Türkiyədə itkin düşən ərəb əsilli jurnalist Camal Kaşıkçının cəsədi tapılıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, jurnalistin cəsədi su quyusundan tapılıb. Məlumatı “Vətən” partiyasının sədri Doğu Perinçek açıqlayıb.
Cəsədin tapıldığı su quyusu Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun ərazisində yerləşir.
Xatırladaq ki, “Wasington Post” qəzetinin əməkdaşı olan Camal Kaşıkçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olub və bir daha ərazidən çıxmayıb. O, səfirliyə sənəd almaq üçün gedibmiş. Nişanlısı isə onu bayırda gözləyirmiş.
Səudiyyə Krallığı jurnalistin ölüm faktını yalnız 18 gün sonra təsdiqləyib. Hadisəyə ilə bağlı 18 nəfər saxlanılıb. Onlar arasında Səudiyyə xüsusi xidmət orqanlarının əməkdaşları da var.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr ölkəsinin müxalif jurnalist Camal Kaşıkçının qətli kimi insidentlərin qarşısını almaq üçün lazımi tədbirlər görəcəyini bildirib.
Al-Arabia telekanalının yaydığı məlumata görə, nazir Səudiyyə Ərəbistanının jurnalistin ölümü ilə bağlı tam təhqiqat aparmaq barədə öhdəlik götürdüyünü təsdiqləyib. O deyib ki, Kaşıkçının qətlində əli olanların hamısı məsuliyyətə cəlb olunacaq.
Camal Kaşıkçı Səudiyyə Ərəbistanının Yəmən siyasətini və fərqli düşünənləri boğmasını tənqid edən yazıları ilə tanınırdı.
Ər-Riyadın açıqlaması bir çox dövlətlərin liderlərini qane etməyib və artıq Səudiyyə Ərəbistanına sanksiyalar tətbiq olunması barədə çağırışlar səslənməkdədir.
araz.az xəbər portalı.