Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.
“Metak” MMC-nin “Emtv.az” saytına qarşı şikayətini araşdıran komissiya üzvləri rəyə gəliblər ki, informasiya resursunun hazırladığı materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın (AJPDQ) əksər prinsipləri pozulub.Materiallarda şirkət barədə ciddi ittihamlar yer tutsa da, qarşı tərəfin rəyi öyrənilməyib, həmçinin, yanlış məlumatların düzəldilməsi üçün şirkət tərəfindən edilən müraciətlər nəzərə alınmayıb. İnformasiya resursunda yayımlanan materiallarda kampaniyaçılığın üstünlük təşkil etdiyini nəzərə alaraq, daha geniş müstəvidə araşdırılma üçün məsələ MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına yönləndirilmişdir.
“Veysəloğlu” MMC-nin “Gündəm Xəbər” qəzetinə qarşı şikayəti araşdırılarkən müəyyən edilmişdir ki, şirkətin eyni motivli müraciəti əsasında məsələ artıq Yasamal Rayon Məhkəməsində araşdırılıb və qəzet haqqında hökm çıxarılıb. Məhkəmə hökmü olduğu üçün komissiya məsələni baxılmamış saxlayıb.
Komissiya üzvləri Tərtər Rayon Polis Şöbəsinin sabiq rəisi Əflatun Məcidovun “Reallıq.info” saytına qarşı müraciətini də baxılmamış saxlayıblar. Bildirilib ki, MŞ-nin bu informasiya resursu haqqında daha öncədən ciddi rəyi olub, onun adı MŞ tərəfindən hazırlanan “qara siyahı”ya daxil edilib. Adları “qara siyahı”da olan KİV-lər haqqında təkrar rəy verilmir.
Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovun “Demokratik.az” Xəbər Portalına qarşımüraciətini araşdıran komissiya üzvləri müəyyən ediblər ki, portalda yayımlanan materiallarda AJPDQ-nın prinsipləri intensiv şəkildə pozulub, portalın baş redaktoru adından dərc edilmiş yazıda etik qaydalara sayqısızlıq nümayiş etdirilib. “Demokratik.az” Xəbər Portalına və baş redaktor Osman Nərimanoğluna ciddi xəbərdarlıq edilib.
araz.az xəbər portalı.