Elşad Barat: “Anar müəllim ağsaqqal adamdır, mən o şeirdə ona qarşı çox sərt misralar işlətmişdim” 

Azərbaycan Yazıçılar Birliyi (AYB) respublikada yeganə ictimai təşkilat, yaradıcı qurumdur ki, həm Sovet dövründə, həm də indi daim müzakirə predmetidir. Bu qurumda baş verənlər daha çox diqqəti cəlb edir, nəinki o biri yaradıcı qurumlarda baş verənlər. 

Başqa yaradıcı təşkilatlarda yaşanan istənilən hadisə nə diqqəti cəlb edir, nə də müzakirə olunur. Amma AYB daim müzakirə, tənqid obyekti olaraq qalır.

Son 30-35 ildə AYB ətrafında elə qalmaqallar, elə söz-söhbətlər baş verib ki, bunları bir-bir sadalamaq üçün günlər bəs etməz. Daim narazlıqların və intriqaların meydan suladığı qurumdan indiki dövrdə də ciddi narazılıqlar var. Xüsusən də gənc yazarlar iddia edirlər ki, ya AYB ləğv edilməlidir, ya da Xalq yazıçısı Anar sədr kürsüsünü tərk etməlidir, amma Anar müəllim də deyir ki, hələ də sədr olmaq istəyindədir, yaxın üç ildə postunu tərk etməyi düşünmür.

Bu günlərdə  Azərbaycan Yazıçılar Birliyinin ( AYB) İdarə Heyətinin üzvü,  şair Elşad Barat mətbuata açıqlamasında bu təşkilatın fəaliyyəti ilə bağlı narazılığını bildirib, onun bağlanmasını təklif edib. “… AYB ləğv edilməlidir. Azərbaycan ədəbi mühitində bu qədər haqsızlıq, bu qədər ədalətsizlik, bu qədər nizamsızlıq varsa, deməli, bu sahənin bir ciddi quruma ehtiyacı var. Məncə, Azərbaycan Yazıçılar Birliyi ləğv olunmalı, yeni bir nizamlı qurum yaradılmalıdır. Elə bir təşkilat ki, öz işinin öhdəsindən gələ bilsin. Düşünürəm ki, problem Yazıçılar Birliyinin indiki rəhbərliyində yox, Birliyin öz köhnə xəttindədir. Yəni Birliyin indiki halı, idarəçilik prinsipləri saxlanılmaqla rəhbərliyə kimlər gəlsə yenə də belə olacaq, yenə də yüzlərlə qələm adamı narazı qalacaq, yenə də rəhbər şəxslər dövlətin yazıçılara ayırdığı evləri sürücülərinə verəcəklər, yazıçılara olan dövlət qayğısını katibələrinə ayıracaqlar.

Bu gün Yazıçılar Birliyinin 3000 nəfərə yaxın üzvü var, onlardan 52 nəfəri İdarə Heyətinin üzvüdür, mən də bu 52 nəfərin biri olaraq düşünürəm ki, bu Birlik ləğv edilməlidir. Yeni yaradılacaq təşkilatda müəyyən senzura olmalı, istedadlı qələm adamlarını bir araya toplayıb dövlət üçün, vətən üçün, ədəbiyyat üçün ciddi işlər görmək olar. İndiki sistem yazıçıları kütləvi şəkildə dövlətə qarşı üsyan həddinə gətirir. Birlik 30 ildir edə biləcəyini edib, biz bulağı şəlalə ola bilmədiyinə görə qınaya bilmərik. Bulaq suyunun dağdan atılıb intihar edə biləcək cəsarəti olmalıdır ki, şəlalə ola bilsin. Sadəcə, yeni birlik yaradılmalıdır, yəni yeni bulaq elə yerə çəkilməlidir ki, şəlalə ola bilsin”.

AYB-nin sədri Xalq yazıçısı Anar mətbuata açıqlamasında bildirib ki, Elşad Barat Birliyin 2000 üzvünün adından danışa bilməz. “Sizcə bu təklif maraqlı fikirdir? O yalnız öz adından danışa bilər, 2000 nəfərin  adından fikir deyə bilməz. Elşad Baratın  xoşu gəlmir, ərizəsini yazsın, İdarə Heyətindən  çıxıb getsin. Niyə getmir? Bir dəfə getdi. Üzr istədi, geri qayıtdı, gedər, yenə üzr istəyib qayıdar”,- deyə o bildirib.

Doğrudanmı E.Barat üzr istəyib? Anar deyir xoşu gəlmir İdarə Heyəti üzvlüyündən istefa versin, siz İstefa verəcəksiniz? Nə baş verir, niyə bu qənaətə gəldiniz AYB ləğv edilməlidir? Hətta bir müddət əvvəl Xalq şair və yazıçılarını yarışa da çağırdınız, amma bu da aqressiv qarşılandı. AYB ilə  nə problem yaşayırsınız?

“…Mənim birlikdən istefa vermək fikrim yoxdur”

AYB-nin İdarə Heyətinin üzvü,  şair Elşad Barat “Bakı-Xəbər”ə açıqlamasında “Birincisi, yazdığım statusda Anar müəllimin adını çəkməmişəm, hətta yazmışam ki, rəhbərliyə başqa insanlar gəlsə də heç nə dəyişməyəcək. Bunu özüm də İdarə Heyətində olduğun üçün yox, İdarə Heyətində olub hər şeyi gördüyüm üçün demişəm.

İkincisi, bəli, Anar müəllimdən ona yazdığım “sovetin qalığı” şeirimə görə üzr istəmişəm. Lazım olsa, yenə bu şeirimə görə üzr istəyərəm, çünki Anar müəllim ağsaqqal adamdır, mən o şeirdə ona qarşı çox sərt misralar işlətmişdim. Üçüncüsü, gələk əsas məsələyə, bu gün ölkədə bütün qurumlar yenilənir, fərqli və uğurlu idarəçilik tətbiq olunur. Amma Yazıçılar Birliyində rəhbərlik dəyişsə də heç nə dəyişməyəcək. Mənim təklifim budur ki, AYB ləğv edilsin, bu qədər əli qələm tutmayan insanın bir araya toplanmasının nə onların özünə, nə də dövlətə, xalqa faydası var. Təklifimin özəyi budur ki, yeni bir ad altında ciddi qələm adamları bir araya toplansın, vətən üçün, xalq üçün, dövlət üçün yararlı işlər görülsün, lazımlı layihələr həyata keçirilsin. Bu sadəcə bir təklifdir, bəlkə İdarə Heyəti mənim fikrimi dəstəklədi, bilmirəm, amma mənim birlikdən istefa vermək fikrim yoxdur. Elə çox adam istəyir ki, mən istefa verim”-deyə qeyd etdi.

E.Baratın sözlərinə görə, bu gün ölkədə çox ciddi gənc qələm adamları var, onların hamısını AYB küsdürüb. “Bu gənclərin əksəriyyəti dünyaya çıxa biləcək səviyyədədir, amma onların hər yerdə qarşısı alınır. Həmişə bu məsələlərdə konkret günahkar axtarmışıq, nəticə də olmayıb. Bu dəfə qalmaqala meyl etməyək, ciddi iş görmək üçün çalışaq, mən bir qələm adamı kimi, bu təklifim istiqamətində ciddi addımlar atmağı düşünürəm və mənim kimi düşünən hər kəsi bir olmağa çağırıram”-deyə E.Barat vurğuladı.

İradə SARIYEVA.

araz.az xəbər portalı.