“Kapital bazarının inkişafı istiqamətində görülən tədbirlərin davamı olaraq 2023-cü il fevralın 1-dən etibarən beş il müddətində kütləvi təklif edilmiş, tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividendlər və faiz gəlirləri gəlir vergisindən azad olunub”.
araz.az bildirir ki,bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, 2023-cü ildən başlayaraq Vergi Məcəlləsində dividendlər üzrə vergi güzəştlərinin məhz birjada olan səhmlərə münasibətdə tətbiqi kapital bazarlarının inkişafı istiqamətində hədəfli təşviq siyasətinin tətbiq edildiyini göstərir:
“Beləliklə, birjadakı səhmlər üzrə dividendlər də vergidən azad edilib. 2023-cü ildə Vergi Məcəlləsində edilmiş dəyişikliklər bu istiqamətdə vergi güzəştlərinin hədəf yönümlüyünün artırılmasına hesablanıb. Hazırkı vəziyyətdə müəssisələrin təsisçiləri əsas etibarilə kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin sahibləri deyil, digər iştirakçılardır”.
“Bu baxımdan dividendlər üzrə ödəmə mənbəyində vergi dərəcəsinin 10 faizdən beş faizə endirilməsi, dövlət və yerli özünüidarəetmə orqanlarının, büdcə təşkilatlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin dividend gəlirlərinə görə vergi azadolmasının ləğv olunaraq beş faiz dərəcə ilə vergi tutulması istiqamətində Vergi Məcəlləsində dəyişiklik edilib”, – qeyd edilib.
araz.az xəbər portalı.