilə insanları hədələyir. Hacı Mazan bir yük maşını ilə qumu 200 manata satır. O, əldə etdiyi gəliri təkbaşına yemir. Qazancın müəyyən qədərini Masallı rayonunun səlahiyyətli şəxslərinə verir. Xüsusilə bildirim ki, Hacı Mazan qazıntı işləri ilə bağlı Viləş Çay Su Anbarı İstismar İdarəsinin rəhbəri Rusif Kərimovun da payını çatdırır.

Bu arada onu da qeyd edim ki, Hacı Mazanın arxasında dayananlardan biri də deputat Məşhur Məmmədovdur. Millət vəkili də iş adamının qanunsuz işləri barədə şikayətlərin qarşısını alır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da belə hallara qarşı çıxa bilmir. Deyilənlərə görə Hacı Mazan onları da oğlu Bayram Zeynalovun Muxtar Babayevlə ailəvi dost olması ilə hədələyir. Deyim ki, nazir Muxtar Babayevlə mero rəisi Bayram Zeynalovun dost olması barədə mətbuatda da məlumat verilib.

Hacı Mazanın Viləş Çayının ətrafında apardığı qazıntı işlərinin təhlükəli tərəfləri barədə qısaca yazım. Həmin çay təxminən 46.000 kubmetr su tutumuna malikdir. Hazırda orada 32.000 kubmetrdən biraz çox su olar. Bunun da səbəbi çayın vaxtı-vaxtında təmizlənməməsidir. Halbuki mütəxəssislər deyir ki, suvarma mövsümü başa çatandan sonra, yəni bu aylarda çayın qapıları açılmalı, su tamamilə buraxılmalıdır. Ancaq illərdir bu işlər görülmür. Çünki idarə müdiri Rusif Kərimov həmin çayda balıq saxlayır. Mənimlə söhbətləşən və müəyyən səbəblərdən adının çəkilməsini istəməyən şəxsin sözlərinə görə Rusif Kərimov rayon ictimaiyyəti arasında belə bir söz deyib ki, güya çaydakı balıqlar Su Ehtiyyatları Agentliyinin sədri Zaur Mikayılovundur.

Balıqdan daha təhlükəli olan əsas məsələ barədə də də bir neçə kəlmə yazım. Hacı Mazan tərəfindən aparılan qazıntı işləri zamanı çayın mühafizə zolağı zədələnib. Əgər su sızması olarsa insanların həyatını xilas etmək olacaqmı? Mən hələlik mövzunu burdaca ykunlaşdırşram. İnanıram ki, vəziyyətin ciddiliyi aidiyyəti dövlət orqanlarını da narahat edəcək. Böyük bir rayonun sakinləri üçün mümkün təhlükə aradan qaldırılacaq və təbiətə ziyan vuranlar barəsində ciddi tədbirlər görüləcək.”

araz.az  redaksiyası olaraq, yazıda adları keçən şəxslərin mövqeyini dinləməyə hazırıq.

araz.az xəbər portalı.