Bu gün Azərbaycan Mətbuat Şurasında respublikanın əməkdar jurnalisti, yazıçı, publisist və alim Ramiz Əskərin 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.

araz.az-ın xəbərinə görə, tədbiri giriş sözü ilə MŞ sədri Rəşad Məcid açaraq bildirib ki, R.Əskər həm, jurnalistikada, həm ədəbi yaradıcılıqda, həm də elmi müstəvidə sanballı və geniş fəaliyyət diapazonu ilə seçilən, əsl ziyalı statusu daşıyan dəyərli simadır. MŞ ömrünü gördüyü işə sərf etmiş qələm adamlarının əməyinə hər zaman böyük dəyər verdiyi kimi, R.Əskərin də həyatının əlamətdar təqvim gününə həsr olunmuş toplantının təşkilini vacib sayıb.

Yubilyar qələm sahibinin bioqrafiyasındakı xarakterik məqamlara diqqət çəkən R.Məcid bildirib ki, R.Əskər yalnız Azərbaycanda deyil, eyni zamanda, bütövlükdə türk dünyasında adı fəxrlə çəkilən söz adamı, populyar elm xadimidir. MŞ sədri onun fədakar əməyinin müxtəlif nüfuzlu mükafatlara və dövlət təltiflərinə layiq görülməsini yüksək qədirbilənlik nümunəsi kimi dəyərləndirib və rəhbərlik etdiyi qurumun diplomunu R.Əskərə təqdim edib.

Toplantıda çıxış edənlərdən MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, veteran jurnalistlər – Bəbir Hüseynov, Rəhim Hüseynzadə və Mədət Məmmədov, yazıçı-publisist Fazil Abbasov, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədr müavini, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, Şuranın icraçı katibi Əvəz Rüstəmov və başqaları R.Əskərin istər jurnalistist, istərsə də elmi fəaliyyətinin misilsiz vətənpərvərlik örnəyi olduğunu vurğulayıblar. Onlar bildiriblər ki, qələm sahibinin indiyədək həyata keçirdikləri bütöv bir elmi institutun işidir. Yubilyar gərgin və fədakar əməyi ilə həmin işləri özü təkbaşına reallaşdırmağı bacarıb. Çıxış edənlər, həmçinin, R.Əskərə qarşıdakı müddətdə də yaradıcılıq şövqü və məhsuldarlığın davamını arzulayıblar.

R.Əsgər 70 illik yubileyinə, keçdiyi ömür yoluna yüksək dəyər verdikləri üçün toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, 1954-cü ildə Gümrünün Amasiya ra­yo­­­nu­na bağlı Qaraçanta kəndində (Ermə­nis­tan ərazisi) doğulmuş R.Əskər 1972-ci ildə Bakı Dövlət Uni­ver­­si­tetinin jurna­listika fakül­təsinə da­xil olub. 1975-ci ildə M.V.Lo­mo­no­sov adı­na Moskva Döv­lət Uni­­­­­­ver­si­te­tinin jur­na­listika fakültəsinə keçib və 1978-ci il­də həmin ali təhsil ocağını bitirib.

1978-1983-cü illərdə “Azərbaycanın Səsi” radi­o­­­sun­da işləyib, 1983-1984-cü illərdə Azərbaycan, türk, ərəb, fars, ingilis, fran­sız və al­­man dil­lə­rində çıxan “Azərbaycan bugün” jurnalının baş redaktoru olub.1984-1991-ci illərdə latın, kiril və ərəb əlifbalarıyla işıq üzü görmüş “Od­lar yurdu” qə­zetinin baş redaktoru vəzifəsini tutub. 1991-1993-cü illərdə Türkiyənin “Hürriyet” qəzetinin və Uluslararası Haber Ajansı­nın (UHA) Azərbaycan üzrə müxbiri olub. 1993-1997-ci illərdə “Yeni Forum” jurnalının (Ankara) təmsilçisi kimi fəaliyyət göstərib. 1993-1994-cü illərdə Xarici Turizm Şurasının idarə rəisi işləyib. 1994-1996-cı illərdə “XXI əsr” qəzetinin baş redaktoru, 1992-1997-ci illərdə Azərbaycan Jurnalistlər Birliyinin katibi kimi çalışıb.

R.Əskər, həmçinin, 2003-2006-cı illərdə Bakı Dövlət Universitetindəki Türkologiya ka­fed­­­ra­sında iş­lə­miş, azərbay­canca və rusca Türk mədəniyyət tarixi, Tür­ko­­logiyanın əsas­ları, “Di­va­nü lüğat-it-türk”, “Kitabi-Dədə Qorqud”, “Qu­tadğu Bilig”, “Manas” dərs­ləri deyib. 2007-2012-ci illərdə filologiya fa­kültəsində bə­dii tərcümə elmi-təd­qi­qat la­­­bo­ra­to­riyasının müdiri olub. 2012-ci ildə türk xalqları ədə­biy­ya­tı ka­fed­ra­sının, 2016-cı ildə isə tür­kologiya kafed­rasının mü­diri seçilib. 2023-cü ildən Türkoloji Araşdırmalar Mərkəzinin rəhbəridir. Namizədlik disser­ta­si­ya­sı­nı “Qutadğu Bilig”, dok­tor­luq dis­­­ser­­­ta­­si­ya­sı­nı isə “Divanü lüğat-it-türk” üzrə yazıb. 80-ə yaxın bey­nəl­xalq simproziumun və konfransın iştirakçısı olmuş yubilyar Azərbaycanda və dünyanın müxtəlif ölkələrində çapdan çıxmış 94 kitabın, xeyli sayda tərcümənin müəllifidir. O, 2010-cu ildə Əməkdar jurnalist fəxri adına, 2014-cü ildə “Şöhrət” ordeninə, 2022-ci ildə Özbəkistanın “Dostluq” ordeninə layiq görülüb.

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.