Məyusedici bu foto-şəkillər hər gün öz füsünkar təbiət mənzərəsi ilə diqqətləri cəlb edən Naftalan şəhərində, yerli sakinlərlə bərabər, turistlərin də ziyarət etdikləri Şəhidlər Xiyabanında çəkilib. Lakin bu ziyarətgahımızın bölgənin özü qədər füsünkarlığı qalmayıb. Ərazisinin hər addımlığında şəhid adına hörmətsizliyin şahidi olursan. Şəhər rəhbərliyi isə, sanki “yatıb fil qulağında”: Diqqətsizlik, baxımsızlıq o həddə çatıb ki, şəhid məzarları belə öz görkəmini dəyişib. Sanki illərdir ğözləri yaşlı qalan Şəhid Analarımızın üz-gözlərindən silinməyən kədər-qəm lövhələri, məzarüstü qəbir və baş daşlarına həkk olunmuş şəhid rəsmlərinin üzərinə çöküb. Xoş gələcəyimiz, əmin-amanlığımız naminə canlarını fəda edən Vətən oğullarının əbədiyyət məkanı olan bu əraziyə şəhər rəhbərliyinin belə ögey munasibəti heç cür başa düşülən deyil.
Doğrudan da, ərazidəki işıqlandırma sisteminin çoxdan sıradan çıxması, natəmizlik utancverici bir mənzərə yaradır. Şəhərə istirahət üçün, eyni zamanda müalicə almaq məqsədilə gələnlər də, deyilənləri, yerli sakinlərdən betər ürəkağrısı ilə qeyd edirlər. Turist kimi buraya təşrif buyuran xarici vətəndaşlarda da, bu məyusedici mənzərə xoşagəlməz təəssüratlar yaradır.
Belə ciddi məsələyə bu cür etinadsızlıq, bu barədə şəhər İcra Hakimiyyətinə edilən çoxsaylı etiraz müraciətlərinin diqqətdən kənarda qalması vicdan çərçivəsinə belə sığmır. Şəhidlər Xiyabanını ziyarət edən sayt əməkdaşlarımızi da, bu utancverici mənzərə olduqca məyus edib. Lakin bu ciddi məsələnin ən qısa zamanda öz həllini tapacağına ümidliyik. Odur ki, mövzunu daim diqqətdə saxlayacağıq.
araz.az
araz.az xəbər portalı.