“Olduqca vacib məqam bizə kimin dərs deməsidir. Vaxt ötdükcə, müəllim kateqoriyasında cılızlaşma gedir. Şəxsən mən oxuduğum dövrdə fakültəmizin cəmi iki professoru var idi. İndi isə bir fakültədə az qala, 20 professor var”.
AzEdu.az-ın “Təhsil resepti” rubrikasının budəfəki həmsöhbəti təhlükəsizlik məsələləri üzrə mütəxəssis, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıldır.
Bu gün doğum günü olan (xatırladaq ki, ekspertlə müsahibə oktyabrın 22-də, dünən, onun ad günündə alınıb –red.) ekspert təhsildəki bir çox problemlər barədə danışsa da, söhbətə 61 yaşında içindəki öyrənmək və öyrətmək həvəsini dilə gətirməklə başlayıb:
“Təəssüf ki, təhsil sistemində illərdir, yalnız geriləmə müşahidə olunur”
“Öyrənmək qəbrəcəndir. Oxumaq yalnız təhsil almaqla məhdudlaşmır. Yenidən ali təhsil almaq üçün artıq gecikdiyimi düşünürəm. Bu yaşda insanlar artıq bildiklərini başqasına vermək istəyirlər. Çox istərdim ki, indiyəcən öyrəndiklərimi kimlərəsə öyrədim”.
Bu mövqedən çıxış edərək İlham müəllimdən təhsillə bağlı düşüncə və təkliflərini öyrənməyə çalışdıq. Ekspert təhlükəsizlik məsələlərini təhsillə əlaqələndirərək, söhbətin davamını gətirib:
“Təhsil hər millətin dəyəri, bel sütunlarından biridir. Azərbaycan Respublikasının təhlükəsizlik konsepsiyasında da qeyd olunub ki, təhsilə olan hər hansı təhdid bütövlükdə millət üçün təhlükə hesab olunur. Təəssüf ki, bizim təhsil sistemində illərdir, yalnız geriləmə müşahidə olunur.
Təhsilimizdə yanlışlar çoxdur. Təhsilin bütün pillələrində yanlışlıqlar gözə gəyir. Dövlətin vahid təhsil konsepsiyası olmalıdır. Təhsil sağlamlıq qədər önəmli sahədir. Sağlamlıq fiziki amildir. Millət və dövlətin mənəvi sağlamlığının başında isə təhsil gəlir. Həqiqətən təhsillə bağlı olan mütəxəssisləri toplayıb təhsil konsepsiyasına yenidən yanaşmaq və təhsilə rəhbərlik edən şəxslərin təyinatını düzgün istiqamətləndirmək lazımdır”.
“Ödənişli təhsil sistemindən çıxmaq lazımdır”
Ekspertin sözlərinə görə, ali məktəblərdə Baloniya sistemi özünü doğrultmayıb. Texnologiya, internet nə qədər inkişaf etsə də, biz hələ də imtahanları onlayn götürüləcək səviyyədə yetişməmişik. Bunun üçün isə bizə müəyyən dövr lazımdır.
Beynəlxalq təcrübənin ən qabaqcıl sistemlərini götürməli olduğumuzu deyən ekspert Sovet təhsil sisteminin müsbət tərəflərini vurğulayıb:
“Bu sistemin ideoloji tərəflərini çıxmaqla, digər məsələlərə görə kifayət qədər üstün təhsil sistemi hesab olunurdu. Çünki klassik alman təhsil sisteminin davamı idi. Buna görə də orta məktəbi bitirən şagirdlərimiz bəzi ölkələrin texnikum, kollec məzunlarından xeyli öndə olurdular.
Alman təhsil sisteminin bizdə tətbiq olunmasının tərəfdarıyam. Çünki orada təhsil ölkə vətəndaşları üçün pulsuzdur. Bizdə də təhsilin ağırlığı daha çox dövlətin üzərinə düşməlidir. Ümumiyyətlə, ödənişli təhsil sistemindən çıxmaq lazımdır. Bu, təhsili məhv edən məsələlərdən biridir. Hər şeydən kəsib təhsilə vermək lazımdır”.
Yapon təhsil sistemini də tətbiq etmək olar. Amma biz yapon təfəkküründə olmadığımıza görə, bunun birdən-birə tətbiqi bizim üçün çətin ola bilər. Çünki milli xarakter məsələsi var. Bizim xalq yaponlar qədər dözümlü deyil. Bunun üçün xüsusi məktəblər açmaq lazımdır. Çox böyük proqrama ehtiyac var. Yaponlar uşaqları həddindən artıq yükləyirlər. Elə bunun nəticəsində Yaponiya dünyanın üçüncü böyük istehsalçısı olub. Bizim neftimiz, onların isə “Sony” şirkəti var. Bir “Sony” ilə neftdən qat-qat çox gəlir əldə edirlər.
II Dünya Müharibəsi bitəndə Yaponiya ordusu təslim olmuş, ölkəyə iki atom bombası atılmışdı. Onda imperator gəlib özünün və həyat yoldaşının son qızıllarını gətirdi. Qızıl fondu yaratdı və dedi ki, bu fond yalnız təhsilə yönələcək. Demirəm ki, bizdə də kimlərsə ora qızıl qoysunlar. Daha doğrusu, dövlət büdcəsindən təhsilə normal pul ayrılsın”.
O, Azərbaycanda təhsilin heç də hamı üçün əlçatan olmadığını bildirib:
“Düzdür, qabiliyyət məsələsini də danmaq olmaz. Təbii ki, hamı eyni səviyyədə əlaçı ola bilməz. Hərə bir sahəni seçir. Amma o sahənin əsl mütəxəssislərini ortaya qoymaq lazımdır. Təəssüf ki, bizim təhsil sistemində istər texniki, istər humanitar sahələrdə istənilən nəticə nadir hallarda olur. O da təhsildən deyil, fitri istedaddan asılı olur. Halbuki, hər şey təhsildən asılıdır.
Mən təhsil alanda Bakı Dövlət Universitetində yüksək səviyyədə təhsil vardı. Beşcə il oxuyurduq. Amma bitirəndə yazdığımız diplom işi elmlər namizədliyinə bərabər olurdu. Tədrisi o səviyyədə aparmaq lazımdır”.
“Elə adamlara professor deyirlər ki, insan məəttəl qalır…”
Ekspert təhsil müəssisələrində kimin dərs deməsinin də çox vacib məqam olduğunu vurğulayıb. Onun sözlərinə görə, vaxt ötdükcə müəllim kateqoriyasında cılızlaşma hiss olunur:
“Bu, bütün müəllimlərə aid deyil. Amma əvvəlki kimi orta məktəb müəllimləri də yoxdur. Şagirdə elmi müasir texnologiyalarla olduğu kimi çatdıran müəllimlər azdır. Bəziləri yola verməklə məşğuldurlar.
Müəllimlər özləri də sosial problemlərin içində o qədər boğulublar ki, öz şagirdinə nəsə verməkdən çox problemləri necə yoluna qoyacaqlarını düşünürlər.
Bu gün bizdə elə adamlara professor deyirlər ki, insan məəttəl qalır. Şəxsən mən oxuduğum dövrdə fakültəmizin cəmi iki professoru var idi. İndi isə bir fakültədə az qala 20 professor çalışır. Bizə Famil Mehdi, Abbas Zamanov, Qulu Xəlilov kimi adamlar dərs deyib. Titula çatmaq üçün həmin adamlar da böyük bir yol keçməli idilər. İndi də o adamları yetişdirmək lazımdır.
Təfəkkür Universitetində qiyabi təhsil alanlar sırf sosial statuslarına görə artıq elmlər doktorudurlar. Haradasa önəmli fiqur olduğuna görə “3”-lə oxuyan adam sonradan hüquq elmləri doktoru olur. Düzdür, bu, nisbi xarakter daşıyır. Amma hamımız bilirik ki, bu insanlar o səviyyənin daşıyıcıları deyillər. Mən kimlərəsə elmi iş, dissertasiya yazdıran orqan işçiləri tanıyıram. Hansısa tanışlıqlarla, “kiminsə bığının altından keçməklə” o qabiliyyətdə olmayan adamlar elmi iş müdafiə edirlər. Bir neçəsini mən şəxsən tanıyıram. Yeri gələndə bəzi şeyləri özüm də yazmışam.
Yüksək qurumlardan birinin işçiləri üçün elmi iş yazan uşaq tanıyıram. Halbuki, həmin gənc heç özü müdafiə etməyib. Amma xeyli elmi iş yazıb. Bu məsələlərdə çox ciddi nöqsanlar var”.
Repetitorların fəaliyyətindən danışan ekspert “Onlara bu ehtiyac haradan yarandı?” sualına belə cavab verib:
“Oxuduğum dövrdə bircə dənə də repetitor yadıma gəlmir. Biz özümüz oxuyub bu səviyyəyə çatmışıq. Məncə, repetitorlara ehtiyac da elə sosial problemlərdən yarandı. Fikirləşdilər ki, bu, pul qazanmaq üçün çox yaxşı üsuldur. Bu, məsələnin bir tərəfidir. İkinci tərəfi isə o cılızlaşmanın təsiridir ki, uşaqlar öz müəllimlərini qoyub, başqa bir savadlı müəllim yanına dərs öyrənmək üçün gedirlər. Bunları bütövlükdə ləğv etmək də olmaz. Sadəcə, elə alternativlər qurmaq lazımdır ki, repetitor məsələsi belə kütləvi hal almasın. Yoxsa bu, çox bəlalar törədə bilər”.
“Uşağı “qəbul olunmalısan” deyə divara dirəməsinlər”
“Bütün valideynlər övladının maksimum yaxşı oxuması üçün çalışırlar. Elə repetitorun pulunu da onlar verirlər. Valideyn bütün günü işini atıb uşağın dərsləri ilə məşğul ola bilmir. Uşaq yeniyetməlik yaşına çatanda valideynlərin qayğıları o qədər çoxalır ki, pul tapan kimi deyirlər ki, “al bu pulu, get oxu”.
Bir də bizdə köhnədən qalma “mütləq ali təhsil almaq lazımdır” fikri var. Abituriyent universitetə qəbul oluna bilməyəndə intihar edir. Uşaq düşünür ki, atam, anam mənim üçün pul versə də, zəhmətlərini yerə vurdum. Gərək valideynlər qəbul olunmalısan deyə uşağı divara dirəməsinlər”.
“Ali məktəblərdə, ümumiyyətlə, mütaliə sıfır səviyyəsindədir”
Sonda şagird və tələbələrin mütaliəsindən gileylənən İlham İsmayıl bildirib ki, nəinki orta, heç ali məktəb tələbələri də kifayət qədər mütaliə etmirlər:
“Məsələn, bu yaxınlarda hərbi vətənpərvərlik mövzusunda bir layihə işlədik. Aprel döyüşləri barədə tələbələrin öz fikirlərini yazması üçün 3 ali məktəbə müraciət etdik. Onlar isə sanki yazını mətbuatdan köçürüb bizə göndərmişdilər. Heç kəs sırf öz fikrini yazmamışdı. İnandırım sizi ki, hələ orta məktəblərdə vəziyyət bir az yaxşıdır. Ali məktəblərdə, ümumiyyətlə, mütaliə sıfır səviyyəsindədir”.
araz.az
araz.az xəbər portalı.