DYP1.jpgXatırladaq ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrinə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış Şöbəsinin rəisi, polis polkovniki Hacımurad Abdullayev, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun uzun illərdir icra etdiyi bu vəzifədən gedişi ilə bağlı müxtəlif fikirlər səslənib. Hacımurad Abdullayev bu vəzifədən gedəndən sonra onun rəhbərlik etdiyi şöbə ləğv edilib. Həmin şöbənin yerində isə Qeydiyyat-İmtahan İdarəsi (Qİİ) yaradılıb. Həmin idarənin rəisi postuna polkovnik Mübariz Şahbazov təyin edilib. Mübariz Şahbazov həm də Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavinidir.

Hazırda həm rəis müavini, həm də Qİİ rəisi kimi fəaliyyətini davam etdirən Mübariz Şahbazov, uzun illərdir daxili işlər orqanlarında çalışır və DYP-dəki “cənub qruplaşması”na rəhbərlik edir. Baş Dövlət Yol Polisi İdarəsində uzun müddətdən bəri qruplaşmaların olduğu və illər ərzində bu qruplar arasında soyuq savaşın getdiyi barədə mətbuatda dəfələrlə təkzibolunmaz xəbərlər dərc olunub. DYP-dən bizimdovr.az-a daxil olan ilginc məlumata görə, qurumda baş verən qarşıdurmalar bir müddət səngidikdən sonra yenidən alovlanmağa başlayıb. Məlumatda iddia edilir ki, DYP rəisi Ramiz Zeynalovun yaş həddinin keçməsi ilə əlaqədar yaxın aylarda vəzifəsi ilə vidalaşacağı barədə yayılan məlumatlar qurumdakı qruplaşmaları hərəkətə keçirib. Hər zaman generala yaxınlığı ilə tanınan iki cənublu DYP İdarəsinin rəis müavini Mübariz Şahbazov və Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsinin rəis müavini Müşfiq Rəhimov birlikdə hərəkət etməyə başlayıb. Məqsəd isə R.Zeynalovdan sonra indiki müavin M.Şahbazovun DYP rəhbəri təyin olunmasıdır. Onu da bildirək ki, DYP daxilində ayrıca komanda formalaşdırmış və uzun müddətdir ki, birincilikdə gözü olan M.Şahbazov rəhbərliyi tam ilə keçirmək üçün dəfələrlə general rütbəsi almağa cəhd edib. Ancaq onun fəaliyyətindəki qanunsuzluq və korrupsiyanın çəkisi polkovnikin istəyinin çəkisindən çox olduğundan bu niyyəti gerçəkləşməyib. Qeyd edək ki, hazırda Ramiz Zeynalova qarşı olan qruplaşmanın hər iki lideri, həm Mübariz Şahbazov, həm də Müşfiq Rəhimov ölkə ictimaiyyətində mənfi imic qazanmış şəxslər sırasındadır. Çünki, bu gün yollarda baş verən qəzaların və bu qəzalar nəticəsində ölümlərin müəyyən bir məsuliyyəti də bu şəxslərin üzərinə düşür. Fikrimizə aydınlıq gətirmək üçün məsuliyətə xronoloji ardıcıllıqla yanaşaq. Əvvala, yollarda baş verən qəzalarla bağlı araşdırmalara baxdıqda onun baş vermə səbəbləri sadalanarkən naşı sürücülər haqqında daim danışılır. Naşı sürücüyə sürücülük vəsiqəsini kim verir? Əlbəttə ki, “MERO”, Yəni BDYP-nin İmtahan-Qeydiyyat İdarəsi. “MERO”-ya “kuratorluğu” isə adını çəkdiyimiz polis polkovniki Mübariz Şahbazov edir. Digər tərəfdən, BDYP idarəsində güclü bir sindrom var. Bu, Mübariz Şahbazov sindromudur. İstənilən sürücülük kateqoriyasını almaq istəyən şəxs “MERO”ya, yəni sürücülük vəsiqəsi vermək hüququna malik olan şöbəyə müraciət edib vəsiqə ala bilər. Həmin şöbənin də nəzarətçisi Mübariz Şahbazovdur və bu sindrom demokl qılıncı kimi “MERO” əməkdaşlarının başı üstündən asılıdır. Ona görə ki, “yezda” zamanı avtomobili yerindən tərpətməyi bacarmayana “əla” qiymət yazana, sadə yol nişanlarından başı çıxmayana “sən keçdin” – deyənlər yol qəzalarına məsul şəxslərdir. Yeri gəlmişkən: “Bizə yalnız qəpik-quruş qalır” – deyən “MERO” yetkilisinin yəqin ki, daşı kimin bostanına atdığını da çoxunuz yaxşı bilirsiniz. Çünki sürücülük vəsiqəsi üçün alınan 1000 manatdan təxminən 40 manatı dövlət rüsumu, 900 manatı Mübariz Şahbazovun, 60 manatı da vasitəçilik edən əməkdaşa çatır. Onu da bildirək ki, apardığımız araşdırmalarda onu da öyrəndik ki, DYP sistemində ən varlı şəxslər məhz “cənub qruplaşması”nın üzvləridir. Buna misal olaraq Müşfiq Rəhimovu deyə bilərik. İllərdir nömrə “biznesi” ilə məşğul olan bu şəxs demək olar ki, böyük bir oliqarxdır. Otel, restoran, ərzaq və sair bizneslərlə məşğul olan şəxsin əsas şəriklərindən birinin Mübariz Şahbazov olduğu iddia edilir. Qeyd edək ki, Mübariz Şahbazov və onun komandası Azərbaycan Respublikasının “Yol Hərəkəti Haqda” Qanununu pozmaqdadır. 2011-ci ildə təsdiqlənən qanuna görə Dövlət Yol Polisi İdarəsinin rəsmi saytında nömrə nişanlarının siyahısı və müvafiq qiymətləri göstərilməklə yerləşdirilməlidir. DYP-nin saytında yerləşdirilən və icrası 7 ildir ki, gerçəkləşdirilməyin Qanunun “Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı” adlanan 29-ci maddəsinin II-I bəndində oxuyuruq.
II-I. Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində yerləşdirilir.
Bəli qanun bunu tələb edir. Amma DYP-nin rəsmi internet səhifəsində itən 7 il ərzində belə məlumatlarla taniş olmaq mümkün olmayıb. Səbəb isə sadədir. Bu, DYP-də çalışan və nömrə nişanlarının verilməsi ilə məşğul olan şöbə əməkdaşlarına sərf etmir. Qanunun tələbi də 7 ildir ki, DYP rəsmilərinin biznes maraqlarının qurbanına çevirilib. Belə olmasaydı, vətəndaşlar maşınlarına dövlət qeydiyyat nişanlarında rəqəm və ya hərf kombinasiyalarını seçmək azadlığına sahib olardılar. Qanunun tələb etdiyi kimi DYP-nin saytına daxil olub istədikləri rəqəm və ya hərf kombinasiyaları olan dövlət qeydiyyat nişanını seçib rüsumu keçirməklə əldə edə bilərdilər. Məsələn kimsə 10 DD 100, 10 CC 100 və s. bu kimi rəqəm və ya hərf kombinasiyaları olan dövlət qeydiyyat nişanını seçib rüsumu ödəməklə əldə edə bilməli idi. Bunun əvəzində DYP-də kimlərinsə bığının altından keçməklə belə dövlət qeydiyyat nişanları almaq olur. Qonşu Gürcüstanda isə illərdir ki, oxşar qanun qüvvədədir və işlək vəziyətdədir. Vətəndaş müvafiq qurumun saytına daxil olur, dövlət qeydiyyat nişanında istədiyi rəqəm və ya hərf kombinasiyalarını sifariş edir, rüsumu ödəyir və alır. Azərbaycanda nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş dövlət nömrə nişanının ən bahası 2500 manatdır. Sıralamadan asılı olaraq ən ucuz dövlət qeydiyyat nişanının qiyməti 22 manatdır. Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda satılan ən bahalı avtomobil nömrələrinin siyahısı da yayılıb. Məsələn bununla bağlı David Xamelenko adlı şəxs sosial şəbəkələrə elan yerləşdirib. Elanda qeyd olunur ki, aşağıdakı avtomobil nömrələri satılır. Ən bahalı nömrə Az 99 TT 999-dur – 230 min manat. Satışda olan digər nömrələrin siyahısı ilə belədir:
Az 99 LL 999 – 200 min AZN, Az 99 VV 999 – 200 min AZN, Az 99 UU 999 – 200 min AZN.
Maraqlıdır, DYP rəsmiləri ən bahalı dövlət qeydiyyat nişanının rəsmi qiymətinin 2500 manat olduğunu açıqlayır, deyir ki, heç kim özbaşına nömrə nişanı sata bilməz. Bəs bu astronomik qiymətli nömrələri satanlar kimlərdir? Həmin şəxslərlə “Yol Hərəkəti Haqda” Qanunun 29-ci maddəsinin II-I bəndi 7 ildir icra etməyən BDYPİ rəhbərliyi arasında əlaqə varmı? Qeyd edək ki, Azərbaycanda nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının verilməsinə Dövlət Yol Polisi İdarəsinin Şöbə rəisi Müşfiq Rəhimov rəhbərlik və Mübariz Şahbazov isə nəzarət edir. Qeyd edilən islahatların həyata keçirilməməsi də məhz adı çəkilən məmurların bu sahədən böyük gəlirlər əldə etmə səbəbindən həyata keçirilmir. M.Şahbazovun bu vəzifəyə təyinatından sonra yuxarıda qeyd edilən problemi aradan qaldıracağına dair bir sıra gızləntilər olsa da, hələ də dövlət qeydiyyat nişanlarının satışı ilə bağlı “Elektron hökumətlə bağlı qəbul edilən müvafiq tələblər icra edilməyib. Çünki onun bu sahədən və regional “MERO”-lardan hər ay milyonlarla manat gəliri gəlir. Bu barədə növbəti yazımızda açıqlamalar verəcəyik. (bizimdovr.az)
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.

/RealMedia.az/

araz.az xəbər portalı.