Son 3-4 gündür sosial şəbəkələrdə Xalq artisti Zeynəb Xanlarova müzakirə olunur – geyimi, ifası, bir sözlə, ona qarşı sözün əsl mənasında hücuma keçiblər. Bu hücumçular isə daim kin qusanlardır. Həmrəylik Günündə də parçalanma yaratmağa can atanlar. Deyişməçilər arasında etik normaları aşıb yaş məsələsinə ilişənlər də var. Sanki “səni səhnəyə çıxdığına peşiman edəcəyəm” deyib heç bir sərhəd tanımadılar.
Uzun müddətdən sonra səhnəyə çıxan, bizim üçün oxuyan Xalq artistinə qarşı bu sərhədsizlik nədən qaynaqlanır?
araz.az bildirir ki,məsələyə münasibət bildirən Xalq artisti Flora Kərimova Musavat.com-a açıqlamasında qeyd edib ki, millət vaxtında Zeynəb Xanlarovanın qiymətini verib, sevgisini bölüşüb:
“Yaşa dolmaq fizikidir. Sən hələ onun yaşına çat, onun etdiklərini et, onun oxuduğunu oxu, sonra dilin 1 metr çıxsın. Yaş Allahın mükafatıdır. Gözümüzü açandan Zeynəb Xanlarovanın çıxışını gözləyirdik ki, o oxuyacaq. İndiyə qədər etdikləri heçmi oldu? Budur qədirbilən millət? Bu, millət deyil, kütlədir. Millət vaxtında onun qiymətini verib, sevgisini bölüşüb. Mən o cür danışanlara ad da tapa bilmirəm. Yenə deyirəm, danışan getsin özündən danışsın. O yaşa çatsın, onun yaşadığını görsün. Səhnədə hər insanın həyatı hamar olmur. Danışan onun kimi övlad böyütsün, torpağına onun kimi övlad bağışlasın. Ondan sonra danışsın. Mən yaşlıyam deyə heç kimə lazım deyiləm? Bəs indiyə qədər Zeynəb Xanlarovanın etdiklərinin hamısı havadadır?
Hazırda Zeynəb Xanlarovanın dəymədüşər vaxtıdır. Onun xətrinə dəyməyin. O, əziyyət çəkib. Bu adam Azərbaycana məxsusdur, azərbaycanlıdır. Xalqın adını daşıyan bir müğənnidir. Onu söyməklə nəyə nail olursunuz? Əgər Zeynəb xanım AzTV-nin Yeni il konsertində fonoqram oxuyubsa, zamanın uğurlu mahnılarını ifa edib. Necə olur 30 il əvvəl sən o mahnını Zeynəb Xanlarovanın ifasında qəbul edirdin, bəs indi nə dəyişib onun ifasında? Yeni ifa deyil ki, deyəsən pis oxudu. O zaman sən ona qiymət verdin, alqışladın, indi isə yaşlanıb deyirsən. Yaşlılar özlərini assınlar? Mənim 83 yaşım var.
Sənətkarı tapdalamaq olmaz. Bu adam ad qazanıb, sevgi qazanıb, Şövkət Ələkbərova kimi alqışların, gül-çiçəyin içərisində yaşayırdı. Bir az yaşlanıb, düşüb deyə belə davranmaq olmaz. O zaman Bülbülü də, Rəşid Behbudovu da, Xan Şuşinskini də saymayaq. Yadımdadır, Seyid Şuşinskini küçədə yuxu tuturdu, ancaq Seyid müəllim gələndə hamımız ayaq üstə dururduq, bilmirdik hara girək onun zəhmindən. Xana, Zeynəb Xanlarovaya baxıb sənət irəli gedirdi. İndi xoşlarına gəlmir. Nədir? – Düşüb?”
Flora Kərimova bildirib ki, bu, bir müğənni kimi Zeynəb Xanlarovaya olan qiymət deyil:
“İnsanların aqressiyasına gəlincə, sadəcə, Zeynəb xanım danışanda düşünməyib danışır. Ondan inciyiblər, küsüblər. Bu etiraz müğənni Zeynəb Xanlarovaya yox, vaxtında sözünü deyə bilməyən keçmiş millət vəkili Zeynəb Xanlarovanın simasına deyilir. Onsuz da bir müğənni kimi onu gözdən sala bilməyəcəklər.
Sizin göstərdiyiniz bu təşəbbüs qeyrətli insanın təşəbbüsüdür. Çünki bir azərbaycanlı kimi sizin qeyrətiniz kütlənin bu sözlərini qəbul etmir. Vaxtında Zeynəb Xanlarovanı baş tacı kimi gəzdirirdilər, indi nə oldu?”
Aytən NOVRUZ
araz.az xəbər portalı.