“Urra! Biz ağıllı və normal insanlarıq – 30 ilə yaxındır torpaqlarımızın işğalına dözürük!..”
Bu günlərdə İrəvanda missiyasını başa çatdırarkən Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin azı, müəyyən hissəsini qaytarmasının zəruriliyindən danışmış ABŞ-ın işğalçı ölkədəki keçmiş səfiri Riçard Milsin fikirləri torpaqlarımızda qondarılmış separatçı rejim mənsublarını da qəzəbləndirib.
Moderator.az xəbər verir ki, Ermənistan nəşrlərindən birinə müsahibəsində qondarma rejimin oyuncaq başçısının “mətbuat katibi” adlanan David Babayan adlı məxluq Amerika diplomatının sözügedən çıxışına sərt reaksiya verib. O, ABŞ-ın Ermənistanda 3 il işləmiş səfirinə xatırladıb ki, ermənilərdə “işğal olunmuş ərazilər” anlayışı yoxdur…
Separatçı iddia edib ki, guya 1988-ci ildə Qarabağdakı ermənilər, sadəcə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşməsini istəyib. Lakin Azərbaycan onlara qarşı irimiqyaslı müharibəyə başlayıb və ermənilər Azərbaycanın ətraf 6 rayonunu ələ keçirməyə məcbur olub.
“Bizim alternartivimiz olmayıb, olsa idi, edərdik” deyən D.Babayan həyasızcasına bəyan edir:
“İndi isə deyirlər ki, bilirsizmi, bu, işğaldır və siz hansısa əraziləri qaytarmalısız. Biz kimə torpaq qaytarmalıyıq? Nəyin əvəzində? Torpaqları vədlər əvəzində verməliyik? Nədi, biz anormalıq, yoxsa başdanxarab?!.”
Separatçı liderin üzdəniraq faşist əqidəli “mətbuat katibi” yenə hardasa dağıdılmış erməni qəbirlərini və Ramil Səfərov məsələsi kimi köhnə bayatıları da banlayıb. D.Babayan Naxçıvana, hətta “Şimali Artsax”, yaxud “Getaşen” adlandırdıqları Gəncə yaxınlığındakı Çaykənd ətrafında Goranboy və Göygöl rayonları ərazisinə, yəni 1991-c ildə Azərbaycanın o vaxtkı rəhbəri Ayaz Mütəllibovun təkidi ilə sovet qoşunları və Azərbaycanın polis, “OMON” və DTK dəstələrinin iştirakıyla erməni terrorçularından azad edilmiş kəndlərə də iddialarını bir daha irəli sürüb.
P.S. Urra! Biz ağıllı və normal insanlarıq – 30 ilə yaxındır ki, torpaqlarımızın 20 faizinin işğalına dözürük!..
Sultan Laçın
araz.az xəbər portalı.