Bakının mərkəzində nəqliyyat sıxlığının qarşısını almaq üçün Abşeron yarımadasının bütün yaşayış məntəqələrindən rahat nəqliyyat və əlaqələndirmə imkanı olan ərazidə yaşıl universitet şəhərciyinin yaradılması təklif olunur. Universitet şəhərciyi Hibrid Yaşıl Dəhlizlər şəbəkəsinə bütünlüklə inteqrə ediləcək ki, bu da əraziyə aşağı sürətli nəqliyyat vasitələri ilə gediş-gəliş imkanı yaradacaq.
araz.az  bildirir  ki, yeni universitet şəhərciyində özəl və dövlət ali təhsil müəssisələri ilə yanaşı tələbə yataqxanaları, xarici tədqiqatçılar üçün qonaq evləri, professorlar və müəllimlər üçün qonaqlama və yaşayış yerləri təmin ediləcək.
 
 

Bu ideyanı şərh edən təhsil eksperti Elşən Qafarov Bakupost.az -a bildirib ki, yaşıl universitet şəhərciyinin yaradılması vacib addımdır:
“Bakı ətrafında, xüsusilə yolların kəsişdiyi və nisbətən daha az məskunlaşmanın olduğu ərazidə yaşıl şəhərcik yaradıla bilər. Düşünürəm ki, bu daha çox Qala qəsəbəsi yaxınlığında olan ərazilərdə yaradılmalıdır. Universitetlərin regionlara köçürülməsi daha effektiv olar. Bu köçürülmə həmin şəhərlərin də inkişaf etməsinə müsbət təsir göstərə bilər”.
Ekspert qeyd edib ki, universitetlərin şəhərin mərkəzindən kənar ərazilərə köçürülməsi ilə bağlı layihələr inkişaf etmiş ölkələrdə uzun illərdir ki, həyata keçirilir:
“Məsələn, Türkiyədə bir çox universitetlər ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərir. Onların bir çoxunda tələbələr üçün bütün şəraitin mövcud olduğu tələbə şəhərcikləri var. Bu tip şəhərciklər tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub”.

araz.az xəbər portalı.