İşğal altındakı torpaqlarımızda nəinki beynəlxalq təşkilatların, eləcə də jurnalistlərin, ictimaiyyət nümayəndələrinin də iştirakıyla monitorinqlərin keçirilməsini tələb etməliyik…
26-cı ildir ki, ermənilərin əlində qalan Qubadlı rayonunun “İşxanadzor” adlandırılmış Xanlıq kəndində 52 yeni tikilmiş ev qanunsuz sakinlərin istifadəsinə verilib.
Moderator.az yazır ki, bu haqda separatçı erməni saytlarına Xanlıq kəndinin faktiki icma rəhbəri Arsen Telunts adlı bir məxluq məlumat verib. 2017-ci ildən başlanan tikinti işləri Xankəndindəki separatçı rejim və “Kaşataq” xeyriyyə fondu tərəfindən maliyyələşdirilir. İcma rəhbərinin sözlərinə görə, hazırda Xanlıqda 600 erməni yaşayır və dünən – oktyabrın 21-də daha 30 nəfər kənddə yaşamaq arzusunu bildirib. Məskunlaşmanın stimullaşdırmaq üçün təzə evlər yalnız kəndə yeni köçən şəxslərə verilir. Gələcəkdə daha bir tikinti proqramı həyata keçiriləcəyi gözlənilir.
Xatırladaq ki, Moderator.az Qubadlı rayonunun ən böyük kəndi olan Xanlıqda işğalçılar tərəfindən həyata keçirilən prosesləri vaxtaşırı izləyir və mütəmadi məlumatlar verir. Son bir neçə il ərzində kənddə Suriyadan qaçmış onlarla erməniyə də yeni evlər verilməsi haqda xəbərlər yaymışıq…
P.S. Görünən odur ki, işğal altındakı torpaqlarımızda və xüsusən keçmiş Dağlıq Qarabağ muxtar qurumundan kənarda yerləşən, işğaldan öncə cəmi bir neçə erməninin yaşadığı Laçın, Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarında ermənilərin qanunsuz məskunlaşdırılması prosesi sürətlənir, dərinləşir və ciddiləşir. İşğal altındakı torpaqda vaxtilə bircə damazlıq erməninin yaşamadığı bir kənddə hazırda 600 işğalçının yaşaması adi məsələ deyil…
Bir neçə gün öncə Kəlbəcərdə “Sidney” şəhərciyinin salınması, Ermənistandan Füzuli-Cəbrayıl istiqamətində Araz boyu yeni avtomobil yolunun çəkilməsi və s. haqda da məlumat vermişdik. Kimsə, hansı rəsmi qurumsa deyə bilər ki, deyilənlər, yazılanlar yalandır, ermənilər rəqəmləri şişirdir. Bəs biz işğal altıındakı torpaqlarımızdakı gerçəkləri müəyyən etmək üçün hansısa bir ciddi tədbir görürükmü? Yəni deyilənlərin yalan olduğunu hansı monitorunqlə-filanla sübut etdik? Əvvəllər ATƏT-in yalandan da olsa, qanunsuz məskunlaşdırma ilə bağlı monitorinqləri keçirilirdi. İndi bu da yoxdur. Halbuki, Azərbaycanın iradə göstərib nəinki beynəlxalq təşkilatların, eləcə də jurnalistlərin, ictimaiyyət nümayəndələrinin iştirakıyla qanuni torpaqlarımızda monitorinqlər keçirmək hüququ var… Yoxsa əlimizi-qolumuzu sallayıb “erməniləirin dediyi dezinformasiyadır, acından ölürlər, Qarabağdan qaçırlar” deməklə bir də ayılacağıq ki, Fələstinin işğal altındakı torpaqları kimi bizim torpaqlarda da ermənilərin məskunlaşma faktı beynəlxalq səviyyədə tanınıb…
araz.az xəbər portalı.