Ermənistan-Azərbaycan arasında çərçivə sülh müqaviləsinin imzalanmasının mümkün göründüyü bir zamanda və əlaqələrin 3 və ya 4-cü tərəflərin iştirakı olmadan baş tutması ABŞ-ı narahat etməyə bilməzdi.
araz.az qeyd edir ki, bunu, ABŞ-ın Azərbaycanla bağlı qərəzli hesabatına dair hafta.az-a fikrini açıqlayarkən siyasi şərhçi Vüqar Dadaşov bildirib.
Politoloq hesab edir ki, ABŞ-ın növbəti dəfə belə bir illik hesabatla çıxışı gözlənilən idi. ABŞ ötən ilin may ayında da eyni məzmunda anti Azərbaycan hesabatı dərc etmişdi. Onun fikrincə, Ermənistan və Azərbaycan arasında çərçivə sülh müqaviləsinin Moskva platformasında imzalanmasından ehtiyatlanan ABŞ-ın özünü Ermənistana dost-yaxın göstərmək üçün anti-Azərbaycan xarakterli hesabat,bəyanatlarla çıxışı mümkün idi.
“Onu da nəzərə almaq lazımdır ki, xeyli fasilədən sonra Paşinyanın bir müddət əvvəl Rusiyaya, Sankt-Peterburqa səfəri eyni zamanda Qərbə bir mesaj kimi, həm də şantaj xarakterli idi. ABŞ-ın anti-Azərbaycan hesabatını tam olaraq Ermənistanın “diplomatik uğuru” hesab etmək olmaz. Əvvəla, ABŞ-ın Cənubi Qafqazla, Rusiya ilə bağlı öz siyasi kursu və hədəfi var və Ermənistan bu məqsəd üçün sadəcə vasitədir”.
V.Dadaşov bildirib ki, ABŞ-ın hesabatı hüquqi və siyasi baxımdan heç bir qüvvəyə, təsirə malik deyil.
“Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, heç bir dövlət Azərbaycanın iradəsinə təsir edə bilməz. Bu il Azərbaycan Prezidenti İlham Əliyev dünya azərbaycanlılarının həmrəylik günü və yeni il bayramı münasibəti ilə xalqa müraciətində “Bu, bizim torpağımızdır, bu torpağın sahibi bizik, nə lazım biliriksə, onu da edəcəyik” – deyə, ABŞ da daxil olmaqla, bütün anti-Azərbaycan qüvvələrə açıq mesaj verdi. Azərbaycan dövlətinin öz milli maraqlarından geri çəkilməyəcəyi artıq dünya gücləri üçün bir reallıq olaraq qəbul edilir. ABŞ-ın Azərbaycana qarşı ardıcıl təzyiqlərinin effeksizliyi sonda elə ABŞ-ın özünü güzəştə getməyə məcbur etdi. Bir ay əvvəl Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi buna sübutdur”.
Siyasi ekspert hesab edir ki, ABŞ-ın öz siyasi maraqları ilə üst-üstə düşən erməni lobbisinin Azərbaycanla münasibətlərin arzuolunmaz istiqamətdə inkişafına dair istəklərinin boşa çıxması, onu sübut edir ki, Azərbaycan beynəlxalq miqyasda söz sahibi kimi, öz dövlət və milli maraqlarını qorumaq iqtidarındadır.
“Əlbəttə ki, onları Azərbaycanla hesablaşmağa məcbur edən, onun iqtisadi, hərbi gücü, siyasi iradəsi, coğrafi mövqeyi və Avropanın enerji təhlükəsizliyi məsələsidir. Həmçinin unutmaq olmaz ki, Azərbaycan Türkiyə ilə müttəfiqdir və regionun taleyi məhz Türkiyənin yanaşması ilə fərqli istiqamətdə müəyyən edilə bilər. Yeri gəlmişkən, Azərbaycan Rusiya ilə də müttəfiqlik bəyannaməsi imzalayıb. Bu gün Türkiyə, Rusiya və Azərbaycanın bir-birilərinin maraqlarını qəbul edərək hərəkət etməsi, digər güclərin regionla bağlı siyasətinin əngəlinə çevrilib. Odur ki, ABŞ, Fransa və ya hər hansı bir digər ölkənin anti-Azərbaycan hesabatı, bəyanatı adi kağız parçasından başqa bir şey olmasa da, ABŞ başda olmaqla Qərbin region uğrunda mübarizənin detallarıdır”.
araz.az xəbər portalı.