“Ən yaxşı təhsil sistemi Sinqapurdadır. Orada bir sinifdə standart olaraq 40 şagird təhsil alır”.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində bildirib. Nazir sinifdə daha çox şagirdin oxumasının təhsil prosesinə mənfi təsirinin olmasını mif adlandırıb.

“Keyfiyyəti, hazırlığı yerində olan müəllim hazırlığı yerində olmayan müəllimin 6 uşaqla göstərdiyindən daha yaxşı nəticəni 40 uşaqla göstərir. Bizim cəmiyyətimiz elə qurulub ki, hər şeydən şikayət etmə formatı var. Biz təhsil sistemində insanlara geniş seçim imkanları yaratmışıq.

Dünyanın heç yerində valideyn hansı müəllimin övladına dərs deməsini seçmir. Lakin bizdə valideynlər belə bir seçim edir. Çünki bir neçə il əvvəl bu belə korrupsiya mənbəyi idi. Məhz filan sinifə düşmək problem idi. Bunu aradan qaldırmaq üçün elektron sistemlər qurmuşuq.

Həqiqətən də, bu gün müəllimi Elm və Təhsil Nazirliyi, direktor yox, elə valideyn seçir. Bizim 40-dan çox şagirdin təhsil aldığı məktəblərimizin sayı bir neçə yüzdür. 70 neçə min sinifimizdən təkcə bir neçə yüzündə 40-dan çox şagird var. Bizim təhsil sistemimizin sıxlıq problemi yoxdur. Sıxlıq yalnız bir neçə məktəbdə var”. 

Qeyd edək ki, nazirin “Sinifdə 40 nəfərin təhsil almasının tədrisə mənfi təsiri yoxdur” fikri ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb. Vətəndaşları əsasən düşündürən odur ki, bu gün sayın heç də çox olmadığı siniflərdə belə şagirdlər repetitor yanına gedirlər.

Əgər sinifdə 40 şagird olarsa, bu, şagirdlərin repetitorlara müraciətinin sayını daha da artırmayacaqmı? Yaxud şagird sayı çox olan sinifdə müəllim bir şagirdə neçə dəqiqə vaxt ayıra biləcək? 

Məsələ ilə bağlı Sosial Tədqiatlar Mərkəzinin əməkdaşı, təhsil üzrə tədqiqatçı Elmin Nuri “Cebhe.info”-ya bildirib ki, zaman-zaman siniflərdə şagird sayının çoxluğunun tədris prosesinə və onun keyfiyyətinə birbaşa təsir etdiyi düşünülüb:

“Mən də vaxtilə bu barədə danışmışam və sinifdə şagird sayının keyfiyyətə təsirini vurğulamışam. Ancaq dünyanın çağdaş təhsil parametrlərini izlədim. Başa düşdüm ki, bu, heç də belə deyil. Çoxluq hər yerdə müəyyən xaos yarada bilər. Ancaq etiraf edək ki, bizim orta ümumtəhsil müəssisələrində şagird sayı nə qədər çox olursa-olsun, 35-dən yuxarı deyil. Yalnız bir neçə məktəb istisna təşkil edir ki, burada 35-40 şagird ola bilər.

Rayonlarda elə siniflər var ki, şagird sayı heç 20 də deyil. Şagirdlərin daha sıx olduğu məktəblər əsasən Bakı, Sumqayıt və Abşeron məktəbləridir. Bunu ümumi ölkəyə aid etmək olmaz. Mediada yazılanlara baxsaq, bunu az qalsın yalnışlıqla ümumrespublika məsələsi hesab edilər. Mən şəxsən sinifdə şagird sayının çoxluğunun tədris prosesinə o qədər də ciddi təsir edəcəyini düşünmürəm”.

Ekspert bildirib ki, buna əsasları var:

“Birincisi, çağdaş dünya təhsilində tədris prosesinə baxış dəyişib. Elə yeniləşmiş təhsil meyilləri var ki, məhz kəmiyyət çoxluğunu tələb edir. Tədris artıq interaktiv, tədqiqatyönümlü istiqamət almalıdır. Sovet dövründə pedaqoqlar belə bir qayda irəli sürürdülər ki, bir sinif otağında 25-dən artıq şagird ola bilməz və hər şagirdə 2 kvadratmetr düşməlidir. Artıq təhsilə baxış, mahiyyət dəyişib. Artıq siniflərdə əvvəlki kimi tədris prosesi təşkil etməyə ehtiyac yoxdur.

Dünya təhsili müəyyən qruplar, komandalar halında dərs prosesini təşkil edir. Bunun üçün kəmiyyət çoxluğu daha yaxşıdır. Bizim də məktəblərdə, digər modern dərslərdə bu tətbiq edilir. Təhsildə interaktivlik artmasına yönələn işlər görməliyik. Əgər təhsil prosesində interaktivlik artarsa, kəmiyyət çoxluğu o qədər də problem yaratmaz.

Əvvəlki qaydada deyil ki, müəllim bu gün dərsi keçsin, sabah müəllim dərsə gələndə 3-5 uşaqdan dərs soruşsun və 45 dəqiqə tamamlansın. Belə olmamalıdır. Hər bir fərd pedoqoji prosesin aktiv hissəsinə çevrilməlidir. Dərsin təşkilinə baxış dəyişməlidir və Bakı məktəblərində artıq bu, az da olsa hiss olunur. Hər bir mənfidə müsbət çalar da var. Eyni zamanda, əhalinin məskunlaşma prosesi var və burada şagird sayı təbii ki, çox olacaq. Biz düşünməliyik ki, belə olduğu halda tədris prosesini necə keyfiyyətli etməliyik?

Situasiyaya əsasən qərar qəbul etməliyik. Bəxtimiz onda gətirib ki, dünyanın çağdaş təhsilinin inkişaf meyilləri məhz sinifdəki kəmiyyətə görə uzlaşmır. Sinifdə 40 şagird olsa belə, dərsi necə uğurlu təşkil etməklə bağlı bir neçə təklifi deyə bilərəm. Ancaq buna ehtiyac görmürəm. Bizim müəllimlər özləri buna can atacaqlar. İnternet, “YouTube”, çox sayda pedoqoji saytlar var, onlardan istifadə etsinlər və görəcəklər ki, əsas baxışı dəyişməkdir. Elə problemin üstünə düşüb “problem var, necə edəcəyik” deməklə deyil. Stiuasiyaya görə doğru çıxış yolunu tapıb onu inkişaf etdirməkdir”.

Məsələyə müəllimlərin də münasibəti birmənalı deyil. Yardımlı rayon Vərgədüz kənd orta məktəbinin ibtidai sinif müəllimi, 23 ildir əmək fəaliyyəti ilə məşğul olan Xanverdi Dadaşov bildirib ki, bu, çox yanlış fikirdir və sinifdə şagird sayı 30 və daha çox olduqda sinif iki yerə ayrılır:

“Ümumiyyətlə, sinifdə şagird sayı 20 nəfərdən çox olduqda, nəticə çox aşağı olur. Nə qədər peşəkar müəllim olsa da, proqramı çatdıra bilməz. Nəinki şagirdə ayrılan vaxtın azalması, hətta bəzi şagirdləri dindirməyə belə vaxt qalmaz. Bu, ibtidai siniflərdə ümumiyyətlə, mümkün deyil. Mən həmin təhsil ekspertin dəvət edirəm ki, dərs dediyim 19 şagirlik sinifdə, gəlsin bir-iki gün işləsin və görsün ki, müəllimlər hansı əzabları çəkir.

O ekspert bir daha o fikri dilə gətirməyəcək. Bir gün işləsin, nəinki 40 nəfər, 10 nəfərlik sinfə də razı olmayacaq. Həmin təhsil eksperti sadəcə nazirin sözünü təsdiq etməkdən ötrü elə deyir. Özü də yaxşı bilir ki, bu mümkün deyil”. 

O bildirib ki, sinifdəki şagird sayı repetitor yanına gedənlərin sayına da mütləq təsir edəcək:

“Çünki təbii olaraq proqram çatdırılmayacaq, şagirdlər də məcbur qalıb repititor yanına üz tutacaq. Nəticədə dərsdən yayınmalar da olacaq. Bir də sinif otağında hər bir şagirdə ən azı 2 kvadratmetr yer olmalıdır. 40 şagird üçün 80kvm-lik sinif otağı harada var?! Bu, şagirdin hüquqlarını pozmaq deməkdir”. 

araz.az xəbər portalı.